Gundelik.az Dünya Texnologiya şirkətləri ictimai dəstəyi itirir: Sosial media qadağaları dünyada yayılır
Dünya Xəbərlər

Texnologiya şirkətləri ictimai dəstəyi itirir: Sosial media qadağaları dünyada yayılır

Keçmiş Meta əməkdaşı və şirkətin fəaliyyətini ifşa edən Arturo Bejarın dünyanın müxtəlif ölkələrində valideynlərlə apardığı görüşlər eyni narahatlığı üzə çıxarıb: Valideynlər uşaqlarının internetdən istifadə etməyə başlayacağı günü qorxu ilə gözləyirlər.

Bejar bildirib ki, indiyədək övladının internetə çıxışından narahat olmayan heç bir valideynə və ya internetdə qarşısı alına biləcək mənfi təcrübə yaşamamış heç bir gəncə rast gəlməyib.

Bu narahatlıqlar hökumətlərin də diqqətindən yayınmayıb. Böyük Britaniya sosial media platformalarına giriş üçün minimum yaş həddini 16 olaraq müəyyən etməyə hazırlaşdığını açıqlayıb. Ötən il Avstraliyanın Instagram, Facebook, YouTube, X, TikTok və Snapchat kimi platformalar üçün yaş məhdudiyyəti tətbiq etməsindən sonra bu istiqamətdə qanunvericilik təşəbbüsləri qlobal tendensiyaya çevrilib.

ABŞ-da Meta şirkətinin asılılıq yaradan məhsullar hazırlaması və platforma təhlükəsizliyi ilə bağlı istifadəçiləri yanlış məlumatlandırdığı iddiaları üzrə məhkəmə prosesləri siyasətçilərin mövqeyini daha da sərtləşdirib. Şirkət isə gənclərin psixi sağlamlığı kimi mürəkkəb problemin tək bir səbəblə izah edilə bilməyəcəyini bildirərək qərarlara etiraz edəcəyini açıqlayıb.

Böyük texnologiya şirkətləri isə məhdudiyyətlərə qarşı lobbi fəaliyyətlərini gücləndirirlər. Sektor Avropa İttifaqında lobbi xərclərini son iki ildə təxminən üçdəbir artıraraq 150 milyon avroya çatdırıb. Süni intellektlə yanaşı, sosial media qadağaları da Brüsseldə aparılan müzakirələrin əsas mövzularından biridir.

ABŞ-da da texnologiya şirkətləri uşaqların internetdə təhlükəsizliyini artırmağı hədəfləyən Onlayn Uşaqların Təhlükəsizliyi Aktına (KOSA) qarşı fəal lobbiçilik aparırlar. Məlumata görə, şirkətlər 2020–2024-cü illər arasında federal lobbi fəaliyyətlərinə ümumilikdə 260 milyon dollar xərcləyiblər.

Bununla belə, ABŞ-da ifadə azadlığını qoruyan Konstitusiya müddəaları, siyasi fikir ayrılıqları və texnologiya sektorunun iqtisadi gücü səbəbindən federal səviyyədə sosial media qadağasının qəbul olunması yaxın perspektivdə real görünmür. Donald Tramp administrasiyası da Böyük Britaniya da daxil olmaqla xarici ölkələrin texnologiya sahəsində tətbiq etdiyi məhdudiyyətləri tənqid etməyə davam edir.

Mütəxəssislərin fikrincə, Böyük Britaniyanın da Avstraliyanın yolunu tutması qlobal miqyasda mühüm dönüş nöqtəsi hesab olunur. Onların qənaətincə, texnologiya şirkətlərinin ictimai etimadı itirməsi nəticəsində siyasətçilər artıq daha çox cəmiyyətin artan narazılığına uyğun qərarlar verir və sosial media platformalarına qarşı daha sərt məhdudiyyətlər gündəmə gəlir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version