İyul 23, 2026
Baku
Dünya Xəbərlər

Tarixdə ilk dəfə insana bənzər robotlar canlı heyvan üzərində əməliyyat həyata keçirdi

Cərrahlar tərəfindən uzaqdan idarə olunan insana bənzər robotlar donuzlar üzərində laparoskopik öd kisəsinin çıxarılması əməliyyatını uğurla icra ediblər. Tarixdə ilk dəfə baş verən bu əməliyyat insana bənzər robotların gələcəkdə cərrahiyyədə etibarlı köməkçi ola biləcəyini göstərib.

ABŞ-nin Kaliforniya Universitetinin San Dieqo (UCSD) kampusunda çalışan mühəndis və cərrahlardan ibarət tədqiqat qrupu ikiayaqlı insana bənzər robotların əməliyyat otağındakı imkanlarını sınaqdan keçirib.

Nature jurnalında dərc olunan araşdırmada bildirilib ki, insana bənzər robotlar mürəkkəb cərrahi əməliyyatlarda həkimlərə dəstək verə bilər.

Əvvəlcə robotların incə motor bacarıqları və cərrahi alətlərdən istifadə qabiliyyəti cansız obyektlər üzərində yoxlanılıb. Sınaqlardan uğurla keçdikdən sonra onlar narkoz altında olan donuzlar üzərində qapalı üsulla öd kisəsinin çıxarılması əməliyyatında iştirak ediblər.

Əməliyyat zamanı robot uzaqdan idarəetmə konsolunda əyləşən cərrah tərəfindən idarə olunub, əməliyyat masası yanında olan digər həkim isə ona kömək edib. Prosesin müəyyən mərhələsində ikinci insana bənzər robot da qısa müddətlik əməliyyata qoşulub və hər iki əməliyyat uğurla başa çatdırılıb.

Əməliyyatı idarə edən UCSD cərrahı Dr. Rayan Broderik bildirib ki, insana bənzər robotla işləmək mövcud robotik cərrahiyyə sistemlərinə çox bənzər təcrübə təqdim edib. Onun sözlərinə görə, robot cərrahi dəqiqliyi artırır, həkimin yorğunluğunu azaldır və cüzi siqnal gecikmələrinə baxmayaraq təhlükəsiz şəkildə istifadə oluna bilir.

Tədqiqatın müəlliflərindən Dr. Şanqley Liu qeyd edib ki, əvvəlki robotik cərrahiyyə platformalarının canlı heyvan üzərində əməliyyat səviyyəsinə çatması onilliklər çəkmişdi. Lakin bu layihə ideyadan praktik tətbiqə cəmi doqquz ay ərzində keçib. O, texnologiyanın inkişaf tempinin gələcəkdə daha da sürətlənəcəyini vurğulayıb.

Mütəxəssislərin fikrincə, ənənəvi robotik cərrahiyyə sistemləri ilə müqayisədə daha yığcam və daşınması asan olan insana bənzər robotlar həkim çatışmazlığı yaşanan bölgələrdə uzaqdan əməliyyatların aparılmasına imkan yarada bilər. Onların həmçinin təhlükəli ərazilərdə, tibbi imkanları məhdud yaşayış məntəqələrində və hətta kosmik missiyalarda mühüm rol oynaya biləcəyi bildirilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az