Gundelik.az Elm və təhsil Ədəbiyyat Sevgidən söz toxuyan Nazim Hikmət
Ədəbiyyat

Sevgidən söz toxuyan Nazim Hikmət

Ədəbiyyat həyat fəlsəfəsinin, ilahi və insani duyğuların cəmləşdiyi məkandır. İnsan özünün, dünya və ilahi varlığın dərkini burada anlayır. Ədəbiyyat sahilsiz, sərhədsiz elmdir. Onun dərinliyinə vardıqca əzəmətini dərk edirik. Hər kəsi öz ağuşuna alaraq, çox az adamı buradan kamil çıxarır. Bədii aləm insan ömrünü uzadan, sağlam edən ilahi nemətdir. Bədii ədəbiyyatla tanış olmayan, oxuyub sevməyən insan kasıb və məğlubdur. O ürəkdən gələn elmdir. Ürəklə qidalanır və oradan bulaq kimi süzülür. Bədii aləm ürəklə yaşayır, dayanması ilə də sona yetir. Küləyin səsini, suyun şırıltısını, ildırımın çaxmasını və s. təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyatdır.

Şairlik bir başqa aləmdir. Sonu bilinməyən ümmandır. Daxilində böyük söz xəzinəsi olan insandır. Şairlərə İlahidən bir qüvvə verilir. Bu qüvvə onlara ilham, həvəs verərək ümidlər yaradır. Şair olmaq asan deyil. Bu sənət böyük sənətdir. Şairi böyük bir rəssama bənzədirəm. Rəssam hansısa bir gözəlliyi görür və onu cansız təsvir edir. Şair gözəlliyi görür və onu sözlə canlandırır. Gözlə görünən gözəllik daha ifadəli olur, daha cəlbedici xarakter daşıyır. Çünki onu bir şair canlandırır. Şair düşünür və bunu qələmə alır.

Poeziya insanı, təbiəti, aləmi insana sevdirən ədəbiyyatın tərkib hissəsidir. Bu sevgi hardan qaynaqlanır? Poeziya öz qüdrətini torpaqdan, ətrafdanmı alır, yoxsa bu sadəcə ruhun gözəlliyimi? Bu suallar hələ də mübahizə obyektidir. Danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s. təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Bunlar şairə ilham verir. Suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi, ən  əsası isə vətənə sevgi, insana, torpağa sevgi, yurda bağlılıq və s. kimi duyğular insanı yazmağa səsləyir.

   Ömrü poeziyasının ömrü qədər olan şairlərdən biri də Nazim Hikmətdir. Adı XX əsr Türk poeziyasının görkəmli simaları sırasında Nazim Hikmət adı hörmətlə çəkilən həyatının yetmiş ildən artıq bir dövrü ərzində mənalı yaradıcılıq yolu keçərək, xalqınh bədii söz xəzinəsinə dəyərli töhfələr verib. Şairin saysız kitablarında toplanmış əsərlərinin əsas leytmotivini vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü, insana sevgi və məhəbbətin tərənnümü  təşkil edir. Humanizm ideyalarının carçısı olan Nazim  lirikasına xas olan cəhətlərdən biri də bəşəriyyətin gələcək taleyi üçün dərin narahatlıq və məsuliyyət hissidir. Onun poeziyası orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı ilə  oxucuların rəğbətini qazanıb.

      Həyatı

Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. “Sərvliklərdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922–1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.

1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.

1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3”, 1930-cu ildə “1+1=1”, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya – u”  poeması, 1932-ci ildə yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun “Kəllə”, 1932-ci ildə “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, 1935-ci ildə “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.

1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında, 1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri”  publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.

1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım” “Məhəbbətim, kədərim mənim”) çəkilmişdir.

Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.

1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.

      Yaradıcılığı

Nazim Hikmət, Türk şair, dramaturq, romançı və xatirə yazarıdır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilmiş və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirmişdir.

Şeirləri əllidən çox dilə çevrilmiş, əsərləri bir çox mükafatlara layiq görülmüşdür. Türkiyədə sərbəst nəzmin ilk tətbiqçisi ve çağdaş türk şeirinin ən önəmli simalarındandır. Adı 20-ci yüzilin ən sevilən şairləri arasında yer almaqdadır.

Şairin sərgidə yer alan kitablarından biri: Nazim Hikmət. Seçilmiş əsərləri Bakı: “Şərq-Qərb”, 2009, 520 səh. –dir.

 Türk dünyası və XX əsr sünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Nazim Hikmət, Türkiyə, Azərbaycan, Başqa türk və dünya xalqlarının poeziyasına misilsiz təsir göstərmişdir.

Siyasi əqidəsindən, aldanışlarından və xəyal qırıqlarlından asılı olmayaraq, bəlkə də elə bütün bunlara görə mücadilələr və iztirablar, ümidlər və itkilər dolu tufanlı, qasırğalı bir ömür yolu keçmiş Nazim Hikmət insan dünyasının zənginliyini , duyğular aləminin zənginliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğutla əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq bir sənətkar kimi ucalmaqdadır.

  Ustad Nazim Hikmətin təqdim olunan kitabda toplanmış əsərlərində bir ölkə, bir xalq nəfəs alır. Bu həbsxanalı, bu qürbətli, həsrətli həyat şeirlərində yer üzünün hər bir adamının sevinci, kədəri, arzusu, ümidi var. Nazim Hikmətin

Şeirinin yaddaşında yalnız bir xalqın yox, bütün insanlığın ağrılı-acılı tarixi yaşayır.

Kitabda tanınmış dramaturqun Azərbaycanteatr səhnəsində dfəfələrlə tamaşaya qoyulmuş bir sıra pyesləri də daxil edilmişdir.

             Ən gözəl dəniz hələ gedilməmiş olanıdır,

             Ən gözəl çocuk hələ böyümədi.

             Ən gözəl günlərimiz hələ yaşamadıqlarımız.

             Və sənə söyləmək istədiyim ən gözəl söz

             Hələ söyləməmiş olduğumdur…

     Görkəmli şair Nazim Hikmətin yaradıcılığı Azərbaycanla sıx bağlıdır.  Azərbaycan xalqı, ziyalıları, şair və yazıçıları Nazim Hikmət kimi tanınmış ədibin simasına münasibətdə kommunist təbliğatının daşıyıcısına deyil, uzun illər boyu siyasi-ideoloji sərhədlərin ayırdığı Türkiyənin ətrini, dilini, ruhunu bizə gətirən bir böyük insana sevgisini anladırdı. Türkiyədə qadağan olunduğu illərdə rəsmi Sovet İttifaqının tərkibində olduğu üçün Azərbaycan da Nazimi sovet siyasi məqsədləri çərçivəsində qəbul edirdi… Həmin illərdə Nazim Türkiyənin, türklüyün, türk dilinin simvolu idi. Nazimin ölməz şeirlərindəki ayrılıq yanğısı və qəribsəyən türk dilinin şirinliyi, cəlbediciliyi qandan, candan olan bir yaxınlığı özündə yaşadırdı.

O illərdə dünyanın əksər dillərində çap olunan pyesləri türk səhnəsindən başqa, dünyanın bir çox səhnələrini gəzirdi. “Dünyanı dolaşan bir Türkiyə şarkısı” (Əziz Nesin) kimi Nazim Hikmət Türkiyə – Vətən yanğısını həyat sevinci ilə dolu misralarına hopdurmuşdu:

           Mən bir cəviz ağacıyam, Gülhanə Parkında

            Nə sən bunun fərqindəsən, nə də  polis fərqində…

1950-ci illər Nazim Hikmətin əsərlərinin daha geniş repertuarını oxuculara təqdim etdi. “Azərbaycan” dərgisində, “Ədəbiyyat qəzeti” ndə dərc edilən yaradıcılıq materialları böyük maraq və sevgi ilə qarşılanırdı. Şairin “Seçilmiş əsərləri” ilk dəfə 1952 və daha sonra 1963-cü ildə nəşr edildi. 1957-ci ildə ikinci dəfə Bakıda olan Nazim Hikmətin yazıçı və şairlərlə, tələbələrlə görüşləri və bu görüşlərdə səsləndirdiyi şeirləri böyük sevgi ilə qarşılanır, şairin ədəbi həyatında da silinməz izlər qoyurdu. Nazim Hikmət heyranlıqla: “Azərbaycan dilindəki şeirlərim türkcədən daha gözəl səslənir” – deyə şirin Azərbaycan türkcəsindən aldığı zövqü təsdiq edirdi.

               Nazim şeir oxuyurdu,

               Dəniz kimi dalğalanan bir salonda.

              Şeir dəniz qoxuyurdu,

              Şeir həsrət qoxuyurdu,

              Ümid, arzu, bir də Vətən

             Qoxuyurdu…

    Nazim Hikmətin sevgi dolu nəfəsiylə süslənmiş Azərbaycana həsr olunmuş şeirləri, xalqımızın mədəniyyətinə dair məqalə və xatirələri də Azərbaycan ədəbi mühiti, oxucusu üçün maraq doğurur və sevgi ilə qarşılanırdı. Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dostluğu, onlarla yaradıcılıq əlaqələri Nazim üçün də, xalqımız üçün də türklüyün yaşayan səsi, nəfəsi idi. Bu keşməkeşli tarixləri özündə yaşadan bu nəfəs, xalqın Nazim Hikmət sevgisi və Nazim Hikmətin simasında Türkiyəyə olan sevgi heç tükənmədi, daha yaşarlı və güclü oldu.

Tənqidçi, publisist, filologiya elmləri doktoru Azər Turanın qeyd etdiyi kimi, “Sovetlər dönəmində Azərbaycanın efir məkanında Türkiyə türkcəsini maneəsiz təmsil edən yeganə səs Nazim Hikmətə məxsus idi və… Nazimin bizim üçün doğma və canlı türkcəsini-səsini lentə alıb əbədiləşdirən “Nazim Hikmət qalaktikası” kitabının müəllifi professor Aqşin Babayev” olmuşdu.

“Nazim Hikmət” (Bakı, 1978), “Nazim Hikmətin yaşamı” (Berlin, 1989), “Nazim və Azərbaycan” (İzmir, 2012), “Nazim Hikmət qalaktikası” (Bakı, 2016) kimi monoqrafik əsərlərin, onlarca məqalənin müəllifi olan nazimşünas alim-yazıçı Aqşin Babayev ədibin “Seçilmiş əsərləri” ni (2009) nəşrə hazırlamış, “Ceviz ağacı” pyesini şairin həyatına həsr etmişdi. “Seçilmiş əsərləri”  ndəki ön sözün müəllifi isə Xalq yazıçısı Anar idi.

Təsadüfi deyildi ki, 2002-ci ildə Nazim Hikmətin 100 illiyinə həsr olunmuş Beynəlxalq Nazim Hikmət Simpoziumuna qatılacaq isimlər sırasında Xalq yazıçısı Anar, Aqşin Babayevin adı ön sırada idi.

Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin öyrənilməsi sahəsində xüsusı xidmətləri ilə yadda qalmış görkəmli şərqşünas alim, Nazim Hikmət və Yaşar Kamalın yaradıcılığının pərəstişkarı olan Qədir İsmayılov da müasir və klassik türk ədəbiyyatının tədqiqatçılarından biri idi. Azərbaycan-Türkiyə ədəbi əlaqələri onun elmi araşdırmalarının mərkəzində duran mövzu olmuşdur. Türkiyə ədəbi mühitini ardıcıl olaraq öyrənən, sovet rejiminin qadağa illərində xüsusi mühafizə fondlarında saxlanılan Türkiyə mətbuatından əldə etdiyi materialları kataloqlaşdırıb elmi tədqiqatlar üçün zəngin informativ baza yaradan Qədir İsmayılov F.Köprülüzade, A.Qaraxan, A.S.Levend, A.Tanpınar, N.S.Banarlı, A.Kabaklı, C.Yenerin yaradıcılığı ilə yaxından tanış idi, Namik Kamal, Yaşar Kamal, Əziz Nesin və b. yaradıcılığına dair maraqlı araşdırmalar aparmış, müasir türk ədəbiyyatına dair onlarca ciddi elmi yükü olan irihəcmli məqalələr yazmış, türkiyəli yazarlardan çevirmələr etmişdi. Böyük türk şairi Nazim Hikmətin şəxsiyyəti və sənəti də Qədir İsmayılovun qardaş Türkiyə ədəbiyyatının nümayəndəsi kimi diqqət mərkəzində idi. Təsadüfi deyil ki, Nazim Hikmətin əsərlərindən ibarət “Günəşi içənlərin türküsü” kitabını da Qədir İsmayılov tərtib etmişdi. Kitaba “Kərəm kimi” başlıqlı ön sözün müəllifi isə Xalq yazıçımız Anar idi. Sonralar Nazim Hikmətin həyatı və yaradıcılığına həsr olunmuş eyniadlı 358 səhifəlik kitab Ankarada, “Bengü” yayınları tərəfindən nəşr olundu.

Vaxtilə Nazim Hikmətin ilk kitabı Türkiyədən öncə Azərbaycanda nəşr olunduğu kimi, Anarın da böyük şairə həsr olunmuş “Nazim Hikmet. Kerem gibi” kitabı İmdat Avşarın türkcəyə çevirməsində Azərbaycandan əvvəl Türkiyədə işıq üzü gördü. Kitaba şairin Türkiyədə çap olunmamış məqalələri ilə yanaşı, həyatı və sənəti haqqında yazıları, M.Rəfilinin, Ə.Nazimin, S.Vurğunun, S.Rüstəmin, R.Rzanın, M.Dilbazinin, N.Rəfibəylinin, B.Vahabzadənin, Qabilin, X.Rzanın, M.Arazın, və b. ona ithaf etdiyi şeirlər daxil edilmişdi. Kitab haqqında Türkiyədə “Hürriyyət”, “Milliyyət”, “Cümhuriyyət”, “Zaman”, “Yeni Şafaq”q əzetlərində, “Kardeş kalemler” və bir sıra başqa dərgilərdə geniş materiallar dərc olunmuşdur.

    Nazim Hikmət yaradıcılığı, Nazim Hikmət şəxsiyyəti həmişə Anarın da maraq dairəsində olub. Anar uşaqlıqdan anası, Xalq şairi N.Rəfibəylinin ona sevə-sevə oxuyaraq sevdirdiyi “Koroğlu” dastanı, Nazim Hikmətin şeirləri, xüsusilə də “Günəşi içənlərin türküsü”, “Dədə Qorqud”, Füzuli, Mirzə Cəlil Anarı yetişdirən ən önəmli qaynaqlar olmuşdu. İllər boyu Nazim Hikmətin Moskvadan toy günü vurduğu teleqramdakı: “Gənclərə dünyada ən çətin şey olan xoşbəxtlik diləyirəm” – sözlərini “Günəşi içənlərin türküsü” nün nisgilinə qataraq qəlbində yaşada-yaşada türk dünyasının ədəbi körpülərini yaradıcılığı boyu öz mənəvi dünyasında qovuşdurmuşdur.

    Türkiyədə keçirilən Nazim Hikmət Simpoziumunda iştirak edən Anar gəncliyindən sevdiyi bu türk şairi ilə bağlı xatirələrini də bölüşmüşdü. Lakin Nazim Hikmətlə bağlı onun doğma yurdunda bir iz görmədikdə mütəəssir olan Anarın düşüncələrini Doç. Dr. Betül Coşkun “Baküden İstanbula: Bir Azeri Yazarın Kurgusal Yolculuğu” başlıqlı yazısında Türkiyə türkcəsində belə anlatmışdı: “…İstiklal caddesini, Qalatasaray körpüsünü, modern mahalleleri, kuhne çarşıları, geniş sokakları, dar alanları dolaştım. Ne Nazim Hikmet kuşesi gördüm, ne Nazim Hikmet meydanı, ne heykeli açıldı İstanbulda, ne muzesi. Şairin adına ne okul var, ne kütüphane, ne park, ne tiyatro… Uzaktan bir gemi keçer, Nazim Hikmet gemisi. Sovyet gemisi!”. Bu sözlərdə Anarın türk şairinə olan məhəbbəti ilə yanaşı, Nazim Hikmətin Vətən dərdinə, qərib taleyinə qarşılıq bir nisgil, yanğı hiss olunurdu.

Qəriblik… Anar yazırdı: “Mən bunu, 1993-cü ildə 7 ay Türkiyədə yaşadığım zaman özümdə hiss etdim. Türkiyə bizə yaxın ölkədir, demək olar ki, doğma dilimizdir, orada mənim çoxlu qohumlarım var, bütün bunlara baxmayaraq Azərbaycan üçün çox darıxırdım, elə nostalji hisslər keçirirdim ki, mən Nazim Hikmətin Moskvada nə çəkdiklərini, Məhəmməd Əmin Rəsulzadənin Türkiyədə hiss etdiklərini indi başa düşürdüm. Vətən yenə Vətəndir. “Gecə düşüncələri”ndə mənim belə bir misram var: “Xoşbəxtlik özün kimi öz vətənində olmaqdır. Çünki vətənində olmaq və özünü itmiş bilmək də çox dəhşətlidir”.

Nazimi “communist” edən Anadolu mənzərələrini, haqsızlıq və ədalətsizlikləri önə çəkən Anar müsahibələrinin birində “Anadolu insanının çilesi Nazımı kommunist olmaya yönetti. Nazım, büyük hayallerle Sovyetler Birliği’ne geldi. Ancak aradığı romantizmi bulamadı. Nazım Hikmet, Türkiye’de komünizmin simgesi (rəmzi-Z.Ə.) olduğu yıllarda bizim için, Sovyetlerde yaşayan Türkler için, Türklüğün ve Türkiye’nin simgesiydi” deyə düşüncələrini bölüşürdü. Anar türk oxucusuna, Türkiyə ədəbi mühitinə çatdırmağa çalışırdı ki, Nazim Hikmət yalnız Türkiyənin deyil, bütün Türk dünyasının, hətta dünyanın böyük şairlərindən biridir.

Beləcə, hələ sovet dönəmində yerli mətbuatda Kərəm yanğısı ilə Nazim Hikməti təbliğ etməkdən başlayaraq, Türk dünyası Yazıçılar Birliyinin qurulmasının sevincını yaşamasına qədər uzanan yaradıcılıq yolunda Anar “türkün söz varlığını” həm Azərbaycan, həm də Türkiyə mətbuatında həssas yazıçı qələmi ilə, sevə-sevə tərənnüm edir, tanıdırdı.

Anar özünəməxsus üslubda qələmə aldığı bu əsərdə Nazim Hikmətlə bağlı bir çox məsələləri obyektiv şəkildə, şairin özünü həm sənətkar, həm də şəxsiyyət kimi, ideoloji məyusluqları ilə birlikdə təsvir etməyə nail olmuşdur. Anar tərənnüm etdiyi Nazim Hikmət adlı böyük obrazı “gözüylə görür, əliylə tutur, nəfəsini hiss edirdi”.

   Türk dünyası üçün geniş maraq doğurmuş bu nəşr “Dədə Qorqudsuz, Yunus Əmrəsiz, Füzulisiz, Üzeyirsiz türk dünyası olmadığı kimi, Nazim Hikmətsiz, Qara Qarayevsiz də türk dünyası yoxdur” – deyən Anarın ən böyük xidmətlərindən biri idi.

                         Nikbin şair!

                         Didərgin,

                         İtkin şair!

                   Səksən beş azdır, çox az,

                   Keçəcək neçə qış, neçə yaz:

                  “Bir aşk masala” na dönəcəksən.

                  Zümrüd quşu kimi

                  İstanbula enəcəksən.

                        Və

                 Nəsillər deyəcək:

                 Adı ölməz,

                Odu sönəz,

               Üzü dönməz

                     idi Nazim!

             Ey gidi Nazim…

                                          Vilayət Rüstəmzadə

      Nobel mükafatı laureatı Pablo Nerudanın “Nazimin yanında biz şair deyilik” ifadəsini diqqətə çəkən Anar, o illərdə Nazimin Türkiyədən gəlmiş ilk türk kimi Sovetlər birliyinin  bütün türk xalqları – tatar, qırğız, qazax – tərəfindən sevildiyini və bu sevginin həmin xalqları birləşdirdiyini yazırdı. Amma Nazim Hikmətin daha bir böyük sevgiyə də ehtiyacı vardı: Nəriman Həsənzadə xatirələrinin birində şairin: “Kaş türk xalqı Səməd Vurğunu Azərbaycan xalqının sevdiyinin yarısı qədər məni sevəydi…” – deyə bu həsrəti necə dilə gətirdiyinin şahidi olduğunu yazır (Ə.Q., 1982, 15 yanvar).

Səməd Vurğun və Nazim Hikmət – Hər iki şair sosialist realist sənət anlayışını “Fərhad və Şirin” adlı əsərlərində əks etdirmiş, xalq qəhrəmanı “Fərhad” obrazını ön plana çıxarmışdır. İki şair, iki sevgi… Şairlərin hərarətindən, böyüdüyü mühitin mədəniyyətindən və yaşadıqları dövrün siyasi hadisələrindən irəli gələn fərqliliklər hekayənin elementlərində dəyişikliklər yaratdı. Türkiyəli araşdırmaçı Ayşe Ulusoy Tuncel hər iki əsəri müqayisə edərkən yazır ki, Nazim Hikmət bu əsəri ilə insanlıq sevgisini cəmiyyət sevgisi ilə birləşdirmək istəyirdi. Ona görə də Nazimin bir qədər özünə bənzəyən Fərhad bütün çətinliklərə rəğmən gələcəyə ümidlə baxan bir şəxsiyyətdir”.

      Zamanlar və əsrlər dəyişdi; veriləcək bütün suallara cavab hazırlayan ideologiyaların artıq cavab verə bilməyəcəyi bir sıra yeni suallar, problemlər ortaya çıxdı. İdeologiyaların məhv edildiyi, ideoloji sədlərin aradan qaldırıldığı bir dövrdə keçmişdə baş verən hadisələri daha obyektiv qiymətləndirmək vaxtı yetişdi. İnsanlıq və cəmiyyət sevgisinin qovuşacağı körpülərdə bir Nazim Hikmət sevgisi yaşayacaqdır.

                   İnsanların içindəyəm, sevirəm insanları,

                   Hərəkəti sevirəm,

                   Düşüncəni sevirəm,

                   Kavqanı sevirəm,

                   Sən kavqamın içində bir insansın sevgilim,

                   Səni sevirəm.

    Nazim Hikmət novotor şair idi.  Bütün həyatı boyu o, daima yeni formalar, mövzular, metaforalar üzərində işləmişdir. Maraqlıdır ki, şair 1963- cü ildə, vəfatından qısa müddət  öncə, yeni poetic görüşləriini belə açıqlamışdı: Mən mövzunu elə bir formanın içinə yerləşdirmək istəyirəm. daha canlı, daha rəngli formaya üstünlük verirəm.

  Kövrək hisslər ustadı, duyğulu qələm sahibi Nazim Hikmət eyni zamanda ürəyini, duyğularını, düşüncəsini, qələmini, başdan-başa həyatını xalqına verməklə öyünən türk şairlərindən biridir. Şair adı, irqi, coğrafiyası,  milliyyəti nə olursa olsun, milli azadlıq, ictimai ədalət , sülh üçün döyüşən hər bir xalqın bu uğur yollarındakı savaşlarını şerlərində öymüş və geniş yer vermişdir. Onların zəfərlərini öz xalqının zəfəri, məğlubiyyətini isə öz xalqının məğlubiyyəti, sevincini, kədərini də özününküləşdirmişdi. Onun  əsərlərində bu açılardan, bu sevinclərdən məğlubiyyərt və zəfərdən əks-səda var.

  Aynur Turan

Gundelik.az

Exit mobile version