Yeni Zelandiya hökuməti 16 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır. Baş nazir Kristofer Laksonun sözlərinə görə, ölkədə 13-17 yaş aralığındakı hər üç uşaqdan biri gündə ən azı 5 saatını sosial mediada keçirir.
Hökumət sosial medianın uşaqları zərərli məzmun, asılılıq yaradan texnologiyalar və onların öhdəsindən gəlməyə hazır olmadığı təzyiqlərlə üz-üzə qoyduğunu bildirir. Bunun ailə münasibətlərinə, psixi sağlamlığa, yuxuya və təhsilə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Platformalara yeni öhdəliklər
Hazırlanan qanun layihəsinə əsasən, Instagram, TikTok, Snapchat və Facebook kimi platformalar istifadəçilərin 16 yaşdan yuxarı olduğunu yoxlamaq üçün ağlabatan tədbirlər görməli olacaq.
Yaşın müəyyənləşdirilməsi üçün hesab məlumatları, üz analizi ilə yaş təxmini, rəqəmsal identifikasiya xidmətləri və rəsmi sənədlərdən istifadə edilir.
Qaydaları pozan texnologiya şirkətləri qlobal gəlirlərinin 10 faizinə qədər cərimə ilə üzləşə bilər. Qanun layihəsinin süni intellektlə işləyən rəqəmsal dost platformalarını da əhatə etməsi planlaşdırılır.
Yeni Zelandiya bu addımla uşaqların sosial mediadan istifadəsinə yaş məhdudiyyəti tətbiq etməyə çalışan ölkələr sırasına qoşulur. Avstraliya, Çin, Braziliya, İndoneziya və Malayziya da bu istiqamətdə müxtəlif qaydalar tətbiq edib və ya planlaşdırıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

