İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“SpaceX”dan 17 milyard dollarlıq müqavilə

İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti “EchoStar Corp.”dan tezlik lisenziyalarını 17 milyard dollara əldə edəcək.

Gundelik.az xəbər verir ki, “EchoStar”ın yaydığı məlumata görə, müqavilə çərçivəsində SpaceX ödənişi 8,5 milyard dollar nağd pul və 8,5 milyard dollar dəyərində səhmlərlə həyata keçirəcək.

Şirkət bildirib ki, sövdələşmədən əldə edilən gəlir əsasən borcların ödənilməsinə və gələcək inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək. Razılaşmaya əsasən, SpaceX 2027-ci ilin noyabrına qədər EchoStar-ın təxminən 2 milyard dollarlıq borcu üzrə faizləri də ödəyəcək.

Müqavilənin qüvvəyə minməsi üçün bütün tənzimləyici orqanların təsdiqi gözlənilir.

Bundan əlavə, tərəflər arasında uzunmüddətli kommersiya sazişi də imzalanacaq. Bu saziş EchoStar-a məxsus Boost Mobile operatorunun abunəçilərinə 5G vasitəsilə Starlink peyk internetinə birbaşa qoşulmaq imkanı yaradacaq.

Xəbərin açıqlanmasının ardından “EchoStar”ın səhmləri premarket ticarətində 22% bahalaşaraq ilin əvvəlindən üçqat artım göstərib.

Qeyd edək ki, EchoStar avqust ayında ABŞ-nin “AT&T Inc.” şirkətinə spektr lisenziyalarını təxminən 23 milyard dollara satdığını elan etmişdi.

Gundelik.az