Ötən gün – 21 aprel 2026-cı il tarixində Elm və Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində görkəmli maarifçi və yazıçı Sultan Məcid Qənizadənin anadan olmasının 160 illiyinə həsr olunmuş “Sultan Məcid Qənizadə–160” adlı tədbir keçirildi.
Tədbirin əsas məqsədi S.Qənizadənin Azərbaycan maarifçiliyinə, milli təhsilin inkişafına və ədəbi-mədəni irsə verdiyi töhfələrin təbliği, onun zəngin yaradıcılığının ictimaiyyətə daha geniş şəkildə çatdırılması idi.
Tədbiri giriş sözü ilə Xalq Təhsili Muzeyinin direktoru Zülfiyyə Şiriyeva açdı. Daha sonra muzeyin direktor müavini Kəmalə Həsənova və muzeyin bələdçisi S. Abdullayevanın təqdimatında “160 illik işıqlı irs: S.Qənizadə milli maarifçilik və təhsil uğrunda ömür” mövzusunda məruzə dinlənildi. Təqdimat çərçivəsində yazıçıya həsr olunmuş sənədli film və foto slaydlar nümayiş etdirildi.
Tədbirdə tanınmış elm və təhsil , MEDİA nümayəndələrinin çıxışları da baş tutdu. S.Qənizadə yaradıcılığının tədqiqatçıları ilə birgə “Gündəlik.az” saytının təsisçi-baş redaktoru Aynur Turan, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Göyərçin Abid qızı, F. Tağıyev adına 72 saylı məktəbin tarix müəllimi Aydın Allahverdiyev və s. çıxış edərək, Qənizadə yaradıcıllığından geniş söhbət açdılar.
Bununla yanaşı, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin elmi-kütləvi işlər şöbəsinin bələdçisi Sevinc Qasımova və muzeyin kompüter operatoru Rəvan Hüseynov da tədbirdə iştirak etdi.
Tədbirdə həmçinin Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar təmayüllü liseyin tarix müəllimi Sevil Nəsirova da çıxış etdi.
Tədbirin bədii hissəsində Bakı şəhəri 177 saylı məktəbin 3-cü sinif şagirdləri S.Qənizadənin uşaqlar üçün qələmə aldığı “Nağıl” əsəri əsasında hazırlanmış səhnəciklə tədbirə rəng qatdı. Səhnəcik Səadət Rzayevanın və Şəhla Hüseynova təşkilatçılığı ilə təqdim olundu.
Qeyd olundu ki, bu cür tədbirlər milli-mənəvi dəyərlərin, maarifçilik ənənələrinin və görkəmli şəxsiyyətlərin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
