İnsan bu dünayaya gələndən gedənədək təəssüb dənizləri sahillərində dolaşar, təəssübü olmayan insan kol- kos olar, quruyub səhralaşar.
İnsanın dünyaya ilk baxdığı beşik yerinə təəssübü olar, böyüyəndə ora yekəlikdən baxmaz, beşikli günlərini danmaz.
Sonra ayaq açar, ayaqyalın qaçar, yıxılar, qalxar, üz – gözü torpağa bulaşar, o torpağı unutmaz, təəssübünü çəkər, yorulub uşaqlığına çökər.
Böyüyər məktəbə gedər, ilk müəllimi qələm tutmağı öyrədər, o “çörək yeməyənin” təssübünü çəkər.
Əsgər olar, silahıyla, qüruruyla səngərə dolar,
Səngər, sərhəd, bayraq təəssübünü çəkər.
Təəssübüylə tarixlərə qəhrəmanlıq, rəşadət rəngləri əkər.
Ali məktəbə girər, aliləşər, alim- alim müəllimlər görər, qəndsiz tələbə çayı içər, dönərə bahalı əppək kimi baxar, iyləyib ətraflnda dönər, ətsiz şorba içər, bütün bunların tələbəlik ömrünün xanaları kimi təəssübünü çəkər .
Azad həyat, işə girər, yeni yoldaşlar, hüquqlar, vəzifələr, aldığı məvacibin halallıq kölgələrində dincəlmək, düşünmək, bütün bunların iş yerinin, işinin, yoldaşının təəssübünü çəkər,
Vicdan zəmisində peşə vicdanı dənləri səpər.
İnsanın vətəni var, dağ- dağ, meşə- meşə, çayları, bulaqları, quş yuvaları, qum dənələri, hamısı vətən zərrələri, hamısı vətəndaşlıq təəssübü, dürdanələri.
Müqəddəs dövlət, uca bayraq təəssübü, qazilik, şəhidlik növbəsi, yerdən göyə rəşadət dövrəsi var insanın.
Vətəndaşlıqdan qananın.
Ana, ata, oğul, uşaq, nəvə , el- oba təəssübü var insanın,
gah qayğılı, gah da ömürə sayğılı bir borcdur, hər an əhatəndir,
Bəlkə də ən yaxın vətəndir.
Nəhayət sonluq təəsübbü olmalıdır insanın, əzrayılla görüşəndə, mərdanə gülümsəmək,
İnsan qürurunun təəssübünü çəkmək.
Bir balaca məzardan,
Bir dünyaya yüksəlmək,
Dünyalar içində öz dünyasının təəssübünü çəkmək.
Bir sözlə insan insanlığının sahillərini bilməlidir,
İnsanlıq yükünü,
İnsanlıq təəssübünü insan kimi çəkməlidir.
Sadıq Qurban oğlu Qarayev.
Gundeliki.az

