İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Şam fıstığı:Dadından əlavə təbii və mədəni sərvət

Dolma və iç plovun əvəzolunmaz inqrediyentlərindən olan şam fıstığı təkcə ləzzəti ilə deyil, həm də yüksək qida dəyəri və iqtisadi əhəmiyyəti ilə seçilir. Zülal, minerallar və faydalı yağlarla zəngin olan bu məhsul Aralıq dənizi mətbəxinin ən qiymətli nemətlərindən biridir.

Şam fıstığı şam ağacının yetişmiş qozalarından əldə edilir. Bu ağac əsasən Aralıq dənizi iqliminə malik, dəniz səviyyəsinə yaxın ərazilərdə bitir. Dünyada şam fıstığı ağaclarının ən çox yayıldığı ölkə İspaniyadır, ikinci yerdə isə Türkiyə qərarlaşır. Türkiyədə təxminən 153 min hektar məhsuldar şam fıstığı meşəsi mövcuddur.

Mütəxəssislərin sözlərinə görə, şam fıstığı yalnız qida məhsulu deyil, həm də yüzillərdir davam edən istehsal ənənələri ilə mədəni irsin bir hissəsidir. Qozaların ağaclardan yığılması və emalı nəsildən-nəslə ötürülən ənənəvi üsullarla həyata keçirilir.

Coğrafi göstərici ilə qorunan məhsul

2011-ci ildə Berqamanın Kozak bölgəsində istehsal olunan şam fıstığı coğrafi göstərici statusu alıb. Daha sonra Aydın şam fıstığı da Avropa İttifaqı tərəfindən qeydiyyata alınıb. Bu status məhsulun keyfiyyətini və mənşəyini təsdiqləməklə yanaşı, onun beynəlxalq bazardakı dəyərini də artırır.

Türkiyədə şam fıstığının əsas istehsal mərkəzləri İzmirin Kozak hövzəsi və Aydının Koçarlı rayonudur. Bundan başqa, Aydının Çine və Bozdoğan, Muğlanın Milas və Yatağan rayonlarında, eləcə də Balıkəsir, Çanaqqala və hətta Kahramanmaraşda da şam fıstığı yetişdirilir.

Şam fıstığını təhdid edən amillər

Son illərdə şam fıstığı istehsalında məhsuldarlığın azalması narahatlıq doğurur. Alimlər bunun əsas səbəbləri kimi iqlim dəyişikliyi, quraqlıq, həddindən artıq isti hava şəraiti və şam qozasını soran zərərverici həşəratları göstərirlər. Bundan əlavə, yüksək rütubət və ya tozlanma dövründə müşahidə olunan əlverişsiz hava şəraiti toxum əmələgəlməsini zəiflədir.

Mütəxəssislər bildirirlər ki, yol nəqliyyatından qaynaqlanan hava çirklənməsi də şam ağaclarının inkişafına mənfi təsir göstərir. Buna görə də bu qiymətli təbii sərvətin qorunması və davamlı istehsalının təmin edilməsi böyük əhəmiyyət daşıyır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az