Günümüzdə dil və milli kimlik məsələləri ictimai və elmi müzakirələrin mərkəzində dayanır. Xüsusilə qloballaşma fonunda dillərə daxil olan yad sözlərin təsiri, ünsiyyət mədəniyyətində baş verən dəyişikliklər və türk dünyasının ortaq köklərinin unudulması kimi mövzular aktuallığını qoruyur. Gundelik.az xəbər portalı bu istiqamətdə yaranan suallara aydınlıq gətirmək üçün türkoloq alim Aytən Qurbanova ilə həmsöhbət olub. Müsahibədə həm dilimizə daxil olan xarici sözlərin milli kimliyə təsiri, həm də türk dünyasında az tanınan etnosların öyrənilməsinin əhəmiyyəti barədə maraqlı fikirlər səsləndirilir.
Dilimizdə artan yad sözlər milli kimliyə təhlükədirmi?
– Yad sözlər deyəndə biz Türkiyə türkcəsindən və ya özbək dilindən gələn sözləri bu kateqoriyaya aid edə bilmərik. Çünki Azərbaycan dili türk dilləri ailəsinə aiddir və tarixən də müxtəlif adlarla – türk dili, tatar dili, türk-tatar dili kimi tanınıb. Bu baxımdan həmin dillərdən gələn sözlər yad yox, qohum dil elementləri hesab olunmalıdır.
Lakin rus, ingilis və qismən alman dillərindən gələn sözləri xarici təsir kimi qiymətləndirmək olar. Bununla belə, mən düşünmürəm ki, bu təsir artıq milli kimliyimiz üçün ciddi təhlükə yaradır. Daha çox narahatlıq doğuran məqam bəzi sözlərin ünsiyyət mədəniyyətinə təsiridir.
Məsələn, gündəlik danışıqda və yazışmalarda tez-tez işlədilən “ok” sözü var. Bu sözün istifadəsi bəzən ənənəvi nəzakət formalarını əvəz edir. Halbuki “baş üstə”, “yaxşı”, “əlbəttə” kimi ifadələr daha uyğun və hörmətli ünsiyyət formasıdır. Bu baxımdan, müəyyən hallarda belə ifadələrin yayılması ünsiyyət etikası baxımından mənfi təsir göstərə bilər.
Amma ümumi olaraq hesab edirəm ki, bu proseslər artıq müəyyən mərhələdən keçib və milli kimliyimiz bundan sonra zəifləmək əvəzinə daha da möhkəmlənəcək. Mən bu məsələdə nikbinəm.
Elmi fəaliyyətinizdə sizi ən çox düşündürən məsələ nədir?
– Hazırda məni ən çox düşündürən məsələ türk dünyasında unudulmuş və ya az tanınan türk topluluqlarıdır. Mən bunu bir ailə modeli ilə izah edirəm: təsəvvür edin ki, böyük bir ailə var və bu ailənin üzvlərindən bəziləri zamanla unudulub, əlaqələr qırılıb. Bu gün türk dünyasında da buna bənzər vəziyyət müşahidə olunur.
Elə türk toplumları var ki, onlar haqqında geniş ictimaiyyətin demək olar ki, məlumatı yoxdur. Məsələn, Sibirdə yaşayan bəzi türk xalqları, xristianlaşdırılmış və ya müxtəlif səbəblərlə assimilyasiyaya məruz qalmış qruplar mövcuddur. Halbuki onlar da eyni etnik köklərə malikdirlər.
Sovet dövründə müxtəlif bölgələrdən olan türklər bir araya gəldikdə, bir-birilərini müəyyən dərəcədə anlaya bilirdilər. Bu isə ortaq dil və mədəni köklərin göstəricisidir. Amma bu gün vəziyyət dəyişib və bir çox insanlar bu topluluqların adını belə bilmir.
Məsələn, soyotlar, dolqanlar, teleutlar, şor türkləri, mişer tatarları və digər çoxsaylı türk etnosları var ki, onlar geniş şəkildə tanınmır. Hətta sayca çox az olan, 200-300 nəfərlik türk topluluqları belə mövcuddur.
Məni düşündürən əsas məsələ budur ki, biz bu ortaq kökləri niyə unuduruq? Axı onlar da bizim ümumi tariximizin bir hissəsidir. Bu səbəbdən çalışmışam ki, hazırladığım kitabda bu mövzuya diqqət yetirim və gənclərə bu sahədə məlumat verən bir mənbə təqdim edim.
Düşünürəm ki, bu istiqamətdə fəaliyyət genişləndirilməli, türk dünyası haqqında biliklər daha sistemli şəkildə təbliğ olunmalıdır. Bu, həm elmi, həm də milli baxımdan olduqca vacibdir.

