Bəzən ən böyük döyüşlər səssizlikdə baş verir. Qılıncların toqquşmadığı, səs-küyün eşidilmədiyi, lakin insanın öz içində apardığı mübarizə ilə taleyinin istiqamətini müəyyən etdiyi anlar var. Müasir dövrdə döyüş sənətləri artıq yalnız fiziki güc nümayişi deyil — bu, insanın özünü dərk etməsi, daxili harmoniyanı tapması və nəfsinə qalib gəlməsi yoludur.
Bu yolun ən incə və fəlsəfi ifadələrindən biri isə aikidodur. Aikido — qarşıdurmanı dağıdan, aqressiyanı sakitliyə çevirən, gücü zorakılıqda deyil, nəzarətdə axtaran bir sənətdir. Burada qələbə rəqib üzərində deyil, insanın öz zəiflikləri üzərində qazanılır.
Gundelik.az bu dəfə oxucularını bu fərqli dünyanın dərinliklərinə aparır. Suallarımızı Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5-ci dan qara kəmər ustası Fariz Abdullayev cavablandırır.
Aikido fəlsəfəsinin əsas mahiyyətini necə izah edərdiniz? Bu sənət digər döyüş növlərindən nə ilə fərqlənir?
— Aikido sadəcə texnika deyil, o, düşüncə tərzidir. Doğrudur, dünyada aikidonun müxtəlif istiqamətləri mövcuddur və hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Azərbaycanda isə biz real aikido istiqamətini təmsil edirik. Lakin bütün bu istiqamətləri birləşdirən ortaq bir həqiqət var: insanın öz üzərində qələbəsi.
Bu sənətin mahiyyəti insanın nəfsini idarə etməsində, daxili tarazlığını qorumasında və emosiyalarını nəzarətdə saxlamasında gizlidir. Döyüş vəziyyətində isə əsas prinsip rəqibin gücündən istifadə edərək onu zərərsizləşdirməkdir — yəni qarşıdurmanı gücləndirmək yox, onu yönləndirmək.
Aikido digər döyüş növlərindən fərqli olaraq hücum üzərində deyil, müdafiə üzərində qurulub. Burada məqsəd zərbə vurmaq deyil, təhlükəni idarə etməkdir.
Real aikido isə bu fəlsəfənin müasir həyatla uyğunlaşdırılmış, praktik formasıdır. O, real situasiyalarda tətbiq oluna biləcək üsulları özündə birləşdirir. Təsadüfi deyil ki, bu sistem əsasında bir sıra ölkələrin yüksək səviyyəli mühafizəçiləri hazırlanıb. Azərbaycanda da müxtəlif güc strukturlarının əməkdaşları bu sənəti mənimsəyirlər ki, bu da onun effektivliyinin göstəricisidir.
5-ci dan qara kəmərə gedən yolda hansı çətinliklər və dönüş nöqtələri ilə qarşılaşmısınız?
— Bu yol zahirdə fiziki hazırlıq kimi görünsə də, əslində, daha çox daxili mübarizə yoludur. Hər bir mərhələ, hər bir kəmər insanın özünə verdiyi imtahan kimidir.
Mənim üçün ən böyük çətinlik həyəcanı idarə etmək olub. Hər bir imtahan, hər bir yeni pillə böyük məsuliyyət demək idi və bu məsuliyyət bəzən daxili gərginlik yaradırdı. Lakin zaman keçdikcə bu hissi düşmən yox, müttəfiqə çevirməyi öyrəndim.
Bu gün əldə etdiyim nəticələr bir dayanacaq deyil, yolun davamıdır. Çünki bu sənətdə yüksəlmək yalnız şəxsi uğurlarla ölçülmür. Yeni nəsil yetişdirmək, məktəb formalaşdırmaq və bu dəyərləri davam etdirmək əsas məqsəddir.
Sizin üçün güc nə deməkdir: fiziki qüvvə, yoxsa daxili balans?
— Mənim üçün güc ilk növbədə özünü idarə edə bilməkdir. Müasir dünyada informasiya çoxdur, amma dərinlik azdır. Sosial şəbəkələr hər kəsə söz haqqı verir, lakin bu sözlərin hamısı həqiqəti ifadə etmir.
İllərlə zəhmət çəkərək qazandığın təcrübə bəzən səthi yanaşmalarla kölgədə qalır. Belə anlarda emosiyalara qapılmamaq, sakitliyini qorumaq və yoluna davam etmək — bax, əsl güc budur.
Fiziki qüvvə zamanla dəyişir, azalır və ya artır. Amma daxili balans, iradə və səbir insanı sabit saxlayan əsas dayaqlardır. Aikido da məhz bunu öyrədir: insan əvvəlcə özünü fəth etməlidir.

Tərtib etdi: Səid Mikayılzadə
Gundelik.az