Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində ölkədə ikipalatalı parlamentin əvəzinə birpalatalı parlamentin yaradılması imkanlarının öyrənilməsini və məsələnin referenduma çıxarılmasını təklif edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Tokayev parlament palatalarının birgə iclasında bildirib ki, yaxın gələcəkdə ölkədə birpalatalı parlamentin yaradılması təklifi ilə çıxış edəcək.
“İslahatın fövqəladə xarakterini nəzərə alaraq, müzakirələr ən azı bir il davam edəcək. Bundan sonra 2027-ci ildə ümumxalq səsverməsi keçirilə və Konstitusiyaya lazımi dəyişikliklər edilə bilər”, – deyə Prezident vurğulayıb.
Tokayev qeyd edib ki, bu məsələ çox ciddi xarakter daşıyır və onu tələsik həll etmək yersizdir. O bildirib ki, islahat vətəndaş cəmiyyəti, ekspert icması və parlament tərəfindən geniş müzakirə olunmalıdır.
Prezident əlavə edib ki, əgər birpalatalı parlamentin yaradılması qərara alınarsa, belə parlament yalnız partiya siyahıları ilə seçiləcək.
“Beləliklə, Məclisin hazırkı tərkibi səlahiyyət müddətinin sonuna qədər qanunvericilik fəaliyyətinə sakit şəkildə davam edə biləcək. Senat isə ümumxalq səsverməsinin nəticələrinə yekun vurulana və yeni parlament seçkiləri keçirilənədək fəaliyyətini davam etdirəcək”, – deyə Tokayev bildirib.
O həmçinin vurğulayıb ki, siyasi partiyaların ciddi rəqabətə hazırlaşması üçün kifayət qədər vaxtı olacaq.
Qeyd edək ki, 1995-ci ildən Qazaxıstan parlamenti iki palatadan – Senat və Məclisdən ibarət fəaliyyət göstərir.
Gundelik.az
