Almaniyanın enerji avadanlıqları istehsalçısı “Siemens Energy AG” 2025-ci maliyyə ilinin üçüncü rübündə xalis mənfəət əldə edib və gəlirini artırıb.
Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir.
Şirkət bu ilin aprel-iyun aylarında 697 milyon avro xalis mənfəət əldə edib. Halbuki ötən ilin eyni dövründə 142 milyon avro zərər qeydə alınmışdı.
Şirkətin rüblük gəliri illik müqayisədə 11% artaraq 9,745 milyard avroya yüksəlib. Valyuta məzənnələri və aktiv alqı-satqıları nəzərə alınmadan bu artım 13,5% təşkil edib.
Şirkətə daxil olan yeni sifarişlərin həcmi 60% artaraq 16,613 milyard avroya çatıb. Bu, analitiklərin 14,1 milyard avro səviyyəsindəki gözləntilərindən xeyli yüksəkdir. Ümumi sifariş portfeli isə 13% artaraq 136 milyard avroya çatıb ki, bu da şirkət üçün rekord göstəricidir.
“Siemens Energy”nin külək enerjisi bölməsi olan “Siemens Gamesa”da zərərlər bir qədər azalıb – ötən il 446 milyon avro olan zərər bu il 438 milyon avroya düşüb.
Şirkət bu maliyyə ilində 13-15% arasında üzvi gəlir artımı, eləcə də 1 milyard avroya qədər xalis mənfəət (birdəfəlik faktorlar nəzərə alınmadan) gözləyir.
Buna baxmayaraq, “Siemens Energy”nin səhmləri çərşənbə günü 0,9% ucuzlaşıb. Amma son üç ayda şirkətin bazar dəyəri 36%-dən çox artaraq 77,2 milyard avroya yüksəlib. Almaniyanın DAX fond indeksi isə eyni müddətdə 3,4% artım göstərib.
Qeyd edək ki, “Siemens Energy” 2020-ci ildə “Siemens AG” sənaye qrupunun qaz, kömür və külək enerjisi sahələrinin ayrılması nəticəsində yaradılıb. Şirkət enerjinin istehsalı, ötürülməsi və saxlanması da daxil olmaqla bütün enerji zəncirində fəaliyyət göstərir. Onun məhsullarına qaz və buxar turbinləri, hidrogenlə işləyən elektrik stansiyaları, generatorlar və transformatorlar daxildir.
Hazırda “Siemens Energy” 90-dan çox ölkədə fəaliyyət göstərir və 100 mindən artıq işçisi var.
Gundelik.az

