Li-nin “sağ qalma” ifadəsi, gənclərin iş axtarışı zamanı özünəinamı və bunun psixi sağlamlığa təsiri ilə bağlı bir məna kimi şərh edilir.
Cənubi Koreya prezidenti Li Ce Myonq hökumətinə saç tökülməsi müalicələrinin dövlət səhiyyə sığortası ilə əhatə olunmasının genişləndirilməsi imkanını nəzərdən keçirməyi tapşırıb. O bildirib ki, keçəllik gənclər üçün artıq sadəcə kosmetik məsələ deyil, “yaşamaq (sağ qalmaq) məsələsinə” çevrilib.
Tibb mütəxəssisləri və mühafizəkar çevrələr tərəfindən etirazla qarşılanan bu təklif çərşənbə axşamı keçirilən siyasət brifinqində açıqlanıb və hazırda yalnız müəyyən saç tökülməsi növləri üçün mövcud olan məhdud tibbi müalicələrdən kənara çıxaraq əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Cənubi Koreyada universal səhiyyə sığortası sistemi mövcuddur və bu sistem gəlirə əsasən hesablanan sığorta haqları ilə maliyyələşdirilir. Hazırda sığorta yalnız alopesiya areata kimi tibbi səbəblərlə bağlı saç tökülməsini əhatə edir. Kişilərdə ən çox rast gəlinən androgen tipli keçəllik üçün müalicələrin əksəriyyəti isə sığorta paketinə daxil deyil.
“Yalnız sığorta haqqı ödəyib, əvəzində fayda ala bilmədiklərini düşünən gənclər ola bilər,” — deyə Li bildirib və əlavə edib ki, bu gənclər arasında “kənarda qalma hissi” ciddi şəkildə artıb.
Prezident bu siyasəti ilk dəfə 2022-ci ildə uğursuz başa çatan prezident seçkisi kampaniyası zamanı namizəd kimi irəli sürmüşdü. Həmin vaxt təklif populist addım kimi tənqid edilmiş, son seçki proqramından isə çıxarılmışdı.
Bu təşəbbüs Cənubi Koreyada fiziki görünüşə verilən güclü mədəni önəmi bir daha gündəmə gətirib. 2024-cü ildə gənclər arasında aparılan sorğuya görə, respondentlərin 98%-i cazibədar insanların cəmiyyətdə üstünlüklər qazandığına inanır. Bu mədəni təzyiq xüsusilə qadınlar üçün daha sərt və kəskindir — onlardan makiyaj, dəriyə qulluq və bədən quruluşu ilə bağlı ciddi gözləntilər var.
Kişilər üçün bu mövzu daha az açıq müzakirə olunur, lakin saç xətti geri çəkilən bəzi kişilər saç tökülməsini gizlətmək üçün ön saçlarını uzadır və ya bahalı müalicələrə müraciət edirlər.
Cənubi Koreyada saç tökülməsi müalicələri bazarının 2024-cü ildə təxminən 188 milyard von (95 milyon funt sterlinq) dəyərində olduğu düşünülür. Sənaye qruplarının iddiasına görə, 51 milyondan çox əhalisi olan ölkədə təxminən 10 milyon insan saç tökülməsi yaşayır, baxmayaraq ki, bu rəqəm rəsmi olaraq təsdiqlənməyib.
Xüsusilə saç tökülməsinə qarşı şampunlar çox populyardır, lakin son illərdə bəzi məhsullar effektivlik iddialarına görə tənqid olunub.
Li-nin təklifinin vaxtı xüsusilə həssasdır, çünki Cənubi Koreyanın səhiyyə sığortası sistemi artan maliyyə təzyiqi ilə üz-üzədir. Son daxili proqnozlara görə, sistemin 2026-cı ildə 4,1 trilyon von (2,1 milyard funt sterlinq) həcmində kəsirlə üzləşə biləcəyi bildirilir.
Tibb mütəxəssisləri bu ideyaya şübhə ilə yanaşıblar.
Nüfuzlu Koreya Tibb Assosiasiyası bəyan edib ki, “səhiyyə sığortası vəsaitlərini saç tökülməsi müalicəsinə yönəltməkdənsə, xərçəng və digər ciddi xəstəliklərin əhatəsini prioritetləşdirmək səhiyyə sığortasının prinsiplərinə daha uyğun olar.”
Mühafizəkar qəzetlər də xüsusilə tənqidi mövqe tutublar. Chosun Ilbo öz redaksiya məqaləsində yazıb ki, “sığorta haqqı ödəyən vətəndaşların fikirləri toplanmadan prezidentin belə bir göstəriş verməsi düzgün deyil.”
Səhiyyə naziri Conq In Gyonq təklifə ehtiyatla yanaşıb və Li-nin “sağ qalma” ifadəsini gənclərin iş axtarışı zamanı özünəinamı və bunun psixi sağlamlığa təsiri kimi şərh edib.
Radio verilişində əhatə dairəsinin genişləndirilməsinin sığorta maliyyəsinə ciddi təsir edib-etməyəcəyi soruşulduqda, Conq “Düşünürəm ki, bəli” cavabını verib və belə bir addımın əhatəli təhlil tələb etdiyini bildirib.
Keçmiş mühafizəkar deputat Yun Hi-suk, xərçəng müalicəsi alan bir qohumu olduğunu qeyd edərək Facebook-da yazıb ki, gənclərin saç tökülməsi ilə bağlı stressini başa düşsə də,
“birbaşa həyat və bədən funksiyaları ilə bağlı müalicələrin prioritetləşdirilməsi hazırkı ictimai konsensusdur.”
Hakim partiyanın deputatı, saç əkdirmə əməliyyatı keçirdiyini açıq şəkildə bölüşən və saç tökülməsi mövzusunda fəallığı ilə tanınan Park Cu-min isə X platformasında “əsl Koreya!” paylaşımı edərək bunu açıq dəstək kimi qiymətləndirilən bir mövqe sərgiləyib.
Mənbə:The Guardian
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

