Gundelik.az Mədəniyyət və cəmiyyət Ürək tutmasının səssiz əlaməti ola bilər: Sinə ağrısı ilə birlikdə buna diqqət edin
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ürək tutmasının səssiz əlaməti ola bilər: Sinə ağrısı ilə birlikdə buna diqqət edin

Sinə ağrısı hər zaman sadə səbəbdən yaranmır. Mütəxəssislər qəfil başlayan, kürəyə, qola, boyuna və ya çənəyə yayılan ağrıların, xüsusilə də nəfəs darlığı, soyuq tər və ürəkbulanma ilə müşayiət olunmasının ürək-damar problemlərindən xəbər verə biləcəyini bildirirlər.

Kardioloq Dos. Dr. Emrah Özdemir qeyd edib ki, əvvəllər yaşanmayan, qəfil başlayan və getdikcə şiddətlənən sinə ağrıları ciddi qəbul edilməlidir. Ürək mənşəli ağrı adətən sinənin ortasında təzyiq, sıxılma, yanma və ya ağırlıq hissi yaradır. Lakin bəzi insanlarda ağrı daha çox kürək, mədə, qol və ya çənə nahiyəsində hiss olunur.

Kürəyə yayılan hər sinə ağrısı ürək tutması demək deyil. Əzələ-skelet problemləri, reflüks və bəzi ağciyər xəstəlikləri də oxşar şikayətlərə səbəb olur. Buna görə qəfil, çox şiddətli və alışılmadıq sinə və kürək ağrıları özbaşına qiymətləndirilməməlidir.

Mütəxəssislər hipertoniya, diabet, yüksək xolesterin, siqaret istifadəsi, artıq çəki və ailədə erkən yaşda ürək xəstəliyi tarixçəsi olan şəxslərin daha diqqətli olmasını tövsiyə edirlər. Sinə ağrısı kürəyə və ya digər nahiyələrə yayılırsa və buna nəfəs darlığı, tərləmə və ürəkbulanma qoşulursa, ağrının keçməsini gözləmədən təcili tibbi yardım çağırmaq lazımdır.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version