Gundelik.az Xəbərlər ⁠Ailə, qadın və uşaq Sözə gecikən uşaqlıq: susqunluğun arxasında nə dayanır?
⁠Ailə, qadın və uşaq Müsahibə

Sözə gecikən uşaqlıq: susqunluğun arxasında nə dayanır?

Uşağın ilk “ana”, ilk “ata” kəlməsi hər bir valideyn üçün unudulmaz andır. Söz təkcə səs deyil – o, düşüncənin, hissin və ünsiyyətin başlanğıcıdır. Bəzən isə bu başlanğıc gecikir. Nitqin yaş normasına uyğun formalaşmaması valideynləri narahat edir və haqlı olaraq suallar yaradır: Bu gecikmə normaldırmı? Yoxsa müdaxilə tələb edən bir problemin siqnalıdır?

Gundelik.az xəbər portalı bu mövzuda suallarını Surdoloq-loqoped Xatirə Qasımovaya ünvanladı. Mütəxəssis uşaqlarda nitq inkişafının ləngiməsinin səbəblərini və valideynlərin nə zaman diqqətli olmalı olduqlarını izah edir.

 Xatirə xanım, nitq inkişafının ləngiməsi nədir?

– Nitq inkişafının ləngiməsi uşağın nitqinin yaş normasına uyğun şəkildə formalaşmaması, sözləri gec mənimsəməsi və ifadə etməsidir. Məsələn, iki yaşında uşaq sadə sözləri tələffüz etmirsə, üç yaşına qədər isə ikili ifadələr (məsələn, “ana gəl”, “su ver”) formalaşmırsa, artıq nitq ləngiməsindən şübhələnmək olar.

Ümumiyyətlə, bir-iki yaş arası uşaqlarda lüğət ehtiyatı təxminən 10–30 söz arasında olmalıdır. Bu sayın daha çox olması normaldır, lakin nəzərəçarpacaq dərəcədə az olması inkişaf geriliyindən xəbər verə bilər. Əgər bir-iki yaş aralığında uşaqda nitq ümumiyyətlə formalaşmırsa, bu, artıq nitqlə bağlı problemin göstəricisidir.

 Bu ləngimənin yaranma səbəbləri nələrdir?

– Nitq inkişafının ləngiməsinə təsir edən səbəblər müxtəlifdir və əsasən iki istiqamətdə toplanır: bioloji və sosial faktorlar.

Bioloji səbəblərə eşitmə problemləri, hamiləlik dövründə yaşanan ağırlaşmalar, doğuş travmaları, uşağın sonrakı həyatında keçirdiyi infeksiyalar və xəstəliklər, eləcə də irsi amillər daxildir.

Sosial faktorlar da az rol oynamır. Uşağın uzun müddət televiziya və telefon qarşısında qalması, elektron cihazlardan həddindən artıq istifadə, hiperqəyyumluq (valideynin uşağın yerinə hər şeyi etməsi), uşağın öz ana dilini tam mənimsəmədən ona fərqli dillərin öyrədilməsi də nitqin ləngiməsinə səbəb ola bilər. Bu hallar xüsusilə iki-dörd yaş arası uşaqlarda müşahidə olunur.

Düzünü desəm, dörd yaş artıq gecikmiş müdaxilə sayılır. Çünki nitq inkişafında erkən diaqnostika və erkən müdaxilə çox önəmlidir.

Valideyn nə zaman narahat olmalıdır?

– Əgər iki yaşında uşaq sadə sözlər demirsə, üç yaşında cümlə qurmaqda çətinlik çəkirsə, ünsiyyət qurmaqdan yayınırsa və əsasən jest və işarələrlə əlaqə saxlayırsa, bu zaman mütləq mütəxəssisə müraciət edilməlidir.

Belə hallarda loqoped və uşaq psixoloqu tərəfindən qiymətləndirmə aparılması vacibdir. Zərurət olduqda, nevroloqun da rəyi alınmalıdır. Əsas məsələ valideynin gözləmək mövqeyi tutmamasıdır. “Böyüyəndə düzələr” düşüncəsi bəzən vaxt itkisinə səbəb olur.

Nitq uşağın dünyaya açılan qapısıdır. O qapının vaxtında açılması üçün diqqət, müşahidə və doğru istiqamət vacibdir. Erkən diaqnostika isə gələcəkdə daha sağlam və sərbəst ünsiyyətin təməlini qoyur.

Gundelik.az

Exit mobile version