Donald Trampın atdığı addım bir neçə saatın içində Çinin onilliklər ərzində formalaşdırdığı münasibətləri alt-üst edib.
Gecə reydi zamanı saxlanılmasından cəmi bir neçə saat əvvəl Venesuela prezidenti Nikolas Maduro Pekindən gəlmiş yüksək səviyyəli diplomatlarla görüşü zamanı Çin lideri Si Cinpini “böyük qardaş” adlandırmış, onu “dünyaya güclü mesaj verən lider” kimi tərifləyib.
Çin neftlə zəngin Venesuelaya böyük sərmayələr qoyub və bu ölkə Pekinin Cənubi Amerikadakı ən yaxın tərəfdaşlarından biridir. Çin dövlət mediası da bunu sübut etmək üçün həmin görüşdən kadrlar yayımlayıb: kostyumlu, gülümsəyən şəxslər, iki ölkə arasında mövcud olan təxminən 600 razılaşmanı müzakirə edirdilər. Ancaq Maduronun növbəti görüntüsü tam fərqli idi – ABŞ hərbi gəmisinin göyərtəsində, gözləri bağlı, qandallanmış, boz idman geyimində.
Vaşinqtonun suveren bir dövlətə qarşı atdığı bu gözlənilməz addımı Çin də daxil olmaqla bir çox ölkə qınayıb. Pekin ABŞ-ni “dünya hakimi” kimi davranmaqda ittiham edib və “bütün ölkələrin suverenliyi və təhlükəsizliyi beynəlxalq hüquq çərçivəsində tam şəkildə qorunmalıdır” bəyanatını verib.
Bu sərt açıqlamalara baxmayaraq, Pekin təkcə Cənubi Amerikadakı mövqelərini necə qoruyacağını deyil, eyni zamanda Tramp ilə onsuz da mürəkkəb olan münasibətləri necə idarə edəcəyini də diqqətlə hesablayır. ABŞ və Çin- əsas güc sahibi ölkələr arasında rəqabət gözlənilməz və yeni bir mərhələyə daxil olduğuna görə, Çin növbəti addımlarını planlaşdırmağa çalışır.
Bir çoxları bunu Çinin avtoritar Kommunist Partiyası rəhbərliyi üçün fürsət kimi görür. Lakin eyni zamanda, Trampın Çinin illərdir uyğunlaşmağa çalışdığı beynəlxalq qaydaları bir anda pozması Pekin üçün risk, qeyri-müəyyənlik və narahatlıq da yaradır.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
