2009-cu il oktyabrın 3-də yaradılan Türk Dövlətləri Təşkilatı (TDT) bu gün 16 yaşını qeyd edir. Naxçıvan müqaviləsi əsasında əsası qoyulan təşkilat türk dövlətlərini ortaq məqsədlər ətrafında birləşdirərək siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə davam edir.
Türk Şurasından TDT-yə
İlk olaraq “Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası” (Türk Şurası) adı ilə fəaliyyətə başlayan qurum 2021-ci ildə İstanbulda keçirilən sammitdə “Türk Dövlətləri Təşkilatı” adını alıb. Hazırda təşkilata Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan üzv, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə müşahidəçi kimi qoşulub.
TDT-nin qərargahı İstanbulda yerləşir. Onun strukturuna Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Ağsaqqallar Şurası, Yüksək Vəzifəli Məmurlar Komitəsi və Katiblik daxildir.

Ortaq mədəniyyət və inteqrasiya
Təşkilat ortaq tarix, ədəbiyyat, əlifba, mədəniyyət və iqtisadi əməkdaşlıq layihələri ilə türk dünyasının inteqrasiyasını gücləndirir. “Türk Dünyası–2040 Baxış Sənədi” strateji hədəfləri müəyyənləşdirərək qarşılıqlı etimad, siyasi həmrəylik və iqtisadi əməkdaşlığın artırılmasını əsas prioritet kimi göstərir.
Türk Akademiyasının hazırladığı “Ortaq Türk Əlifbası” layihəsi də inteqrasiyanın mədəni yönünü əks etdirən nümunələrdən biridir.
Liderlərin mövqeyi
Prezident Rəcəb Tayyib Ərdoğan təşkilatın Avrasiya və onun hüdudlarından kənarda sabitlik və firavanlıq üçün nümunəvi platformaya çevrildiyini vurğulayıb: “Türk Dövlətləri Təşkilatı yeni səs, yeni nəfəs, yeni bir sinerji mərkəzinə çevrilir. Türk dünyası güclü dövlət ənənəsi və möhkəm ictimai quruluşu ilə yenidən oyanış mərhələsindədir.”
Regional və beynəlxalq əməkdaşlıq
TDT bu gün 4,25 milyon kvadrat kilometr əraziyə və 160 milyona yaxın əhaliyə malik üzv ölkələri ilə regional gücə çevrilib. Təşkilat BMT, ATƏT, İƏT, Ümumdünya Gömrük Təşkilatı və digər qurumlarla sıx əməkdaşlıq edir. Macarıstan paytaxtı Budapeştdə nümayəndəliyinin açılması isə onun Avropadakı nüfuzunun artmasına xidmət edir.
Yeni bayraq – ortaq irsin simvolu
2024-cü ildə Bişkekdə keçirilən zirvə toplantısında TDT-nin rəsmi bayrağı qəbul olunub. Firuzəyi mavi rəngli bayraqda aypara, səkkizguşəli Səlcuq ulduzu və günəş təsvir olunub. Bu simvol türk dövlətlərinin ortaq tarixi, mədəniyyəti və həmrəyliyini ifadə edir.
Sammitlər və yeni mərhələ
2009-cu ildən bəri təşkilat 11 sammitə ev sahibliyi edib. Növbəti – 12-ci Zirvə Toplantısı isə oktyabrın 7-də keçiriləcək. “Türk İnqilabı” şüarı ilə Qazaxıstanda baş tutan yubiley toplantısında müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb.
Ümumilikdə, son 16 ildə Türk Dövlətləri Təşkilatı yalnız dövlətlər arasında deyil, həm də xalqlar arasında birliyi möhkəmləndirərək beynəlxalq miqyasda nüfuzunu artırıb. Yeni layihələr və strateji sənədlər təşkilatın gələcəkdə Avrasiya məkanında daha təsirli güc mərkəzinə çevriləcəyini göstərir.
Gundelik.az