Türkiyənin Samsun şəhərində özünü narahat edən şəxs barədə şikayət etdiyi dövrdə evinin qarşısında tapança ilə vurularaq öldürülən Muradiye Terzinin qətlində təqsirləndirilən Murat Demirə verilən ağırlaşdırılmış ömürlük həbs cəzası qüvvədə saxlanılıb. Lakin məhkəmə sanığın “təhqir” və “əmlaka zərər vurma” cinayətləri üzrə aldığı cəzaları yenidən qiymətləndirilməsi üçün ləğv edib.
Gundelik.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Samsunun Atakum rayonunun Büyükoyumca məhəlləsində 6 fevral 2023-cü ildə baş verib.
Gəmidə baş aşpaz işləyən T.T. ilə evli olan 31 yaşlı Muradiye Terzi evinin qarşısında sinəsindən tapança ilə vurulmuş vəziyyətdə aşkarlanıb. Xəstəxanaya çatdırılan qadın həyatını itirib.
Polisin araşdırması nəticəsində şübhəlinin daha əvvəl həmin yaşayış kompleksində bina xidmətçisi kimi çalışan 43 yaşlı Murat Demir olduğu müəyyənləşdirilib. Hadisədən bir gün sonra polisə təslim olan Demir saxlanılıb. Onun ifadəsində silahı Muradiye Terzinin əlindən aldığını, tapançanı isə qurusıxı silah hesab edərək iki dəfə atəş açdığını dediyi bildirilib.
Terzi dəfələrlə şikayət etmişdi
Araşdırma zamanı Muradiye Terzinin qətldən əvvəl təxminən üç ay ərzində Murat Demir barədə polisə və prokurorluğa bir neçə dəfə şikayət etdiyi üzə çıxıb.
Terzinin Demirdən “təhqir”, “əmlaka zərər vurma”, “israrlı təqib” və “hüquqi alacağın tutulması məqsədilə qarət hədəsi” ittihamları üzrə şikayət etdiyi müəyyənləşdirilib.
Prokurorluğun hazırladığı ittiham aktında Demirin qadını öldürmə və qanunsuz silah saxlama cinayətləri üzrə mühakimə olunması tələb edilib və iş Samsun 3-cü Ağır Cinayətlər Məhkəməsində qəbul edilib.
Təhlükəsizlik kameralarının görüntülərinə əsasən, Demirin qətldən bir gün əvvəl saat 21:00 radələrində binaya daxil olduğu, gecə saat 00:30 radələrində isə oranı tərk etdiyi müəyyənləşdirilib. Görüntülərdə onun əlində tapançaya bənzər silah olduğu və belindəki çıxıntını əli ilə sabitlədiyi qeyd olunub. İttiham aktında Demirin qətl saatına qədər yaşayış kompleksinə üç dəfə girib-çıxdığı göstərilib.
Digər cinayətlər üzrə də ittiham irəli sürülüb
Demirə qarşı Terzinin qətlinə qədərki dövrdə törətdiyi iddia olunan əməllərlə bağlı “təhqir”, “əmlaka zərər vurma”, “israrlı təqib” və “hüquqi alacağın tutulması məqsədilə qarət hədəsi” ittihamları üzrə də ayrıca cinayət işi açılıb. Daha sonra bu iş əsas cinayət işi ilə birləşdirilib.
Məhkəmə materiallarında Demirin Terzinin ölümünə qədər müxtəlif vaxtlarda ona “evinə kimi gətirmisən ki, qapını açmırsan?”, “qapını açmasan, səni öldürəcəyəm” və “məndən aldığın pulları geri qaytaracaqsan” kimi mesajlar göndərdiyi, həmçinin qadının avtomobilinə zərər vurduğu bildirilib.
Ağırlaşdırılmış ömürlük həbs cəzası verilib
İş üzrə hökm 4 noyabr 2025-ci ildə elan olunub. Məhkəmə Demiri qadını əvvəlcədən planlaşdıraraq qətlə yetirməkdə təqsirli bilərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edib.
Bundan əlavə, qanunsuz silah saxlama cinayətinə görə 3 il, təhqirə görə 2 il, əmlaka zərər vurmağa görə 3 il, israrlı təqibə görə 2 il, hüquqi alacağın tutulması məqsədilə qarət hədəsinə görə isə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
Apellyasiya məhkəməsi iki cəzanı ləğv edib
Tərəflər hökmündən sonra işi apellyasiya instansiyasına çıxarıblar. Samsun Regional Ədliyyə Məhkəməsinin 1-ci Cinayət Kollegiyası işə baxaraq Demirin “təhqir” və “əmlaka zərər vurma” cinayətləri üzrə aldığı cəzaların yenidən qiymətləndirilməsinə qərar verib.
Bununla yanaşı, qadının qətli üzrə verilmiş ağırlaşdırılmış ömürlük həbs cəzası qüvvədə saxlanılıb.
Nurəddin Abdullayev
Gundelik.az

