Səkidəki xətlərə basmadan yerimək çoxları üçün uşaqlıqdan qalan sadə bir vərdiş olsa da, bəzi hallarda obsessiv-kompulsiv pozuntunun (OKP) əlamətidir.
Mütəxəssislərin sözlərinə görə, insan xəttə basdıqda güclü narahatlıq keçirir, “xəttə bassam, pis bir şey olacaq” düşüncəsinə qapılır və eyni hərəkəti təkrar etməyə məcbur hiss edirsə, bu vəziyyətə diqqət yetirmək lazımdır.
Davranışın gündəlik həyata təsir etməsi, insanın işə, məktəbə və görüşlərə gecikməsi, sosial həyatdan uzaqlaşması OKP baxımından mühüm xəbərdarlıq əlamətləri hesab olunur.
Bəzi hallarda insan xəttə basmaqla pis hadisə arasında əslində mövcud olmayan əlaqə yaradır. Bu, “sehrli düşüncə” adlandırılır. Ritualı yerinə yetirmək qısa müddətlik rahatlıq versə də, zamanla narahatlığı və məcburi davranışı daha da gücləndirir.
OKP-nin müalicəsində istifadə olunan üsullardan biri ekspozisiya və reaksiyanın qarşısının alınması terapiyasıdır. Bu üsul zamanı insan qorxu yaradan vəziyyətlə nəzarətli şəkildə qarşılaşdırılır və ritualı yerinə yetirmədən narahatlığının zamanla azalmasını öyrənir.
Mütəxəssislər bildirirlər ki, bu cür davranışlar gündəlik həyata ciddi təsir göstərməyə başlayırsa, psixi sağlamlıq mütəxəssisinə müraciət etmək vacibdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

