Gundelik.az Elm və təhsil Ədəbiyyat Söz mülkünün Xaqanı-Xaqani Şirvani
Ədəbiyyat

Söz mülkünün Xaqanı-Xaqani Şirvani

     Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların yaratdığı sənət əsərləri tək öz xalqının deyil, bir çox xalqların fikri inkişafına təsir göstərərək, əsrimizə qədər yaşamış və öz müəlliflərinin şərəfli adını yaşatmışdır. Dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani də dünya ədəbiyyatının belə ölməz simalarındandır. Əfzələddin Xaqani Şirvani təkcə Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-içtimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi məqamları ilə birincisidir.

  Həyat və yaradıcılığı

  İstəmirəm adımı çağıralar Xaqani.

   Mən yoxsullar şairi, Xəlqaniyəm,

                                   xəlqani                  

          Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairlərindən biri, dünya şöhrətli Əfzxələddin İbrahim ibn Əli Nəccar Xaqani Şirvani 1126-cı ildə (hicri təqvimi ilə 520-ci ildə) Şamaxı yaxınlığındakı Məlhəm kəndində anadan olmuşdur. Xaqani yoxsul-zəhmətkeş, hörmətli bir ailədə böyümüşdür. Onun ruhən dəbdəbəyə, cah-calala, şah sarayına bağlana bilməməsinin bir səbəbi də belə bir ailədən çıxmasıdır. Şair kasıb ailədə doğulmasına baxmayaraq o ziyalı çevrəsində dünyaya göz açmış və mükəmməl təhsil almışdır. Şairin babası toxucu, atası dülgər, əmisi və əmisi oğlu isə həkim və filosof idilər.  Xaqani dini müxtəlifliyə də yaxından bələd olmuşdur. Çünki onun anası xristian qızı idi. Ərə getdikdən sonra dinini dəyişib, İslamı qəbul etmişdir. Anasının atası sərkərdə, babası isə möbüd idi. Atası, oğlu İbrahimi (Xaqanini) də dülgər etmək istəyir, onun təlim-tərbiyəsinə az diqqət yetirirdi. Əmisi Kafiəddin Ömər ibn Osman onu körpəlikdən öz himayəsinə götürür. Quranı, dilçiliyi, ədəbiyyat, riyaziyyat və başqa yazıları öyrədir.  Xaqani ərəb və fars ədəbiyyatını mükəmməl öyrənmiş, öz müəllimi Əbul-ula Gəncəvi vasitəsi ilə Şirvanşah sarayına dəvət olunmuşdur. Xaqani gözəl istişarə və təşbeh ustasıdır. Bununla yanaşı şairin yaradıcılığında mədhiyyələr də geniş yer tutur. Şair həmçinin mürəkkəb bir şairdir. Bir çox hallarda onun sözlərini anlamaq çətindir. Fars dilində yazıb-yaratmış “Töhfətül-İraqeyin” əsəri ilə Azərbaycan ədəbiyyatında poema janrının əsasını qoymuşdur. Xaqani dünyanı kəşf etməyə, dərindən öyrənməyə böyük həvəs göstərirdi. Kiçik yaşlarından Xaqani əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsində böyüyüb boya-başa çatmış, hələ  gənc yaşlarında dağ çeşməsi kimi çağlayan nadir poetik istedadı, yeri gəldikdə bədahətən, özü də izahlı və mənalı şeir demək hünəri onu hələ onsəkkiz yaşında ikən o zamanın yaxın-uzaq ölkələrdə sayılan dövlətlərindən olan Şirvanşahlar səltənətinə gətirmişdir. Bu parlaq istedad Məniçöhrün xüsusi fərmanı ilə dövrünün ədəbi içtimai mühitində ən ali məqam sayılan “Xaqani” təxəllüsünə layiq görülmüşdür. Xaqani dünyanı kəşf etməyə, dərindən öyrənməyə böyük həvəs göstərirdi. Belə ki, o, Şirvanşahın qəzəbinə tuş gələcəyinə məhəl qoymadan  Xorasana və dövrünün ədəbiyyat mərkəzi hesab olunan Bağdada səfər etmiş, burada “Töhfətul-İraqeyn” poemasını və məşhur divanını yazmış, sonralar isə “Mədain xərabələri” qəsidəsini yazmağa müvəffəq olmuşdur. Şair İsfahandan keçərkən bu şəhəri tərənnüm edən şeirlər yazmışdır. Xaqaninin sosial və emosianal fenomenlərdən  təsirlənərək yaratdığı “Xəmt-əl Qəraib” və “Münşəat” da onun məşhur divanına daxildir. Bu səfərdən qayıtdıqdan sonra Xaqani ilə  Şirvanşah arasında böyük problemlər yaranır, şair həbsxanaya düşür. Xaqani “Həbsiyyə” şeirini də bu dövrdə qələmə almışdır. İkinci Həcc səfərindən sonra Xaqani öz oğlunu və həyat yoldaşını itirmiş, bütün bunlar onu tərki-dünyalığa və ruh düşkünlüyünə düçar etmişdir. Həyatının son illərində Təbrizə köçmüş böyük şair 1199-cu ildə (hicri tarixinin 529-cu ilində Təbrizdə vəfat etmiş və buradakı Məqbərətüs-şüəra qəbristanlığında dəfn olunmuşdur. Onun qəbri indi də durur. Nizami Gəncəvi şairin ölümündən sonra ona mərsiyə yazır.

Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar

Heyf, Xaqaniyə mən mərsiyə yazdım axır.

Ölümündən sonra onun poetik üslubu Əmir Xosrov Dəhləvi, Cami və s. kimi bir çox məşhur şərq şairləri üçün örnək təşkil etmişdir. Azərbaycan klassikləri  kimi, Xaqani Şirvani də fars ədəbiyyatına daxil edilir. Buna baxmayaraq şairin Avropada tanınması işində ingilis  şərqşünasların xidmətləri əlbəttə, inkaredilməzdir. Onların tədqiqlərində yeri gəldikcə  şair haqqında yeni  fikir və mülahizələrə təsadüf edilir.   Xaqaninin məşhur “Töhfətül İraqeyn” əsəri, eləcə də bir sıra qəsidə və qəzəllərinə E. Braunun verdiyi təhlil diqqəti cəlb edir.

  Min ildən artıq ədəbiyyat tarixinə malik olan Azərbaycan xalqı dünya şöhrəti qazanmış bir çox klassik söz ustadları yetişdirmişdir. Xətib Təbrizi, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Nəsimi, Əssar, Füzuli, Xətai, Saib kimi orta əsr klassik şairlərimiz içərisində Əfzəlddin Xaqani Şirvaninin özünəməxsus yeri vardır. Xaqani Şirvanin  anadan olmasından 890 il keçir. Bütün bu vaxt ərzində şairin biri-birindən gözəl əsərləri Yaxin və Orta Şərq xalqlarının dərin marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə klassik şairlər nəzirələr, bənzətmələr yazmışdır. Xaqaninin “Divan” və “Külliyyat”ı əsrlər boyu məhşur xəttatlar tərəfindən üzü köçürülə-köçürülə yayılmış, dünyanın kitab xəzinələrinin bəzəyi, öz dövrünün şeir və sənət aşiqlərinin dillər əzbəri ola-ola, bizə qədər  gəlib çatmışdır. Xaqani böyük bir ədəbi irs qoyub getmişdir. Şərq poetikasının bütün xüsusiyyətlərini əhatə etmiş, şairin bədii-estetik, siyasi, içtimai və fəlsəfi fikirlərinin inikası kimi Azərbaycan ədəbiyyatının ən diqqətəlayiq abidələrindən biri kimi tanınmışdır. Ə.Xaqani hələ kiçik yaşlarından elmə, sənətə ciddi maraq göstərmiş, öz dövrünün görkəmli təbibi və filosofu olan əmisi Kafiəddin Ömər ibn-Osmanın təlimi sayəsində gözəl şeirlər yazmışdır. Şairin yaradıcılığı çox şahəlidir.

 Xaqani Şirvani yaradıcılığında mühüm yer tutan əsərlərindən biri də onun “Töhfətül-İraqeyn” poemasıdır. Təəssüf ki, bu maraqlı əsərin düzgün mətni əlimizdə yoxdur. Xaqani Şirvani  “Töhfətül-İraqeyn” əsərini təxminən 36 yaşında, 1156-cı ildə yazmışdır. Bu əsərin aydın bir sujet xətti yoxdur. Əsər, şairin hər iki İraqa (İraqi-ərəb, İraqi-əcəm) səfəri zamanı təsadüf etdiyi şəxsiyyətlərin tərifi, şahidi olduğu hadisələrdən aldığı təəssüratın tərənnümündən ibarətdir. “Töhfətül-İraqeyn” Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum səyahət əsəridir. Burada Xaqaninin səfər zamanı olduğu şəhərlər, gördüyü xalqların içtimai vəziyyəti, təbiət mənzərələri  və s. təsvir edilir. XII əsrdə Yaxın Şərqdə olan bəzi dövlət xadimlərinin, mədəni adamların adları çəkilir və yazıçının şəxsi tərcümeyi-halına aid olduqca mühüm məlumat verilir. “Töhfətül-İraqeyn” əsəri dilinin sadəliyi və məzmunun aydınlığı  etibarı ilə Xaqaninin qəsidə, qəzəl,  mərsiyə və rübailərindən  əsaslı surətdə fərqlənir. Bu əsər əsasən 4  hissəyə bölünür.

  1. “Töhfətül-İraqeyn” də şairin tərcümeyi-halını izah edən cəhətlər;
  2. İraqeyn şəhərinin ( Bağdad, Şam, Mədinə) Kuhistan və s. təsviri;
  3. Tarixi simalar haqqında verilən məlumatlar;
  4. Fəlsəfi motivlər.

Xaqani Şirvani tarixi şəxsiyyətlərlə çox bağlı olan bir simadır. Hindistandan tutmuş İraqeynə qədər Yazın Şərqin bir çox şair və alimləri Xaqanini tanımış, onunla məktublaşmış və ona hörmət etmişlər. Odur ki, şair “Töhfətül-İraqeyn”də səyahəti zamanı tanış olduğu müxtəlif əqidəli, müxtəlif dünyagörüşünə malik çoxlu mədəniyyət adamları haqqında söhbət açır, bunlardan bir çoxunu etiramla tərif edir. O, Həmədanı təsvir edərkən Həmədan alimi Məcdəddin Xəlili, Fəxrəddini, İmadəddini  tərif edir və Həmədanda təşkil edilmiş alimlər məclisi haqqında danışır. Bağdadı təsvir edərkən şair o dövrün Bağdad alimləri Şəhabəddin Əbu-Nəsr Yusif Diməşqin, onun qardaşı Fəxrəddin Diməşqini, alim İzzəddin Əşəri və Ziyəddin Əbu Nəhifi tərifləyir. “Töhfətül-İraqeyn” də  Xaqaninin elmi-fəlsəfi və didaktik fikirləri də müəyyən dərəcədə ifadə edilmişdir. Bu fikirlər əsas etibarı ilə şairin Xızrla söhbəti zamanı özünü göstərməkdədir. Şərq ədəbiyyatında və folklorunda yeri gəldikcə yaşıllıq, bahar və çiçək simvolu kimi, dəniz fəlakətinə düşənlərin xilaskarı kimi xatırlanan əfsanəvi Xızrı şair tamamilə yeni bir sifətdə təsvir edir. “Töhfətül-İraqeyn” əsərində  Xızr səhər günəşi və ağıllı nəsihətlər verən müdrik bir sima kimi təsvir edilir. Xaqaninin  “Divan”ında da Xızrla əlaqədar fikirlərə çox rast gəlirik. Məsələn;

           Sübh dəman duş Xızr bər dərəm aməd betab.

           Kədr be avaz-e nərm səbbəhəkəlləh xetab.

“Dünən sübh çağı Xızr ( günəş) nura bürünərkən qapıma gəldi, mehriban səslə mənə “sabahın xeyir”-dedi”. “Töhfətül-İraqeyn” əsərində  də Xızr (günəş) sübh vaxtı Xaqaninin qapısını açaraq daxil olur. Xaqani Şirvani bu vaxt təfəkkür aləmində olduğunu yazır.

                        Gözümü dünyaya açarkən səhər

                        Al-əlvan don geymiş gördüm üfüqlər.

                        Bir səhər nəfəsi, bir aşiq ahı

                        Duydum, seyr edəndə gülən sabahı.

                        Səhərin bayrağı yüksələn zaman

                        Birdən daxil oldu Xızr qapımdan.

Bu xəyali Xızrla şair arasında cərəyan edən söhbət çox maraqlıdır. Bir bədii vasitə kimi  şair, Xızrla söhbətdən istifadə edərək öz sənətkarlığını yüksək qiymətləndirir, dünyanın quruluşu haqqında fikir söyləyir və zəmanədən şikayətlər edir.  Şair Xızrın dili ilə öz zəmanəsinə belə qiymət verir:

                        İndi, bax, zəmanə korlanmışdır, ah!

                        Cəmşid qul olmuşdur, kor dev- padşah.

                        Get bu şər qapıdan, Xaqani, Hökmən-

                        Haqqın dərgahına pənah apar sən!

Xaqani Şirvani Xızrın dili ilə “get bu şər qapıdan” dedikdə Şirvanşah Axsitanın sarayını nəzərdə tutur. Sonra dünya quruluşu haqqında verdiyi suala cavab olaraq Xızr (yəni Xaqani özü) fələklərin ağıl və fəhmindən uzaq olan sirlərini bilməyin çətin olduğunu deyir və geosentrik nəzəriyyə irəli sürərək, yerin şərafətindən söhbət açır.

                        Qəza pərgarını sancıb dərinə,

                        Qoydu ilk nöqtəsini yer üzərinə.

                        Hər xət bir nöqtənin təkamülüdür,

                        Kainat yer ilə şərafətlənir.

                        Torpaq cövhəridir bu kainatın.

                        Torpaq xəzinəsidir cəvahiratın.

                        Dünyanın beşiyi olmuş bu torpaq.

                        Mənalar torpaqdan doğmuşdur ancaq.

                        Əgər öz meylini salsan sən yerə,

                        Artar şərafətin birə min kərə.

Bu sözlərin ardınca deyilir ki, torpaq üzərində yetişən insan öz ağlı sayəsində günəş məqamına yüksələ bilər. Şair bu fikri başqa bir yerdə daha açıq söyləyir:

                        Ağlın mayasında bir zərrə ikən,

                        Yenə də ağlımla günəş oldum mən.

Fikrimizi yekunlaşdırıb deyə bilərik ki, “Töhfətül-İraqeyn” sadəcə bir səyahətnamə olmayıb, eyni zamanda, şairin tərcümeyi-halını, elmi-fəlsəfi görüşlərini şəhr edən, XII əsr tarixi şəraiti haqqında müəyyən məlumat verən, çox maraqlı poemadır. Bu poemaya Xaqaninin özü tərəfindən nəsrlə yazılmış  müqəddimə isə xüsusi əhəmiyyətə malikdir ki, bu barədə danışmaq vacibdir.

  Şairləri qartala bənzədirlər. Axı, qartallar zirvədə yaşayır, şairləri də, yüksəklik həmişə özünə səsləyir. Axı, qartallar mavi səmalarda süzüb yerə, insanlara, həyata tamaşa eləməkdən həzz alırlar. Şairlər də həyatın fövqündə dayanıb həyata baxır. Onlar həyata uzaqdan baxmaq istəmir. Azərbaycan milli mədəniyyətini min bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gur işıq saçanların, öz şəkli, öz adı və öz səmti olanlardan biri də  Əfzələddin Xaqani Şirvanidir. Xaqani bizə xalqın ürəyindən axıb gəlmişdir. Onun həmişəcavan poeziyası şeir aşiqlərinin qəlbində, dilində doqquz əsrə yaxındır ki, ömr sürüb, damcı-damcı bir yerə toplanıb və bugün bizim gördüyümüz ümmanı yaradıbdır.

  Möhtərəm qonaqlar! Gəlin biz də dahi sənətkar, böyük insan, Yaxın şərqin ilk intibah carçılarından olan Xaqani Şirvaninin məhz bu vüqarlı, əzəmətli, iradəli obrazı qarşısında başımızı əyməklə, bir daha onun ölməz  yaradıcılığına öz qədirşünas münasibətimizi bildirək!

  Şamaxı ədəbi mühitində öz gözəl şeirləri ilə artıq diqqət mərkəzində olan 18 yaşlı şairin sorağı Şirvanşahlar sarayına çatır və gələcək qaynatası, məlikküşşüəra Əbül Üla Gəncəvinin tövsiyyəsi ilə o, sarayda fəaliyyətə başlayır. İlk çağlarda şairin qarşısında böyük yaradıcılıq  imkanları açılır. O, əla bildiyi ərəb, fars və türk dillərində  saray kitabxanasında mövcud olan qiymətli ədəbi və elmi əsərləri acgözlüklə oxuyur, öyrənir, məhəbbət şeirlərini, mədhiyyələrini yazır, maddi cəhətdən təmin olunur. Ona bir şair kimi ən yüksək zirvədə durduğunu təsdiq edən “Xaqani” təxəllüsü verilir.

 Ədəbiyyatımızı dərin ümmana oxşatsaq, Xaqani  poeziyası onun qoynunda böyük bir etiqad və inamla uzaqlara üzən, qərinələrin tufanında sarsılmayan əzəmətli bir gəmidir. Xaqani bu şeiriyyətin uzaq görən, çox məharətli, qasırğalara dəyanətlə köks gərən müdrik bir kapitandır. Xaqaninin dili olduqca sadə, ahəngdardır. Şeir dilimizin saflığı onun adı ilə möhkəm bağlıdır.

  X.Şirvani vətənini dərin bir məhhəbbətlə sevən bir şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bu günə qədər sevilir və hər bir gəlcək nəslə örnək və nümunədir. Şairin yazdığı “Savalan dağının tərifi” vətənpərvərlik mövzusunda yazılmış öz qiymətli fikri-bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərdir.

            Şamaxı! Ey mənim sevimli yurdum,…

və ya

            Ümidim, pənahım Təbrizdir, Təbriz,

            O şəhər də mənə mehriban, əziz…Bəli, gözəl, səmimi kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şirvana, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Lakin sona doğru əsərdə ikinci bir motiv-Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya peyvənd edir, nəticədə həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük  Azərbaycan mövzusuna qovuşur və bundan qürur duyur.

 Xaqaninin bu könüloxşayan beytləri indi hamımızın ən həssas duyğumuza çevrilmiş  Cənubi Azərbaycan probleminə dair cildlərlə kitabın epiqrafı olacaq dərəcədə aktual, təbii və ahəngdar səslənir. Şimali Azərbaycanla Cənubi Azərbaycan bir-birinə ədəbilik bağlayan bu canlı atributlar (Şamaxı ana, Təbriz ata, şair isə bir qədər ərköyün təbiətli əziz övlad) Azərbaycanımızın vəhdətini tərənnüm etmək baxımından dahi Xaqaninin əsrlərin arxasından həm o tayda nəsillərimizə vüqarla təqdim etdiyi təkrarsız mənəvi ərməğandır.

  1. Şirvani yalnız Azərbaycanın yox, bütün Yaxın Şərq ədəbi-içtimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

   Şair xalqın ehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı və şairin bir çox misralarını doğuran da məhz bu yanğı idi. Xaqani Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olmuşdur.

Xaqani indi də bizim müasirimizdir. Onun şeiri öz bədii-estetik dəyərini, içtimai ruhunu daim saxlayır, yüksək ideallar uğrunda mübarizədə bizimlə addımlayır. Xaqani poeziyası özündən sonrakı ədəbi prosesə ciddi

təsir göstərmişdir. Xaqani öz dövrü üçün əsl yenilikçi sənətkar olmuşdur. Ədəbiyyatımızın Xaqani mərhələsi şeirdə xəlqiliyin, realistik təsvirlərin qüvvətlənməsi, canlı xalq dilinin ədəbi dilə nüfuz etməsi ilə səciyyələnir.

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu  barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-səda olan, ayrılan cizgiləri birləşən, vəhdət yaradan cəhətlərdən olduqca az olan iki qüdrətli poetik hisdir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, nadanlığa qarşı eyni mövqedən atəş açır, eyni ideallarla çıxış edirlər.

 Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün hünərsiz, nadan hakimlərindən  şikayətlərdə həmrəy və həmfikirdirlər. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. İnsana zidd baxış, görüş və ehkamların inkarıdır. İntibah dünyagörüşünün  orta əsr şəri, eybəcərliyi qarşısındakı dəhşətidir. Xaqaninin “Töhfətul-İraqeyn”, “Mədain xərabələri”  və başqa əsərlərində, Nizaminin “Xəmsə” sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq.

 Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki əsas elmlərə yaxşı bələd olduğu meydana çıxır. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət  Xaqaninin elmləri necə dərindən bildiyi haqqında belə yazır: “Xaqani Şirvani” öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən hikmət, heyət, nücum, musiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar vardır; o, tarixi də gözəl bilirdi.

  Xaqani Şirvani qəsidələrinin birində bu haqda bildirir.

                        Kodam elm kəzu əql-e mən nəyaft əsər,

                        Beyazam məra ta  bebini acarəm.

“O hansı elmdir ki, mən onu bilmirəm?  -məni sınamaq istəyirsən,  əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək demişdir: “Mən  elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”.

 Xaqaninin təkcə nücum elminə dair XII əsr astrologiyasına tamamilə müvafiq olan təbir və fikirləri onun bu elmlə nə qədər mükəmməl bələd olduğunu aydın göstərir. Xaqaninin  nücum elminə yaxşı bələd olduğu üçündür ki, ulduzların hərəkətinin  küreyi-ərzə və ya insan taleyinə xeyir və zərər verəcəyinə inanmamışdır. Şair “elm” dedikdə yalnız “dini elmləri” deyil, eyni zamanda dövründəki dəqiq elmləri, təbiət elmlərini də nəzərdə tuturdu.

Xaqaninin elmə verdiyi yüksək qiymət onun  “Töhfətul-İraqeyn” əsəri ilə məhdud qalmayıb, “Meratussəfa” adlı “Xorasanyabəm” rədifli və s. qəsidələrində, qəzəl, qitə, və rübailərində də dəfələrlə öz ifadəsini tapmışdır. Onun dini ehkamlara tənqidi  münasibəti də elmə yüksək qiymət verməsi ilə üzvü surətdə bağlıdır. Xaqani Şirvani Azərbaycan qadınlarının hüquqsuzluğunu, qara çadra altında keçən həyatını ölümdən betər sayır, onların halına acıyırdı. Şair qadınlığa olan münasibətini kiçik qızının ölümü  münasibəti ilə  yazdığı qitədə belə ifadə edir:

                        Yenicə doğulan qızım gördü ki,

                        Qarşıda gözlənir min bəla, öldü.

                        Qeybdən gələn o töhfə duydu ki,

                        Dərdlərə olacaq mübtəla, öldü.

                        O, böyük qızımı pərdədə görcək.

                        Dedi:-Kifayətdi, bu cəfa, öldü.

 Xaqani şeirin, sənətin tərbiyəvi gücünə inanır, şairlik sənəti haqqında deyirdi: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Lakin hər şair tərbiyə verməyi bacarmalıdır.”

Saraydan üz döndərmiş şair daim xalqına arxalanmış, özünü Xaqani deyil, Xəlqani adlandırmış, dərvişi sultandan daha ləyaqətli saymış, qəlbin saflığını, könültoxluğunu, düzlüyü, təmiz eşq və məhəbbəti tərənnüm etmişdir. Xaqani Şirvani eyni zamanda öz yurdunu sevən alovlu vətənpərvər, humanist bir şair olmuşdur. Xaqaninin əsərlərində cazibədar vətən torpağının mənzərələri parlaq təsvir edilir. Yüksək bədii dil qızğın ürəklə ana məhəbbətini, əhdə vəfanı tərkedilməz sənətkarlıqla tərənnüm edən Xaqani öz zəmanəsindən razı qalmamışdır. Şair bir şeirində sonsuz ürək ağrısı ilə demişdir.

                        Çox zəhmət çəkdim mən arzu yolunda

                        Taleyim üzümə gülmədi bir an.

                        Dünyaya sığmayan hikmətim vardı.

                        Ona dar gəlirdi hər iki cahan.

                        Mənə verilənlər olmadı layiq.

                        Layiq olanı da vermədi dövran.

 Şairin həyatının son illəri çox ağır keçdi. Onun çox sevdiyi ailə üzvləri -20 yaşlı cavan oğlu, qızı və arvadı bir-birinin ardınca vəfat etdilər. Qoca şair tamamilə tək qaldı. Ömrünün bu dərdli günləri haqqında bir çox mərsiyələr yazdıqdan sonra, nəhayət, 1199-cu ildə Xaqani Şirvani vəfat etdi və Təbriz şəhəri yaxınlığında, sonralar “Məqbərət-üş-şüəra” adlanan Sürxab qəbristanında dəfn edildi.

 X.Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik olan bir bir sənətkardır. Azərbaycan klassikləri içərisində ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazmışdır. Xaqani qüdrətli bir şair olduğundan, öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanmışdı. Azərbaycanın və Yaxın Şərqin  onlarla adlı-sanlı şairləri onu özlərinə ustad hesab etmiş və onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazmışlar.

  Xaqani ənənələrini davam etdirən şairlər sırasında inqilabçı-demokrat şairimiz Azərbaycan şeirində inqilabçı satiranın böyük siması Mirzə Ələkbər Sabir də vardır. Sabir öz şeir yaradıcılığında Nizami ənənələri ilə  birlikdə Xaqaninin mübariz, üsyankar ruhunu yaşatmağa çalışmış, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirmişdir. Sabirin Xaqani ilə tanışlığı çox tez, inqilabçı satirikin gənclik illərində başlamışdır.

   Şairin  qəzəllərinə bəstəkarlarımız gözəl musiqi  bəstələmiş, heykəltəraşlarımız, rəssamlarımız onun obrazını yaratmış, əsərlərinə şəkillər çəkmişlər. Lakin bütün bunlar böyük şairimizin ədəbi irsini bütünlüklə xalqımıza çatdırılmasını hələ təmin etmir.

  İndi Xaqani Şirvaninin əsərlərinin demək olar ki, əksəriyyəti dilimizə tərcümə edilmişdir. Onların içərisində əla tərcümələr az deyil. Şübhə yoxdur ki, bu iş gələcəkdə də davam etdiriləcək və Əfzələddin Xaqaninin  əsərlərinin Azərbaycan dilində yeni, tam külliyyatı hazırlanıb nəşr olunacaqdır.

AYNUR TURAN 

Gundelik.az

Exit mobile version