Hər il milyonlarla insan ürək və damar xəstəlikləri səbəbindən həyatını itirir. Əslində ürək təhlükə yaxınlaşmazdan xeyli əvvəl müxtəlif siqnallar göndərir. Bu əlamətlər vaxtında fərq edildikdə insanın həyatını xilas edir.
İnsan orqanizminin ən vacib orqanlarından biri ürəkdir. Dünyada hər il orta hesabla 19 milyon insan ürək-damar xəstəlikləri səbəbindən vəfat edir. Hazırda dünyada 300 milyondan çox insan bu xəstəliklə yaşayır, 2 milyarddan artıq insan isə risk qrupuna daxildir. Buna görə də ürək sağlamlığının pozulduğunu göstərən əlamətlərə diqqət yetirmək həyati əhəmiyyət daşıyır.
Bəs ürək hansı hallarda SOS siqnalı verir? Ürəkdə problem olduğunu göstərən əsas əlamətlər hansılardır? Ürəyi qorumaq üçün hansı tədbirlər görülməlidir? Bu sualları Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanasınin Kardiologiya Klinikasının mütəxəssisi Dr. Ayhan Kol cavablandırıb.
Ürəyin xəbərdarlıqlarını ciddiyə almaq lazımdır
Ürək-damar xəstəlikləri dünyada ən geniş yayılmış sağlamlıq problemlərindən biridir. Lakin bir çox insanlar ürəklərində yaranan problemi vaxtında hiss etmirlər. Halbuki orqanizm təhlükə barədə əvvəlcədən xəbərdarlıq edir.
Dr. Ayhan Kolun sözlərinə görə, ürək xəstəliklərinin əsas əlamətləri bunlardır:
fiziki gərginlik zamanı yaranan sinə ağrısı;
nəfəs darlığı;
sinədə sıxılma hissi;
qəfil başlayan ürəkdöyünmə;
nəbzin normadan aşağı düşməsi.
Mütəxəssis bildirir ki, insanların əksəriyyəti ürək döyüntüsünün sürətləndiyini hiss edir. Lakin bəzi xəstələr, xüsusilə yaşlılar bunu fərq etməyə bilərlər.
Onun sözlərinə görə, yaşlı insanlarda bəzən yalnız arterial təzyiqin enməsi belə ürək ritminin pozulmasının göstəricisidir. Belə hallarda təcili yardım şöbəsində elektrokardioqram (EKQ), arterial təzyiq və digər həyati göstəricilərin yoxlanılması ürək xəstəliyinin müəyyənləşdirilməsi üçün mühüm məlumat verir.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Ürək-damar xəstəliklərinin yaranmasına həyat tərzi, irsi meyillilik və xroniki xəstəliklər təsir göstərir. Yüksək qan təzyiqi, yüksək xolesterin, siqaret istifadəsi və şəkərli diabet əsas risk amilləri hesab olunur. Lakin sağlam görünən insanlarda da qeyri-sağlam həyat tərzi səbəbindən ürək xəstəlikləri inkişaf edir.
Dr. Ayhan Kol xüsusilə sinə ağrısına diqqət yetirməyi tövsiyə edir.
Onun sözlərinə görə, əgər sinədə sıxıcı xarakterli ağrı ilk dəfə yaranıbsa, şiddətlidirsə və bir neçə dəqiqədən uzun davam edirsə, dərhal təcili tibbi yardıma müraciət edilməlidir. Ağrı qısa fasilələrlə təkrarlanırsa da, vaxt itirmədən xəstəxanaya getmək vacibdir.
Əgər təcili yardım şöbəsində vəziyyətin həyati təhlükə yaratmadığı bildirilsə belə, mütləq kardioloq müayinəsindən keçmək lazımdır.
Ürək tutmasının ən xarakterik əlaməti
Ürək xəstəlikləri deyildikdə ilk ağıla gələn vəziyyət ürək tutmasıdır.
Dr. Ayhan Kol bildirir ki, ürək tutması zamanı ən tipik əlamət sinədə güclü sıxıcı ağrıdır. Bu ağrıya bəzən soyuq tər, nəfəs darlığı və sinədə güclü təzyiq hissi də qoşulur.
Lakin yaşlı insanlar, qadınlar və şəkərli diabet xəstələrində əlamətlər fərqlidir. Onlarda ürək tutması bəzən həzmsizlik hissi, nəfəs darlığı, ürəkbulanma, nadir hallarda isə çənə və ya bel ağrısı ilə özünü göstərir.
Ürəyi qoruyan vərdişlər
Mütəxəssisin sözlərinə görə, sağlam həyat tərzi ürək xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Bunun üçün:
həftədə 4–5 gün ən azı 30–45 dəqiqə fiziki fəaliyyətlə məşğul olmaq;
sağlam və balanslı qidalanmaq;
siqaret və bütün tütün məmulatlarından uzaq durmaq;
stressi düzgün idarə etmək;
gecələr kifayət qədər yatmaq və dincəlmək tövsiyə olunur.
Bundan əlavə, 40 yaşdan yuxarı şəxslərə heç bir şikayətləri olmasa belə, ayda ən azı bir dəfə arterial təzyiqlərini ölçmək və cihazın göstərdiyi nəbz göstəricilərinə diqqət yetirmək məsləhət görülür.
Risk qrupunda olanlar peyvənd olunmalıdır
Hipertoniya, şəkərli diabet və ürək xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.
Dr. Ayhan Kolun sözlərinə görə, bu insanlar payız aylarında qrip və pnevmoniyaya qarşı peyvənd olunmalı, izdihamlı və xəstə insanların olduğu yerlərdə maska taxmalı, həmçinin qan təzyiqi və qanda şəkərin səviyyəsini mütəmadi olaraq həkim nəzarətində izləməlidirlər.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
