Dil etnosun özünüdərk, milli dövlətin isə ideoloji bütövlüyünün əsas nüvəsidir.
Bu fikirləri Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Gundelik.az saytına açıqlamasına bildirib.
S.Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə dilinizi itirməyin, dininizi itirməyin, milliyyətinizi qoruyun və fəxr edin ki, siz azərbaycanlısınız fikrləri bizim əsas ideoloji hədəfimizdir. Ümummilli Lider milli özünəməxsusluğun qorunması konsepsiyasını üç fundamental tezisdə birləşdirərək milli varlığın strateji əsaslarını müəyyənləşdirir:
– Ana dilinin qorunması;
– Dini və mənəvi dəyərlərə hörmət;
– Milli mənsubiyyətin qorunması.
Dərin elmi-intellektual təfəkkürə malik olan dövlət xadimi Heydər Əliyev milli dilin qorunması ideyasını irəli sürərkən, əslində, insan cəmiyyətinin və etnosun varlığını şərtləndirən ən mühüm amillərdən birinə, dil faktoruna istinad edirdi. Bu yanaşma məşhur etnoqraf Lev Qumilyovun etnosun davamlılığında dilin aparıcı amil kimi çıxış etməsi prinsipində özünü ehtiva edir. Bu baxımdan, Ümummilli Liderin Azərbaycan dilinin yaşadılması və inkişafı istiqamətində apardığı mübarizənin mahiyyətini anlamaq çətin deyil. Onun “İnkişaf etmiş, zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” fikri həm dilin fəlsəfəsini, həm də onun dövlətçilik üçün strateji əhəmiyyətini açıq şəkildə ifadə edir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, eyni zamanda mədəniyyətin bünövrəsi, ictimai şüurun daşıyıcısı və dövlətçiliyin əsas sütunlarından biridir. Dil vasitəsilə mədəni normalar formalaşır, ictimai münasibətlər tənzimlənir, nəsillərarası təcrübə ötürülür. Ana dilini mənimsəyən hər bir fərd, əslində, onunla birlikdə milli identiklik arxitekturasını, etnosun ümumiləşdirilmiş tarixi yaddaşını və kollektiv dəyərlər sistemini də mənimsəmiş olur. Bu səbəbdən dil yalnız kommunikativ vasitə deyil, həm də şəxsiyyətin sosial-mədəni formalaşmasını şərtləndirən, dünyagörüşünün konturlarını müəyyən edən fundamental fəlsəfi kateqoriyadır. Eyni zamanda dil dövlətçilik fəlsəfəsinin ayrılmaz tərkib hissəsidir. Dövlətin ideoloji və institusional dayaqlarının möhkəmlənməsi, hüquqi-siyasi sistemin legitimliyi, milli birliyin və ictimai həmrəyliyin təmin olunması məhz vahid dil müstəvisində mümkün olur. Göstərilən ideoloji əsaslar böyük dövlət adamı Heydər Əliyev və uğurlu siyasi varis Prezident İlham Əliyevin dövlət dilinə həssas münasibətinin şərtləndirən əsas amillərdir.
Gundelik.az

