28 Mart tarixi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Orqanları Əməkdaşlarının peşə bayramı günüdür.
Əlamətdar gün münasibətilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat Orqanlarının əməkdaşlarını təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq!
İlk olaraq qeyd edim ki, Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə xalqına, Vətəninə və dövlətinə həsr etmişdir. Həyatının 25 ilini bu çətin, məsul və şərəfli sahədə qüsursuz xidmətdə keçirmiş, sıravi əməkdaşdan generaladək, respublika dövlət təhlükəsizliyi orqanının rəhbəri vəzifəsinə yüksəlmişdir. Özünəməxsus fitri istedadı, dərin zəkası, fiziki və mənəvi gücü sayəsində kəşfiyyat və əks-kəşfiyyat işinin bütün incəliklərini mənimsəmiş, çoxsaylı əməliyyatların təşkilində və həyata keçirilməsində fəal iştirak etmiş, şəxsi şücaətlər göstərmişdir.Dövlət təhlükəsizliyi orqanlarında ilk azərbaycanlı general kimi ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin və kommunist ideologiyasının hər cür milliliyi məhdudlaşdırdığı şəraitdə belə doğma xalqının özünəməxsusluğunun, onun müstəqillik ruhunun qorunub saxlanması, bu istiqamətdə yaradıcı fəaliyyət göstərən insanların siyasi təqiblərə məruz qalmaması üçün bütün imkanlardan istifadə etmişdir.Qədirbilən xalqını canından artıq sevən ulu öndərə olan xalq-inin məhəbbətinin sirri də məhz elə budur. Dahilərdən biri demişdir: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”
Tükənməz xalq sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi, əbədiyaşar ümummillilider Heydər Əliyevin parlaq xatirəsi daim dərin ehtiramla yad ediləcəkdir.Əslində ölkəmizdə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun illərdən sonra ilk dəfə olaraq azərbaycanlının, ulu öndər Heydər Əliyevin bu vəzifəyə gəlişi təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi.
Ümumiyyətlə, minnətdarlıq hissi ilə xüsusi vurğulanmalıdır ki, əsası müasir Azərbaycanın qurucusu ümummillilider Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq mühafizə orqanlarına, o cümlədən bu gün 106 İlliyini qeyd etdiyimiz DTX-i əməkdaşlarına hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi bugün də, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir.Qürurla qeyd edirəm ki, Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın təhlükəsizlik orqanlarının fəaliyyətində tamamilə yeni bir dövr başlanmış, bu orqanların vətənpərvər əməkdaşları xalqın iradəsinin müdafiəsinə səfərbər olmuşlar. Ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışına qədər dövlət idarəçiliyindəki xaos və naşılıq bu orqanlara sirayət etsə də, şəxsi heyətin mənəviyyatca sağlam, ideyaca milli, mahiyyətcə peşəkar qismi öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, müstəqil dövlət quruculuğu prosesində isə təhlükəsizliyin təmin edilməsində prinsipial mövqe və sədaqət nümayiş etdirmiş, ölkəmizin suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısına möhkəm sipər çəkmişlər. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dövlət təhlükəsizliyi sisteminin əsaslı şəkildə və hərtərəfli möhkəmləndirilməsi, dövlətçiliyimizin qorunması ilə bağlı təxirəsalınmaz vəzifələrin yüksək peşəkarlıqla icra edilməsi, müasir tələblərə cavab verən yeni nəsil kadr potensialının formalaşdırılması, bu məqsədlə xüsusi təhsil müəssisəsinin yaradılması, təhlükəsizlik xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və s. mühüm islahatlar kompleksinin həyata keçirilməsi ilə əlamətdar olmuşdur.
Dövlətin və xalqın təhlükəsizliyinin təmin edilməsi sahəsində Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş strateji xətt, bu xəttin uğurla reallaşdırılmasına imkan verən sağlam və mütərəqqi ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial rəhbərliyi altında uğurla davam etdirilir. Dünyanın ayrı-ayrı bölgələrində münaqişə və xaosun hökm sürdüyü, insanların faciələrə düçar olduğu, çoxsaylı yaşayış məntəqələrinin xarabazara çevrildiyi bir vaxtda Azərbaycan davamlı inkişaf, dayanıqlı sabitlik və təhlükəsizlik məkanı kimi tanınır. Bu nailiyyətin təməlində ümummilli lider Heydər Əliyev ideyalarının cəmiyyətin aparıcı mənəvi, siyasi amalı, onun layiqli davamçısı cənab İlham Əliyevin dövlətçilik fəaliyyətinin alternativsiz kursu kimi xalq tərəfindən yekdilliklə qəbul edilməsi dayanır.Qeyd etməliyəm ki, keçirilmiş son prezident seçkiləri xalqımızın yenilməz iradəsinin növbəti təcəssümü oldu.Ədalətli, şəffaf seçkilər nəticəsində yenidən xalqın mütləq etimadını qazanan cənab İlham Əliyev andiçmə mərasimində vətəndaşlarımızın inkişafa, tərəqqiyə, təhlükəsizliyə səs verdi
Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətini, şəxsi heyətin öz vəzifələrinin icrasında məsuliyyətli münasibətini daim diqqətdə saxlayan və dəyərləndirən möhtərəm Prezident cənab İlham Əliyev bu il də peşə bayramı ərəfəsində ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın dövlət mükafatları ilə təltif edilməsi barədə müxtəlif sərəncamlar imzalamışdır. Ali Baş Komandan, Prezident İlham Əliyevin qayğıkeşliyi dövlətimizin təhlükəsizliyinin etibarlı şəkildə, ayıq-sayıqlıqla qorunması üçün bu orqanda əzmlə xidmət edənlərə tükənməz mənəvi güc verir. Əslində DTX-nin yəni bu qurumun adından da bəlli olduğu kimi xususiliklə və gizliliklə aparılan bütün əməliyyatlardan sonra xəbər tutulması, onların peşəkarlıqından xəbər verir. Vurğulamaq istəyirəm ki, Azərbaycanda əsasını Ulu Öndər Heydər Əliyevin peşəkarlıqla qoyduğu DTX-nin və onun əməkdaşlarının fəaliyyətindən xalqımız çox razı və arxayındır.Beləliklə Azərbaycanda DTX-nin keçdiyi 106 ildə, onun sürətli inkişaf dövrünün, məhz Ulu öndər Heydər Əliyevin bu Quruma, Ölkəyə rəhbərlik etdiyi dövrdən başladığının şahidi oluruq.Birmənalı olaraq ölkəmizdə Dövlət Təhlükəsizlik Xidmətinın fəaliyyəti insan və onun hüquq,azadlıqlarına riayət olunması, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir.Beləliklə bütün bunlar onu deməyə əsas verir ki,bu gün artıq Ölkəmizin milli maraqlarına yönələn bütün təhdid və cəhdlərin qarşısı Prezident İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi heyəti tərəfindən bundan sonra da qətiyyətlə və uğurla alınacaqdır, ölkədə daimi sabitlik və əmin-amanlıq təmin olunacaqdır.
Sonda Ölkəmizin Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanlarının bütün əməkdaşlarını, habelə bu Qurumun Saatlı rayonunda gecə-gündüz yorulmadan, Xalqının və Dövlətinin asaişi, ictimai-siyasi sabitliyi naminə səylə çalışan əməkdaşlarını və veteranları 106 illik Peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu şərəfli xidmətlərində onlara müvəffəqiyyətlər arzulayıram.
Vüqar Məmmədov YAP Saatlı 15 saylı ƏPT-nın sədri
Gundelik.az
#HeydərƏliyev #Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Orqanları #Vüqar Məmmədov #YAP #Dövlət Təhlükəsizliyi Xidməti

