Sentyabr 15, 2026
Baku
İdman Müsahibə

Şahmat həyatın ən vacib qaydasını öyrədir: Düşün, qərar ver, nəticəni qəbul et

Şahmat uşaqlara düşünməyi, qərar verməyi və səhvlərdən nəticə çıxarmağı öyrədir

Müasir dövrdə uşaqlar və gənclər rəqəmsal texnologiyaların geniş yayıldığı bir mühitdə böyüyürlər. Belə bir şəraitdə ənənəvi intellektual oyunlardan biri olan şahmata marağın qorunması və artırılması xüsusi əhəmiyyət daşıyır. Şahmat yalnız zehni bacarıqların inkişafına xidmət edən oyun deyil, eyni zamanda uşaqlara düşünməyi, qərar verməyi, səbirli olmağı və verdikləri qərarların nəticələrini qiymətləndirməyi öyrədən mühüm vasitədir. Azərbaycanın zəngin şahmat ənənəsi və bu sahədə formalaşmış güclü məktəbi yeni istedadların yetişdirilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal platformalardan düzgün istifadə, məktəblərdə şahmat dərnəklərinin genişləndirilməsi, yarış mühitinin gücləndirilməsi və uşaqların erkən yaşlarından bu idman növünə cəlb olunması mühüm məsələlərdəndir.

1-ci dərəcəli şahmatçı Abil İbrahimov Gundelik.az-a müsahibəsində uşaqların və gənclərin şahmata marağının artırılması, şahmatın intellektual inkişafdakı rolu, bu oyunun həyatla oxşar cəhətləri, eləcə də Azərbaycanda yeni şahmat istedadlarının üzə çıxarılması istiqamətində görülməli işlər barədə fikirlərini bölüşüb.

 Bugünkü rəqəmsal dövrdə uşaqların və gənclərin şahmata marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

– Məncə, əsas məsələ şahmatı uşaqlara yalnız ənənəvi formada təqdim etməməkdir. Bu gün uşaqlar rəqəmsal mühitdə böyüyürlər və biz şahmatı həmin mühitə uyğunlaşdırmalıyıq. Onlayn şahmat platformaları, interaktiv tətbiqlər, qısa və maraqlı şahmat videoları, müxtəlif intellektual oyunlar uşaqların marağını artırmaq üçün çox faydalı vasitələrdir.

Amma burada bir məqamı da unutmamalıyıq: texnologiya vasitədir, şahmatın özü isə əsasdır. Uşağın şahmata marağını davamlı saxlamaq üçün dərslər maraqlı, interaktiv, onun yaşına və səviyyəsinə uyğun qurulmalıdır. Mən hesab edirəm ki, məktəblərdə şahmat dərnəklərinin sayının artırılması, məktəblərarası yarışların keçirilməsi və uşaqların daha çox real turnir mühitinə cəlb olunması da çox vacibdir. Uşaq özünü şahmat mühitinin bir parçası hiss etdikdə bu maraq daha da güclənir.

 Şahmat onların intellektual inkişafında hansı rolu oynaya bilər?

– Şahmat uşağın yalnız şahmat bacarığını deyil, ümumilikdə düşünmə tərzini formalaşdıran vasitələrdən biridir.

Şahmat oynayan uşaq hər gedişdən əvvəl düşünür: Nə baş verə bilər? Rəqib nə etmək istəyir? Mənim qərarımın nəticəsi nə olacaq? Bu proses uşağın analiz, məntiq, diqqət, yaddaş və problem həll etmə bacarıqlarının inkişafına kömək edir. Digər mühüm məqam isə səbirdir. Müasir dövrdə uşaqların çox şeyi sürətli əldə etməyə alışdığı bir vaxtda şahmat onlara səbirli olmağı və nəticə üçün düşünməyi öyrədir. Mən şahmatı uşağın gələcək həyatına birbaşa investisiya kimi qiymətləndirirəm. Çünki burada öyrənilən düşüncə və qərarvermə bacarıqları yalnız şahmat taxtasında deyil, təhsildə, iş həyatında və gündəlik qərarlarda da istifadə olunur.

Şahmatda hər bir gediş düşünülmüş qərardır və bəzən bir səhv bütün oyunun taleyini dəyişir. Sizcə, bu xüsusiyyət şahmatı həyatın özü ilə hansı mənada yaxınlaşdırır?

– Məncə, şahmatla həyat arasındakı ən böyük oxşarlıqlardan biri qərar və məsuliyyətdir.

Şahmat taxtasında etdiyimiz hər gediş müəyyən nəticə yaradır. Bəzən bir səhv bütün oyunun istiqamətini dəyişə bilər. Həyatda da verdiyimiz qərarlar müəyyən nəticələr doğurur. Amma şahmat bizə çox vacib bir şeyi öyrədir: səhv etmək son deyil. Oyunda səhv etdikdən sonra ruhdan düşmək əvəzinə vəziyyəti yenidən qiymətləndirib ən yaxşı çıxış yolunu tapmağa çalışırsan. Həyatda da eyni yanaşma vacibdir.

Digər tərəfdən, şahmat bizə hər qərardan əvvəl bir addım sonranı düşünməyi öyrədir. Mən bunu uşaqlara xüsusilə vurğulayıram: “Gediş etməzdən əvvəl düşün, amma səhv etdinsə, səhvin içində ilişib qalma.” Əslində, şahmatın həyat dərsi də budur: düşün, qərar ver, nəticəni qəbul et və lazım gəldikdə yenidən mübarizə apar.

 Azərbaycanda şahmatın inkişafı və yeni istedadların üzə çıxarılması üçün hazırda ən çox diqqət yetirilməli olan istiqamətlər hansılardır?

– Azərbaycanın şahmat ənənəsi və güclü məktəbi var. Məncə, əsas məsələ bu ənənəni qorumaqla yanaşı, istedadların daha erkən aşkarlanması və onların düzgün istiqamətləndirilməsidir.

Bunun üçün ilk növbədə məktəblərdə şahmata daha geniş imkan yaradılmalıdır. Amma sadəcə şahmat dərnəyinin olması kifayət deyil. Müəllimlərin və məşqçilərin peşəkarlığının artırılması, uşaqlar üçün yaş və səviyyəyə uyğun proqramların hazırlanması və istedadlı uşaqların sistemli şəkildə izlənilməsi vacibdir. İkinci mühüm istiqamət yarış mühitidir. Uşaq nə qədər çox oynayırsa, öz potensialını bir o qədər yaxşı göstərir. Məktəblərarası və regionlararası yarışların sayını artırmaq, istedadlı uşaqları daha böyük turnirlərə hazırlamaq lazımdır. Mən bir məsələni də xüsusilə vacib hesab edirəm: şahmatı yalnız yüksək nəticə göstərəcək uşaqlar üçün nəzərdə tutmaq olmaz. Kütləvilik olmalıdır ki, həmin kütlənin içindən istedadlar seçilsin. Hər uşağa şahmatla tanış olmaq imkanı versək, onların arasından gələcəyin güclü şahmatçılarını tapmaq daha asan olacaq.

Sonda deyərdim ki, şahmatın inkişafı yalnız güclü şahmatçı yetişdirmək demək deyil. Biz eyni zamanda düşünən, səbirli, məsuliyyətli və düzgün qərar verə bilən gənc nəsil yetişdiririk. Məncə, şahmatın cəmiyyət üçün ən böyük dəyəri də məhz budur.

TEL: 055 225 46 14

Gundelik.az