Gundelik.az Siyasət Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək
Siyasət Xəbərlər

Sərdar Berdiməhəmmədov: Mərkəzi Asiya–Azərbaycan altıtərəfli formatı əməkdaşlığa yeni təkan verəcək

Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın yeni altıtərəfli əməkdaşlıq formatı region dövlətlərinin daha da yaxınlaşmasına kömək edəcək və əməkdaşlığa əlavə dinamika verəcək.

Gundelik.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə bildirib.

“Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu bu iclasda salamlamaqdan səmimi qəlbdən şadam”, – Prezident bildirib.

Berdiməhəmmədov xatırladıb ki, ötən il Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşündə Azərbaycanın bu formatda tamhüquqlu iştirakı barədə yekdil qərar qəbul edilib.

“Cənab İlham Heydər oğlu, icazə verin, Sizi və sizin simanızda Azərbaycanı bir daha təbrik edim”, – dövlət başçısı qeyd edib.

Türkmənistan Prezidenti həmçinin oktyabrın 8-də keçiriləcək birinci “Mərkəzi Asiya – Azərbaycan” sammitinin gündəliyinin layihəsinin hazırlandığını bildirib.

“Biz beş əsas istiqaməti əhatə edən gündəlik layihəsini hazırlayaraq iştirakçı dövlətlərə göndərmişik. Bunlar sülh, sabitlik və təhlükəsizliklə bağlı aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsinin aparılması, Mərkəzi Asiya ölkələri və Azərbaycanın siyasi-diplomatik qarşılıqlı fəaliyyətinin möhkəmləndirilməsi, energetika və dayanıqlı nəqliyyat-logistika dəhlizləri sahəsində əməkdaşlığın inkişafı, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə üzrə birgə tədbirlər, Aral dənizinin bərpası üzrə səylərin əlaqələndirilməsi, eləcə də mədəni, təhsil və elmi əlaqələrin inkişafı, tələbə mübadiləsinin genişləndirilməsidir”, – Berdiməhəmmədov qeyd edib.

Exit mobile version