James Webb Kosmik Teleskopundan istifadə edən astronomlar Yer kürəsindən təxminən 217 işıq ili uzaqlıqda yerləşən və öz ulduzu tərəfindən sözün həqiqi mənasında qovrulan nəhəng qaz planetini aşkar ediblər. Ulduzuna təhlükəli dərəcədə yaxınlaşan bu planetin atmosferində baş verən kimyəvi dəyişikliklər kainatdakı ən ekstremal hava hadisələrinin öyrənilməsinə yeni imkanlar yaradır.
Astronomların HD 80606 b adlandırdığı bu səma cismi “İsti Yupiter” (Hot Jupiter) sinfinə aiddir. Bu sinfə daxil olan qaz nəhəngləri adətən ulduzlarına çox yaxın olur və orbitlərini bir neçə gün, hətta saat ərzində tamamlayırlar.
Lakin HD 80606 b öz sinfindəki digər planetlərdən xeyli fərqlənir. Planetin 111 gün davam edən qeyri-adi elliptik orbiti onu müəyyən vaxtlarda ulduzuna o qədər yaxınlaşdırır ki, James Webb Kosmik Teleskopunun məlumatlarına görə temperatur qəfil şəkildə 600 dərəcə Selsiyə qədər yüksəlir.
Alimlər bildirirlər ki, bu kəskin istilik dəyişməsi planetin atmosferindəki kimyəvi prosesləri tamamilə dəyişdirir və beləliklə, kainatın ən sərt şəraitlərinin öyrənilməsi üçün unikal “təbii laboratoriya” yaradır.
Atmosferdəki kimyəvi izlər araşdırılır
Araşdırma qrupunun rəhbəri, NASA-nın Jet Propulsion Laboratory əməkdaşı Tiffany Kataria və həmkarları bu ekstremal dünyanın temperaturunu və kimyəvi tərkibini öyrənmək üçün spektroskopiya adlı işıq analiz üsulundan istifadə ediblər.
Bu metod elementlərin işığı müəyyən dalğa uzunluqlarında udub yayması prinsipinə əsaslanır. Uzaq ulduzdan gələn işıq planetin atmosferindən keçərkən alimlər həmin maddələrin özünəməxsus “kimyəvi barmaq izlərini” müəyyən edə bilirlər.
James Webb Kosmik Teleskopunun orta infraqırmızı cihazı vasitəsilə aparılan müşahidələr planetin ulduzuna ən çox yaxınlaşdığı dövrdən əvvəl və sonrakı mərhələləri dəqiq şəkildə qeydə alıb.
Köhnə teleskopun mirası yeni kəşflərlə genişlənir
HD 80606 b astronomlar üçün tamamilə yeni obyekt deyil. Bu planet əvvəllər NASA-nın artıq fəaliyyətini başa vurmuş Spitzer Space Telescope tərəfindən də müşahidə edilmişdi.
Lakin təxminən 10 milyard dollar dəyərində olan James Webb Space Telescope əvvəlki məlumatlardan daha ətraflı nəticələr əldə etməyə imkan verib. Teleskop planetin atmosferində metan və karbon qazı (CO₂) kimi maddələrin izlərini aydın şəkildə müəyyənləşdirə bilib.
Tədqiqatçılar bildirirlər ki, yeni məlumatlar planetdə temperaturun gözləniləndən daha sürətli və daha kəskin artdığını göstərir. Kəşfin ilkin nəticələri American Astronomical Society Meeting çərçivəsində elmi ictimaiyyətə təqdim olunub.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
