Müasir beynəlxalq münasibətlər sistemində regional münaqişələr təkcə həmin bölgənin deyil, bütün dünyanın siyasi və iqtisadi proseslərinə ciddi təsir göstərir. Xüsusilə Yaxın Şərqdə baş verən gərginliklər qlobal enerji bazarına, dövlətlərarası münasibətlərə və geosiyasi güc balansına mühüm təsir edən əsas amillərdən biridir. İran və İsrail arasında artan qarşıdurma ehtimalı regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb ola bilər.
Bu mövzuda Gundelik.az xəbər portalının suallarını politoloq Elşad Mirbəşiroğlu cavablandıraraq müharibənin təsir dairələrini, regional prosesləri və dövlətlər arasında yarana biləcək yeni güc balansını geniş şəkildə şərh edib.
Tarix göstərir ki, böyük müharibələrdə bəzən döyüşən tərəflər deyil, kənarda qalan dövlətlər güclənir. Sizcə, bu münaqişədə “sürpriz qalib” ola biləcək ölkələr varmı?
– Bəli, həqiqətən də tarixdə tez-tez rast gəlinir ki, münaqişədə birbaşa iştirak edən tərəflərdən daha çox, kənarda dayanan qüvvələr müharibədən siyasi və iqtisadi dividendlər əldə edirlər. Bu hal tarixdə dəfələrlə müşahidə olunub.
Bu proses necə baş verir? Əgər iki tərəf silahlı qarşıdurma vəziyyətindədirsə, həmin tərəfləri silah-sursatla təmin edən dövlətlər və ya digər zəruri məhsullarla təmin edən ölkələr bundan daha çox fayda əldə edə bilirlər. Nəticədə onlar mənfəət qazanan tərəflərdən birinə çevrilirlər.
Hazırda Yaxın Şərqdə baş verən müharibənin konkret olaraq kimlərin maraqlarına xidmət etdiyi sualına isə birmənalı cavab vermək çətindir. Lakin müəyyən əlamətlərə istinad edərək demək olar ki, bu məsələ bir sıra geosiyasi amillərdən asılıdır.
Əgər İran və İsrail arasında müharibə uzunmüddətli regional qarşıdurmaya çevrilərsə, Yaxın Şərqin geosiyasi xəritəsində hansı yeni güc balansı yarana bilər?
– Bu münaqişə uzandıqca enerji daşıyıcılarının qiymətinin artacağı ehtimal olunur. Hətta bəzi proqnozlara görə, neftin qiyməti təxminən 200 dollar həddinə çata bilər. Bu isə neft ixrac edən ölkələr üçün böyük əlavə gəlirlər deməkdir.
Nəzərə alsaq ki, Hörmüz boğazından keçid təhlükəli ola bilər və Fars körfəzi ölkələri müəyyən mərhələdə neft ixracında çətinliklərlə üzləşə bilərlər, bu halda əsas neft ixrac edən ölkələrdən biri kimi Rusiya üçün əlverişli vəziyyət yarana bilər. Bildiyimiz kimi, Rusiyanın neft satışına qoyulan bəzi məhdudiyyətlər ABŞ tərəfindən aradan qaldırılıb. Hətta müzakirə olunur ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir hissəsi yumşaldıla və ya tamamilə ləğv oluna bilər. Bu münaqişə uzandıqca belə addımların atılması ehtimalı da artır.
Bu baxımdan demək olar ki, enerji bazarına rahat şəkildə neft və qaz çıxara bilən ölkələr mövcud vəziyyətdən daha çox fayda əldə edə bilərlər. Belə ölkələrin iqtisadiyyatına böyük həcmdə maliyyə vəsaitlərinin daxil olması mümkündür.
Digər tərəfdən, İran, ABŞ və İsrail arasında cərəyan edən silahlı qarşıdurma ABŞ və Avropanın diqqətini digər regionlardan yayındıra bilər. Məsələn, hazırda aktual məsələlərdən biri olan Ukrayna məsələsinə əvvəlki qədər diqqət ayrılmaya bilər. Bu isə müəyyən mənada Rusiyanın maraqlarına uyğun ola bilər. Eyni zamanda digər bölgələrdə də problemli məsələlər varsa və ABŞ-ın diqqəti həmin coğrafiyalardan yayınarsa, bu da həmin regionlarda maraqlı olan aktorların gözləntilərinə cavab verə bilər.
Münaqişənin uzanması halında regionda hansı dəyişikliklərin baş verəcəyi isə əsasən onun nəticəsindən asılı olacaq. Qüvvələr balansının necə dəyişəcəyini də məhz münaqişənin nəticəsi müəyyən edəcək.
Əgər Amerika Birləşmiş Ştatları İranda qarşıya qoyduğu hədəflərə nail ola bilsə, bu halda regionda ciddi geosiyasi dəyişikliklərin baş verməsi mümkündür. Belə bir vəziyyət Çinin və Rusiyanın mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Bildiyimiz kimi, İranın həm Rusiya, həm də Çinlə sıx siyasi və iqtisadi əlaqələri mövcuddur.
Eyni zamanda İranla Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur. Bu baxımdan ABŞ-ın üstünlük əldə etməsi faktiki olaraq Rusiyanın regiondakı mövqelərinin zəifləməsi ilə nəticələnə bilər.
Əksinə, əgər İran mövcud təzyiqlərə davam gətirə bilsə və ABŞ planlaşdırdığı nəticələrə nail ola bilməsə, bu halda regionda ABŞ-ın mövqelərinin müəyyən qədər zəifləməsi mümkündür. Bu vəziyyət ABŞ daxilində də siyasi müzakirələrə səbəb ola bilər.
Çünki əvvəlcədən planlaşdırıldığı kimi qısa müddət ərzində İranda rejim dəyişikliyinə nail olunmadı və əhalinin hakimiyyətə qarşı kütləvi etirazları baş vermədi. Bu isə ilkin hədəflərin tam reallaşmadığını göstərir.
Bu baxımdan həlledici amil kimi zaman faktoru çıxış edir. Əgər ABŞ müəyyən məqsədlərinə nail ola bilsə, bu, onun regiondakı mövqelərini gücləndirəcək. Əks halda isə İranın mövqelərinin güclənməsi mümkündür.
Belə bir halda İran nüvə proqramını və ballistik raket proqramını davam etdirə bilər, həmçinin Fars körfəzi regionunda təsir imkanlarını artırmağa çalışa bilər. Bu isə eyni zamanda Çinin və Rusiyanın da mövqelərinin müəyyən dərəcədə güclənməsinə səbəb ola bilər.
Ümumilikdə, münaqişənin silahlı eskalasiyasının miqyası və davametmə müddəti çox mühüm rol oynayacaq. Əgər qarşıdurma uzunmüddətli xarakter alarsa, digər dövlətlərin də münaqişəyə qoşulması ehtimalı arta bilər. Bu isə daha genişmiqyaslı və dağıdıcı nəticələrə gətirib çıxara bilər.
Bu səbəbdən də regionda güc balansının necə dəyişəcəyini demək üçün zaman amili əsas göstərici olaraq qalır.
Tərtib etdi: Səid Mikayılzadə
Gundelik.az
