Stressin dəriyə təsir etdiyi uzun müddətdir məlumdur. Son illərdə aparılan araşdırmalar isə beyinlə dəri arasındakı əlaqənin necə işlədiyini daha ətraflı ortaya qoyub. Bu əlaqə həm dəri xəstəliklərinin müalicəsinə, həm də ümumi dəri sağlamlığı ilə bağlı araşdırmalara yeni istiqamətlər verir.
Stress sızanaqları artıra, dərinin qurumasına və həssaslaşmasına, infeksiya riskinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, ekzema, sedef xəstəliyi və qurdeşənəyi kimi dəri problemlərini ağırlaşdıra və ya tətikləyə bilər.
Londonda fəaliyyət göstərən psixodermatologiya mütəxəssisi, doktor Alia Ahmed bildirir ki, dəri həm fiziki, həm də emosional stressdən təsirlənir.
Psixodermatologiya dəri xəstəlikləri ilə psixoloji vəziyyət arasındakı əlaqəni araşdıran və son illərdə inkişaf edən sahədir. Ahmed pasiyentlərini müayinə edərkən yalnız fiziki əlamətlərə deyil, onların ruh halına, narahatlıq səviyyəsinə, yuxu, qidalanma və fiziki aktivlik vərdişlərinə də diqqət yetirir.
Stress dərini necə təsir edir?
Beyin və dəri embrionun inkişafının ilkin mərhələlərində eyni hüceyrə qrupundan formalaşdığı üçün bir-biri ilə sıx əlaqəlidir.
Stress keçirdikdə beyin kortizol və adrenalin kimi hormonların qana ifraz olunmasına səbəb olan reaksiyalar zəncirini işə salır. Kiçik miqdarda bu hormonlar bədənin “mübarizə və ya qaç” reaksiyasını təmin edir, ayıqlığı artırır və qarşıdakı işlərin öhdəsindən gəlməyə kömək edir.
Lakin stress uzunmüddətli olduqda bu hormonların və digər kimyəvi maddələrin təsiri dəridə iltihabı artıra və mövcud xəstəlikləri ağırlaşdırır.
Stress həmçinin dərinin xarici qoruyucu baryerini zəiflədir. Nəticədə dəri daha çox nəm itirir, polen və ətir kimi qıcıqlandırıcı və allergen maddələrin dəriyə nüfuz etməsi asanlaşır. Bu isə quruluq və həssaslığa səbəb olur.
Stress zamanı dəridə mikroblarla mübarizə aparan antimikrob peptidlərin səviyyəsi də azalır. Bu vəziyyət infeksiya riskini artırır.
Sızanaqlar arta bilər
Stressin sızanaqları ağırlaşdıra biləcəyinə dair bəzi sübutlar var. Bunun səbəblərindən birinin dəridə məsamələri tıxaya bilən yağlı maddə olan sebumun ifrazının artması olduğu düşünülür.
Stress yuxunu da pozur. Keyfiyyətsiz yuxu isə dərinin özünü bərpa etmə prosesinə mənfi təsir göstərir.
Qaşınma və stress bir-birini gücləndirir
Stress siqnalları dəri hüceyrələrinin histamin kimi qaşınmaya səbəb olan maddələr ifraz etməsinə gətirib çıxarır. Beləliklə, “qaşınma–qaşıma” dövrü yaranır.
İnsan qaşınan nahiyəni qaşıdıqca dəri daha çox zədələnir və qaşınma güclənir. Bu vəziyyət əlavə stress yaradır və stress də qaşınmanı yenidən artırır.
Xüsusilə ekzema kimi qaşınan dəri xəstəliklərində bu dövr həyat keyfiyyətinə ciddi təsir göstərir. Dəri problemi insanın sosial münasibətlərinə və emosional vəziyyətinə təsir etdikcə stress artır, bu da öz növbəsində dəri problemini daha da ağırlaşdırır.
Stressi azaltmaq kömək edə bilərmi?
Yale Universitetinin psixiatriya, nevrologiya və uşaq sağlamlığı professoru Rajita Sinha bildirir ki, stress insan onun üzərində nəzarət edə bilmədiyini hiss etməyə başladıqda daha zərərli olur.
Bu zaman baş ağrısı, mədə problemləri, unutqanlıq, əsəbilik və yuxu çətinliyi kimi əlamətlər yaranır.
Mütəxəssislər stresslə mübarizə üçün sosial dəstək almağı və fiziki aktivliyi artırmağı tövsiyə edirlər. Bəzi araşdırmalar müntəzəm idmanın kortizol səviyyəsini azaltmağa, intensiv fiziki aktivliyin isə stress zamanı kortizolun yüksəlməsini zəiflətməyə kömək edə biləcəyini göstərir.
Digər tövsiyə olunan üsullardan biri diqqətlilik meditasiyasıdır. Araşdırmalar onun müntəzəm tətbiqinin beynin planlaşdırma və qərarvermə kimi yüksək səviyyəli funksiyalarında iştirak edən prefrontal korteksin fəaliyyətinə və digər beyin bölgələri ilə əlaqələrinə müsbət təsir göstərə biləcəyini göstərir.
Diqqətlilik əsaslı müalicə üsulları bəzi dəri xəstəlikləri zamanı pasiyentlərin həyat keyfiyyətinin və fiziki əlamətlərinin yaxşılaşmasına da kömək edir. Məsələn, sədəf xəstəliyi olan insanlarla aparılan bir araşdırmada əsas müalicə ilə yanaşı diqqətlilik terapiyası alan iştirakçılarda daha yaxşı nəticələr müşahidə edilib.
Həqiqətən stressdən uzaqlaşa bilirsinizmi?
Doktor Ahmed pasiyentlərinə stressi azaltmaq üçün müxtəlif üsulları sınamağı və hansının onlara daha çox kömək etdiyini müəyyənləşdirməyi tövsiyə edir.
Bu üsullar yatmazdan əvvəl rahatlama məşqlərindən tutmuş gəzinti zamanı diqqəti indiki ana yönəltməyə qədər dəyişir.
Lakin mütəxəssis həqiqətən rahatlamağın göründüyü qədər asan olmadığını vurğulayır.
Məsələn, bəzi insanlar idman zalına getməyin və ya hər gün gəzməyin onları rahatlaşdırdığını düşünür. Lakin daha ətraflı söhbət zamanı məlum olur ki, onlar bu fəaliyyətlər zamanı belə iş, ailə və digər məsuliyyətlər barədə düşünməyə davam edirlər.
“Zehninizin də bu fəaliyyətlər zamanı dincəlməyə ehtiyacı var”, – Ahmed bildirir.
Böyük mənzərə
Doktor Ahmedə görə dəri sağlamlığı üçün yalnız stressin azaldılması kifayət deyil. Düzgün dəriyə qulluq, zəruri tibbi müalicə, sağlam qidalanma, keyfiyyətli yuxu və ümumi həyat tərzi də nəzərə alınmalıdır.
Bu vərdişlərin davamlı şəkildə qorunması dərinin vəziyyətində tədricən yaxşılaşmaya kömək edir. Eyni zamanda insan dəri problemlərini tətikləyən digər amilləri daha asan müəyyənləşdirir.
Psixodermatologiyanın bütöv yanaşması yalnız dəri sağlamlığına deyil, ümumi psixoloji vəziyyətə də müsbət təsir göstərir. Ahmed pasiyentlərinin dəri problemləri ilə yanaşı, əhval-ruhiyyələrinin də yaxşılaşdığını bildirdiklərini qeyd edir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

