Nvidia, OpenAI, AMD və Oracle kimi texnologiya nəhəngləri süni intellekt (AI) infrastrukturlarını gücləndirmək və qlobal texnologiya ekosistemini dəyişdirmək məqsədilə çoxmilyard dollarlıq tərəfdaşlıqlarını sürətləndiriblər.
Gundelik.az xəbər verir ki, son aylarda böyük texnologiya şirkətləri rəqabət üstünlüyü qazanmaq, innovasiyaları artırmaq və məhsuldar süni intellekti daha geniş auditoriyaya çatdırmaq üçün ardıcıl şəkildə yeni əməkdaşlıqlar və investisiya planlarını elan edirlər.
İnvestisiya bankı UBS-in hesablamalarına görə, qlobal süni intellekt xərclərinin həcmi bu il 375 milyard dollara, 2026-cı ilə qədər isə 500 milyard dollara yüksələcək.
OpenAI və AMD əməkdaşlığı: on milyardlarla dollar gəlir
ABŞ-ın yarımkeçirici istehsalçısı AMD, OpenAI ilə strateji əməkdaşlıq barədə razılığa gəlib. Razılaşmaya əsasən, AMD OpenAI-nin süni intellekt infrastrukturunu gücləndirmək üçün xüsusi prosessor çipləri təqdim edəcək. İlk quraşdırmaların 2026-cı ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır.
Razılaşma çərçivəsində AMD, OpenAI-yə 160 milyona qədər səhmini almaq hüququ verib. Əməkdaşlığın şirkətə on milyardlarla dollar gəlir gətirəcəyi gözlənilir.
Nvidia-dan OpenAI-a 100 milyard dollarlıq sərmayə
Nvidia, OpenAI-nin yeni nəsil modellərini təlimləndirmək və idarə etmək məqsədilə ən azı 10 giqavatlıq Nvidia sistemlərinin yerləşdirilməsini nəzərdə tutan strateji tərəfdaşlıq niyyəti barədə məlumat yayıb.
Bu çərçivədə şirkət OpenAI-a 100 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır. Layihənin ilk mərhələsinin 2026-cı ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.
Nvidia bu əməkdaşlığın Microsoft, Oracle, SoftBank və Stargate kimi tərəfdaşlarla mövcud əlaqələri tamamladığını və “bəşəriyyətin xeyrinə ümumi süni intellektin inkişafına töhfə verəcəyini” bəyan edib.
Intel-ə milyardlarla dollarlıq investisiya axını
Nvidia bu yaxınlarda ABŞ-ın çip istehsalçısı Intel ilə ixtisaslaşmış məlumat mərkəzləri və fərdi kompüter məhsullarını birgə inkişaf etdirmək üçün əməkdaşlıq elan edib.
Razılaşmaya əsasən, Nvidia Intel-in xüsusi x86 qrafik emal vahidlərini məlumat mərkəzləri üçün istehsal edəcək. Bununla yanaşı, Nvidia Intel-in səhmlərinə 5 milyard dollar sərmayə qoyacaq.
Eyni zamanda, ABŞ hökuməti Intel-in səhmlərinə 8,9 milyard dollar, Yaponiyanın SoftBank Qrupu isə 2 milyard dollar investisiya yatırmaq barədə razılıq əldə edib.
SoftBank-ın bu addımı “rəqəmsal transformasiyanı və yeni nəsil infrastrukturu dəstəkləyən qabaqcıl texnologiyalara çıxışı sürətləndirmək” məqsədi daşıyır.
CoreWeave və OpenAI: 22 milyard dollarlıq müqavilələr
Bulud hesablama şirkəti CoreWeave sentyabr ayında OpenAI ilə yeni müqavilə bağlayıb. Müqavilə çərçivəsində CoreWeave, OpenAI-nin ən qabaqcıl süni intellekt modellərinin təlimi üçün lazımi infrastruktur təmin edəcək.
Şirkətin OpenAI ilə ümumi müqavilə dəyəri 22,4 milyard dollara çatıb. CoreWeave həmçinin Meta ilə də əməkdaşlığa başlayaraq, 2031-ci ilə qədər şirkətə 14,2 milyard dollar dəyərində bulud xidmətləri təqdim edəcək.
Amazon və Anthropic tərəfdaşlığı
Amerikalı texnologiya nəhəngi Amazon, süni intellekt startapı Anthropic-ə daha 4 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Bununla da Amazonun Anthropic-ə ümumi investisiyası 8 milyard dollara çatıb. Anthropic, keçmiş OpenAI rəhbərləri tərəfindən qurulmuş süni intellekt şirkətidir.
Stargate təşəbbüsü: OpenAI, Oracle və SoftBank bir arada
ABŞ Prezidenti Donald Tramp, bu ilin əvvəlində süni intellekt infrastrukturuna özəl sektor tərəfindən 500 milyard dollar sərmayə qoyulacağını açıqlamışdı.
Bu təşəbbüs çərçivəsində OpenAI, Oracle və SoftBank “Stargate” adlı ortaq müəssisə quraraq ABŞ-da süni intellekt infrastrukturuna böyük sərmayə yatıracaq.
Meta və Scale AI əməkdaşlığı
Meta iyunun 12-də süni intellekt şirkəti Scale AI-ya sərmayə qoyduğunu açıqlayıb. Razılaşma nəticəsində Scale AI-nin qurucusu Aleksandr Vanq Meta-da süni intellekt layihələri üzərində işləməyə başlayacaq.
Məlumatlara görə, Meta-nın Scale AI-a yatırdığı sərmayə 14 milyard dollardan çoxdur.
Tesla və Samsung: 16,5 milyard dollarlıq çip müqaviləsi
Tesla və Samsung Electronics iyul ayında 16,5 milyard dollarlıq çip tədarükü müqaviləsi imzalayıblar.
İlon Maskın sözlərinə görə, Samsung-un Texasdakı yeni çip fabrikində Tesla üçün AI6 adlı yeni nəsil süni intellekt çipi istehsal ediləcək.
Google və Windsurf, Microsoft və Nebius əməkdaşlıqları
İyul ayında süni intellekt şirkəti Windsurf “Google” ilə müqavilə bağlayıb və şirkətin R&D komandasının bir hissəsinin Google-a keçəcəyi bildirilib.
Bundan əlavə, Nebius Group sentyabr ayında Microsoft ilə çoxmilyard dollarlıq müqavilə imzalayıb. Razılaşmaya əsasən, Nebius Nyu-Cersi ştatında yeni məlumat mərkəzi vasitəsilə Microsoft-a xüsusi hesablama tutumu təqdim edəcək.
Süni intellekt sektorunda son aylarda müşahidə edilən bu əməkdaşlıqlar qlobal texnologiya sənayesinin istiqamətini dəyişməkdədir. Sektorun nəhəngləri artıq süni intellekti gələcəyin əsas iqtisadi dayağı kimi görür və bu istiqamətdə rekord həcmdə sərmayə yatırırlar.
Gundelik.az

