İyul 8, 2026
Baku
Elm və təhsil İqtisadiyyat Xəbərlər

Türkiyə iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – SİYAHI

Bu ilin ilk yarısında Türkiyəyə beynəlxalq birbaşa investisiya axını 6,3 milyard dollara çatıb.

Gundelik.az Türkiyə Respublikası İnvestisiya və Maliyyə İdarəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artım deməkdir.

İyun ayı etibarilə illik investisiya həcmi isə 13,1 milyard dollar olub və bu, 2023-cü ilin mayından bəri ən yüksək səviyyədir.

İlin ilk yarısında Türkiyəyə ən çox sərmayə yatıran ölkələr sırasında Niderland birinci, Qazaxıstan ikinci, ABŞ isə üçüncü yerdədir. Onları Almaniya, Azərbaycan, İsveçrə, Fransa, BƏƏ, Böyük Britaniya və Avstriya izləyib.

Sahələr üzrə baxıldıqda, ən çox investisiya topdan və pərakəndə ticarət sektoruna yönəlib. İstehsal sektoru 27 faiz payla ikinci, maliyyə və sığorta fəaliyyəti isə 8 faizlə üçüncü yeri tutub.

İnvestisiya və Maliyyə İdarəsinin rəhbəri A. Burak Dağlıoğlu bildirib ki, qlobal qeyri-müəyyənliklərə baxmayaraq, Türkiyə sabit iqtisadi siyasəti və strateji mövqeyi ilə beynəlxalq investorlar üçün daha cəlbedici olub. Onun sözlərinə görə, 2024-cü ildə qlobal investisiyalar 11 faiz azalsa da, Türkiyə 10,2 faiz artımla 11,7 milyard dollar sərmayə cəlb edib.

Dağlıoğlu qeyd edib ki, yüksək əlavə dəyərli, texnologiya transferi təmin edən və ixracyönümlü layihələr prioritet olaraq dəstəklənir. O, qarşıdakı dövrdə də investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıb.

Gundelik.az