Gundelik.az Dünya Saçların ağarmasında öyrəşilmiş fikirləri dəyişən həqiqət
Dünya Xəbərlər

Saçların ağarmasında öyrəşilmiş fikirləri dəyişən həqiqət

Saçların ağarmasının əsas səbəbi genetikdir. Stress və qidalanma yalnız köməkçi rol oynayır. Mütəxəssislər erkən ağarmanın xəstəlik olmadığını bildirir və vitamin balansı ilə etnik mənşəyin bu prosesdə mühüm rol oynadığını vurğulayırlar.

Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının Genetik Xəstəliklərin Diaqnostika və Qiymətləndirmə Mərkəzinin rəhbəri Prof. Dr. Zeynep Ocak saçların ağarmasında stress, həyat tərzi və qidalanmanın təsirli olsa da, əsas müəyyənedici amilin genetik quruluş olduğunu bildirib.

Xəstəxanadan verilən açıqlamaya görə, Prof. Dr. Ocak saç ağarmasının hər zaman yaşla birbaşa əlaqəli olmadığını, bəzi insanlarda 20 yaşlarda ağ saçların göründüyünü, bəzilərində isə 50 yaşına qədər heç bir ağ telin çıxmadığını qeyd edib.

O, saç rəngini müəyyən edən əsas amilin saç köklərində olan “melanosit” adlı hüceyrələrin istehsal etdiyi “melanin” piqmenti olduğunu bildirib. Bu hüceyrələr nə qədər aktivdirsə, saç da o qədər tünd olur.

Zamanla melanositlərin sayı azalır və ya piqment istehsalı dayanır. Bu proses başladıqda saç əvvəlcə boz, sonra isə ağ rəngə çevrilir. Bu dəyişiklik hər insanda fərqli yaşlarda başlayır, lakin əsas səbəb genetik faktorlardır. Anasında və ya atasında erkən yaşda saç ağarması olan şəxslərdə eyni halın görülmə ehtimalı daha yüksəkdir. IRF4, MC1R və MITF kimi genlər melanin istehsalına və saç köklərindəki hüceyrələrin ömrünə birbaşa təsir edir.

Prof. Dr. Ocak cəmiyyətdə tez-tez deyilən “stressdən saçım bir gecədə ağardı” fikrinin elmi baxımdan tam doğru olmadığını, lakin stresin dolayı təsirinin ola biləcəyini qeyd edib.

Uzunmüddətli stress saç köklərindəki kök hüceyrələrə zərər verə bilər. Bu da genetik meyli olan insanlarda ağarmanın daha tez başlamasına səbəb ola bilər.

O, 30 yaşdan əvvəl saçların nəzərəçarpacaq dərəcədə ağarmasının “erkən ağarma” sayıldığını və bunun çox vaxt vitamin və ya mineral çatışmazlığından qaynaqlana biləcəyini bildirib.

Xüsusilə B12 vitamini, dəmir və mis çatışmazlığı bu vəziyyətə səbəb ola bilər. Daha nadir hallarda isə bəzi genetik pozğunluqların əlaməti kimi ortaya çıxır.

“Saç ağarması xəstəlik deyil, təbii bioloji prosesdir”

Ocak etnik mənşəyin də bu prosesə təsir etdiyini bildirib: “Avropa mənşəli insanlarda saçlar daha tez tam ağarır, Sahraaltı Afrika mənşəli insanlarda isə bu proses daha gec və daha az intensiv şəkildə baş verir.”

Elm dünyasında saç ağarmasını dayandırmağa dair tədqiqatlar davam etsə də, hələ ki, qəti müalicə yoxdur.

“Saç ağarması xəstəlik deyil, təbii bioloji prosesdir. Boyalar yalnız müvəqqəti həll verir, prosesi tam dayandırmaq mümkün deyil. Saç ağarması çox vaxt genlərin yazdığı bir ssenaridir. Stress, həyat tərzi və qidalanma bu prosesi sürətləndirə bilər, amma əsas rol genetikdədir.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version