İyul 17, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Trampdan seçki sistemi tənqidi: “Manipulyasiya və korrupsiyaya açıqdır”

ABŞ Prezidenti Donald Tramp kəşfiyyat məlumatlarına əsasən, ölkənin seçki sisteminin kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə qarşı ciddi şəkildə həssas olduğunu bildirib.

Ağ Evdən xalqa müraciət edən Tramp seçki sistemi ilə bağlı məxfiliyi aradan qaldırılmış yeni kəşfiyyat məlumatlarının yayımlandığını açıqlayıb.

O bildirib ki, bu sənədlər ABŞ seçki sisteminin indiyədək düşünüləndən daha yüksək səviyyədə kiberhücumlara, sui-istifadəyə və xarici müdaxiləyə açıq olduğunu göstərir. Tramp, bu məlumatların uzun illər ictimaiyyətdən gizlədildiyini iddia edərək, keçmiş prezidentlər Co Bayden və Barak Obamanı ittiham edib.

Trampın sözlərinə görə, Çin 2020-ci ildən etibarən 220 milyon ABŞ seçicisinə aid məlumatı ələ keçirərək tarixdə ən böyük seçki məlumatı pozuntusuna səbəb olub. O, həmçinin bəzi kəşfiyyat qurumlarını Çinin seçkilərə müdaxiləsi ilə bağlı məlumatları gizlətməkdə günahlandırıb.

ABŞ Prezidenti bildirib ki, Federal Təhqiqat Bürosunun (FBI) əldə etdiyi ilkin kəşfiyyat məlumatlarına əsasən, Çinin ABŞ seçkilərinə müdaxilə fəaliyyətləri Baydenin xeyrinə qanunsuz seçki bülletenləri hazırlamaq cəhdlərini də əhatə edib.

Tramp Milli Kəşfiyyat Direktoru Ofisi və Mərkəzi Kəşfiyyat İdarəsindən (CIA) bu məlumatların niyə gizlədildiyini araşdırmağı, ört-basdır edilməsində iştirak edən şəxslərin vəzifədən uzaqlaşdırılmasını və zərurət yaranacağı təqdirdə onlar barəsində cinayət işi başlanmasını istəyib.

“Bu sistem müdafiə oluna biləcək vəziyyətdə deyil”

Trampın sözlərinə görə, Çin, Rusiya, İran, Şimali Koreya və digər dövlət və qeyri-dövlət aktorları ABŞ-ın seçki infrastrukturunu təhlükə altına salmaq imkanına malikdir.

O əlavə edib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin araşdırmasına əsasən, seçici qeydiyyatında təxminən 278 min xarici vətəndaş müəyyən edilib.

Tramp bildirib ki, bu faktlar ABŞ-ın seçki sisteminin ciddi qüsurlu və müdafiəsiz olduğunu ortaya qoyur.

“Yüz milyonlarla amerikalı seçicinin məlumatları xarici hökumətlərin əlindədir. Səsvermə maşınlarımız və səslərin sayılması sistemləri kiberhücumlara, manipulyasiyaya və korrupsiyaya açıqdır.”

ABŞ Prezidenti ölkədə təhlükəsiz və ədalətli seçki sisteminin yaradılması üçün partiyalarüstü yanaşmanın vacibliyini vurğulayıb.

O, noyabrda keçiriləcək aralıq seçkilərinin dürüst və şəffaf olması üçün Konqresi səsvermə zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsini məcburi edən və poçt vasitəsilə səsverməni məhdudlaşdıran SAVE America Act qanun layihəsini tezliklə qəbul etməyə çağırıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az