İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Təhsil xərcləri artır: bu vəsaitlər nəyə sərf edilir?

2015-ci ildə təhsilə ayrılan 1 milyard 711 milyon manatlıq xərc 2025-ci ildə 4 milyard 937 milyon 283 min manata çataraq təxminən 3 dəfəyə qədər artdı və 5 milyarda yaxınlaşdı. Ümumiyyətlə isə, 2015–2025-ci illər ərzində dövlət büdcəsindən ümumilikdə təhsilə 33 milyard 961 milyon 974 min manat ayrılıb. 

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu böyük məbləğ müəllimlərin artan əməkhaqlarına, məktəb və universitetlərin saxlanmasına, yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmirinə, dərsliklərin hazırlanmasına, laboratoriya və texnoloji avadanlıqların alınmasına yönəlib: “Eyni zamanda bu xərclərə sertifikasiya imtahanlarının təşkili və nəticəsində müəllim maaşlarının artırılması da daxildir. Yəni ayrılan vəsait təkcə mövcud təhsil müəssisələrinin saxlanmasına yox, həm də müəllimlərin peşəkarlığının yüksəldilməsinə, yeni metodların tətbiqinə və tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Amma qarşıya qoyulmuş hədəflərə nə dərəcədə nail olunur, sualına artıq bu sahənin peşəkarları cavab verməlidirlər”.

“Biz isə bir daha onu qeyd edək ki, təhsil yalnız fərdin inkişafı üçün deyil, dövlətin iqtisadi gücü üçün də strateji əsasdır. Çünki təhsilin güclü olduğu yerdə iqtisadiyyat da güclü olur, innovasiyalar inkişaf edir, rəqabət qabiliyyəti artır. Buna görə də yeni tədris mövsümündə bütün təhsil ictimaiyyətinə bir daha uğurlar arzulayırıq”, – deyə iqtisadçı fikirlərini yekunlaşdırıb.

Gundelik.az