İyul 16, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ürək xəstələri diqqətli olsun: Fəsil dəyişiklikləri riski artırır

Fəsil dəyişiklikləri xroniki ürək xəstələri üçün gözləniləndən daha ciddi risklər yaradır. Yay aylarında maye itkisi, qışda isə soyuq havanın damarları daraltması ürəyin iş yükünü artırır. Mütəxəssislər bildirirlər ki, nəfəs darlığı, sinə ağrısı, ürəkdöyünmə və qəfil çəki dəyişiklikləri diqqətdən kənarda qalmamalıdır.

Mütəxəssislərin sözlərinə görə, mövsümi dəyişikliklər xüsusilə ürək çatışmazlığı, koronar arteriya xəstəliyi və arterial hipertoniyası olan insanlar üçün ciddi təhlükə yaradır. Bu səbəbdən həmin şəxslər ilin hər fəslində fərqli qoruyucu tədbirlər görməlidirlər.

Yayda maye itkisi əsas təhlükələrdən biridir

Yay aylarında yüksək temperatur tərləməni artıraraq orqanizmdə maye itkisinə səbəb olur. Bu isə qan təzyiqinin enməsinə, böyrəklərin fəaliyyətinin pozulmasına və istifadə olunan bəzi dərmanların təsirinin dəyişməsinə gətirib çıxarır.

Bununla belə, ürək çatışmazlığı olan xəstələrin nəzarətsiz şəkildə çox su qəbul etməsi də düzgün hesab edilmir. Gündəlik maye qəbulu mütləq həkimin tövsiyəsinə uyğun müəyyən edilməlidir.

Həkimlər ürək xəstələrinə günün ən isti saatlarında çölə çıxmamağı, sərin mühitdə qalmağı və ağır fiziki fəaliyyətlərdən uzaq durmağı tövsiyə edirlər.

Professor Tarık Kıvrak qeyd edir ki, ürək çatışmazlığı olan insanlar üçün “nə qədər çox su içilsə, bir o qədər yaxşıdır” düşüncəsi doğru deyil. Maye qəbulu hər bir xəstənin vəziyyətinə uyğun fərdi şəkildə planlaşdırılmalıdır.

Soyuq hava ürəyin yükünü artırır

Qış aylarında soyuq hava damarların daralmasına səbəb olur. Bu isə qan təzyiqini yüksəldərək ürəyin daha çox işləməsinə gətirib çıxarır və nəticədə infarkt, eləcə də ürək çatışmazlığı tutmalarının başvermə riskini artırır.

Xüsusilə yaşlı insanların və xroniki ürək xəstələrinin çox soyuq havalarda uzun müddət açıq havada qalmamaları tövsiyə olunur.

Mövsüm keçidlərində infeksiyalar da təhlükə yaradır

Fəsil keçidlərində qrip, pnevmoniya və digər infeksiyaların artması ürək xəstələri üçün əlavə risk yaradır. Bu xəstəliklər ürəyin fəaliyyətinə mənfi təsir göstərir.

Mütəxəssislər həkimin tövsiyə etdiyi peyvəndlərin vaxtında vurulmasını, əl gigiyenasına riayət edilməsini və xəstəlik əlamətləri yarandıqda gecikmədən tibb müəssisəsinə müraciət olunmasını məsləhət görürlər.

Bu əlamətlərə laqeyd yanaşmayın

Mütəxəssislər vurğulayırlar ki, fəsildən asılı olmayaraq ürək xəstələri dərmanlarını müntəzəm qəbul etməli və həkim məsləhəti olmadan dozanı dəyişməməlidirlər.

Aşağıdakı əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır:

Nəfəs darlığının artması

Sinə ağrısı

Ürəkdöyünmə

Qəfil çəki artımı və ya azalması

Gündəlik hərəkətlər zamanı əvvəlkindən daha çox çətinlik yaşanması

Mütəxəssislərin fikrincə, düzgün profilaktik tədbirlər, müntəzəm tibbi müayinələr və sağlam həyat tərzi sayəsində ürək sağlamlığını ilin bütün fəsillərində qorumaq mümkündür.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az