Poeziya ən çətin sənətlərdən biridir. Bəlkə də yeganəsidir. Yalnız ona görə yox ki, o söz sənətidir. Onun xüsusi qanunları vardır, insandan peşəkarlıq və bacarıqdan başqa bir də ilahi vergi, istedad istəyir. Həm də ona görə ki, onu seçən, özünü ona həsr edən şəxsdən bu sənətin məsuliyyətini, nəcib məqsəd və ideallarını, fəlsəfəsini dərin və geniş dərk etməyi tələb edir. Poeziya şairdən poeziyanı tale yolu, sənət və əqidə yolu kimi etiraf edən insandan onun bütün varlığını, bütün həyatını tələb edir, bütün qəlbini və idrakını istəyir, bütün mənəvi qüvvəsini ancaq və ancaq ona həsr etməyi əsas şərt olaraq irəli sürür, şairin qarşısına ali məqsəd olaraq qoyur. Əgər insanda bu keyfiyyətlər yoxdursa, o, şair deyildir. Cabir Novruz tanrının ona verdiyi ömür payını bütövlükdə yazıb-yaratmış, müasir poeziyada çalışmış, fəaliyyət göstərmiş, mürəkkəb, narahat çağdaş milli poetik prosesdə fasiləsiz iştirak etmiş, onun vəzifələrini həyata keçirmək istiqamətində yaradıcılıq qüvvəsini əsirgəməmişdir. Onun şeirləri hər kəsi məftun edir. Ümumiyyətlə, Cabir Novruz haqqında cəsarətlə demək olar ki, o, Azərbaycanın ən böyuk vurğun şairlərindən biridir. Şair yaşasaydı onun 85 yaşını salon dolusu pərəstişkarları ilə qeyd edəcəkdik. Indi bu ad gününü təəssüflər olsun ki, onsuz qeyd edirik…
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan əməkdar incəsənət xadimi Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir. Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir. Cabir Novruz poeziyaya, sənətə bütün varlığı, ruhu ilə, məhəbbət və nifrəti ilə bağlıdır. O, kitablarına yazdığı bir ön sözdə özünü poeziya vurğunu, poeziya dəlisi adlandırır. Cabir Novruzun şeirlərinin pərəstişkarları, onu yaxından tanıyanlar, yaradıcılıq yolunu müntəzəm izləyənlər çox gözəl bilirlər ki, bu belədir; özü haqqında belə söylərkən şair qətiyyən qeyri-təvazökarlıq etməmişdir. Təsadüfi deyil ki, qırx illik poetik fəaliyyəti ərzində o, ancaq şair olaraq, özü də əsasən lirik şair olaraq qalmışdır. Ədəbi yaradıçılığın başqa formalarına və janrlarına müraciət etməmişdir. O yalnız şeir yazır, yalnız sehrli, ilahi poeziya pərisinə xidmət edir. Bu, pisdirmi, yaradıcılıq məhdudiyyətidirmi? Məncə yox, bu sözün geniş mənasında özünə poeziyaya sədaqətin yüksək və eyni zamanda ən adi təzahürlərindəndir. Bununla əlaqədar olaraq mən başqa bir həqiqəti də xatırlamaq istəyirəm. O da budur ki, şair əgər doğurdanda şairdisə, adi nəzm ustası deyilsə, başqa sözlə, şair istedad və fikir sahibidirsə, onun böyük sənətə, böyük poeziyaya yolu həmişə fərdi və təkrarsızdır. C.Novruz da belə şairdir, müasir poeziyamızın belə görkəmli nümayəndələrindən biridir. Baxmayaraq ki, o, çox istedadlı, böyük yaradıcılıq imkanlarına malik şairlərlə bir vaxtda, bir tarixi şəraitdə yazmağa və çap olunmağa başlamışdır. Onun poeziya yolu, yaradıcılıq taleyi və xüsusiyyətləri demək olar ki, heç kimə bənzəmir. C.Novruz poetik fərdiyyəti tapmaq və güclü olmaqla bərabər, həm də mənsub olduğu, içərisində təşəkkül tapdığı yaradıcılıq mühitinin, yaradıcılıq prosesinin bir çox əsas, mahiyyətli xüsusiyyətlərini meyllərini də özündə ehtiva edir. Cabir şeir üslubu onun özünəməxsus quruluşu, xarakteri vardır, bənzərsiz təhkiyə, lirik özünüifadə tərzi və səciyyəsi vardır. Bu belə də olmalıdır. Çünki o poeziyada həmişə, hətta öz imkanlarından bir qədər aşağı şeirlərində də özünə sədaqətlidir, kimsə yox, məhz özüdür. C.Novruz böyük və coşğun yaradıcılıq həvəsi və ilhamı ilə, öz əsərləri və bu əsərlərin ifadə etdiyi tamam yeni məzmunlu, yeni keyfiyyətli, yeni tərzli, əhvali-ruhiyyə və meyili ilə həmişə diqqət mərkəzində olubdur.
C.Novruzun poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən, şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın bir fikrini xatırlayıram: “Əgər mən təkəmsə, bir heçəm, əgər mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli aparmışdır, onda mən hər şeyəm”.
Cabir Novruz poeziyada təsadüfi yaxşı şeirlərlə görünüb sonra hansısa janrın sakit guşələrinə baş vuran şairlərdən olmamışdır. O, 50 illik yaradıcılığı dövründə həmişə oxucu tələbkarlığına inana-inana, onu məyus etməyərək, bir-birinin ardınca gözəl şeirlər və poemalar yaratmışdır. Bəs bu şairin fərdiliyi və özünəməxsusluğu nədədir?
Cabir Novruz haqqında yazılan məqalələrdə, onun kitablarına həsr edilən resenziyalarda tez-tez belə bir ifadə ilə rastlaşırsan: “Cabir Novruz təbiiliyi tərənnüm edir, o, sadə yazır”. Qeyd edək ki, bu fikirlə razılaşmamaq qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün natamam təsir bağışlayır. C.Novruz təbii şairdir, bu onun bütün şeirlərində duyulur. Təbiiliyə çağırış Cabir Novruz poeziyasının başlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada yoza bilərik. Birinci halda şair-gördüyümüz kimi, təbiilik anlayışının öz mənasına, məğzinə, cövhərinə üz tutur. Lakin onu da qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm də məhəbbət, həqiqət, bütövlük, ilkinlik və inam çalarları qazanır. “İnsan himnləri” adlı lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədii-estetik hüdudlarını daha da genişləndirir, milyon illər dəyişməyən duyğuları vəsf edir. Çünki “onlar daim təzə qalan duyğulardır. Ən müasir kəşflərə bəzək olan duyğulardır”. Bu duyğuları özündə yaşadan hər bir insan isə ayrıca bir dünyadır.
Cabir Novruzun poeziyası haqqında düşünəndə həmişə gözlərimiz qabağına Xızının zümrüd meşələrə bürünmüş sıldırımlı dağlarının döşündən qopan şəlalə gəlir. Bu şəlalə hündürlükdən qopub gümüş qollarını torpaq səadətinə uzatdığı kimi Cabir Novruz da uşaqlıq və gənclik həyatının şirin və romantik çağlarının xoşbəxt, qayğısız zirvəsdindən xalqın böyük həyatına can atır və bu səadətlə birləşməyi şair üçün ən yüksək zirvə sanır. Şəlalə sərt qayalarla ana torpaq arasındakı ani məsafəni sevinclə, həsrətlə enib torpağa qovuşduqdan sonra mavi çaya dönərək öz şəlalə uşaqlığından ayrıldığı kimi Cabir Novruz da yaradıçılığının romantik aşırımlarından və bu dövrə məxsus mövzulardan təbəssümlə ayrılmışdır. O, yaradıcılığının təbiət qədər gözəl və rəngarəng, yaşıl təbəssümlərlə dolu olan bu mərhələsindən bədii təfəkkütrün kamillik hökmüylə ayrılıb, həyatın dərinliklərinə baş vurmağı bacardı. Nəhayət, şəlalələr dənizə çevrildiyi kimi bu yaradıcılıq mərhələlərini təbii olaraq cəsarətlə addımlayan Cabir Novruzu da Xəzər kimi dəniz olmaq səadətinə yüksəltdi. Şair ilk dəfə poeziyamıza ana mövzusunda yazdığı məşhur şeirilə gəlmişdir.
Onun yaradıcılığındakı realizm, xəlqilik onun tükənməz istedadının əbədi mehmanıdır. Şairin yaradıcılığı ilə yaxından tanışlıq göstərir ki, o heç vaxt mövzu üçün darıxmamış, “nə yazım”, “nədən yazım” barədə çətinliyə düşməmişdir. Çünki, həqiqi sənətkar üçün qələm çalmağa mövzu məhdudiyyəti yoxdur. Onun fitri istedadı ilə müşahidəsinin nəticəsi idrakda birləşir, ürəyinin qaynar kürəsində sətirlər bişir, qanadlı nəğmətək ünvandan-ünvana uçurlar. Şairin poeziya çələnginin ən rayihəli, ən ətirli çiçəkləri anamız Azərbaycandır. Cabir Novruz poeziyasının da bütün məğzini, ulu diyarımız Azərbaycanın vəsvi təşkil edir:
Hər çiçəyin, hər yarpağın
əsillidir, nəsillidir.
Hər işığın, hər çırağın
bir səadət vüsalıdır.
Şairin yaradıcılığında Vətən mövzusu həm müstəqim, həm də içtimai məna kəsb edir. Öz xalqını, torpağını sevməyən bir insan başqalarını da sevə bilməz. Novruz yaradıcılığında Vətənə məhəbbət hissi, bizim vətənə sevgi gerçəkliyimizin qanunauyğunluğundan irəli gəlir. Şair doğma Azərbaycanını sevdirməklə böyük vətənimizə məhəbbətin gözəl tərənnümçüsünə çevrilmişdir. Sənətkarın yaradıcılığında diqqəti çəlb edən cəhətlərdən biri onun müasirliyi, bu günün nəbzini tutması, bütün varlığı ilə hadisələrə nüfuz etməsi, zamanın səsinə səs verməsidir.
Şairin bir çox şeirlərində əsasən həyati həqiqət dərin və realizm güclüdür. Cabir Novruz şeir və poemaları, bütövlükdə əsrləri sənətkarın bədii düşüncəsinin, yaradıcılq yolunun təkrarolunmaz mənzərəsi, düşündürücü güzgüsüdür.
Onun elə bir şairdir ki, onun yaradıcılığına müraciət etmək, şəxsiyyətindən söhbət açmaq çox çətindir. Cabir Novruz dünyasını çox tez dəyişdi. Hələ də inanmaq olmur ki, şair bu həyatda yoxdur. Cabir Novruz həm ruh etibarı ilə, həm fiziki, həm də mənəvi cəhətdən çox sağlam adam idi. Bu Azərbaycan ədəbiyyatı üçün çox ağır oldu. Cabir Novruz dərin düşüncəli müdrik, dinamik, poetik, coşqun tribun şairidir. Məhz belə şairlər öz dövrünün xüsusiyyətlərini, faciələrini, müvəffəqiyyətlərini açıq şəkildə boğa bilir və bu mənada tarixə çevrilirlər. Cabir Novruzun şeirləri başdan-ayağa, öz keçmişinə ricətdir. Cabir yaradıcılığını daha da gücləndirir. Cabir Novruz bir şeirdə, demək olar ki, on-on beş problemə toxunub və onların həllinin yolunu da göstərib.
Ölməz Füzulinin eşqi ilə şeirə gələn, Nəsimi taleyini özünə həyat amalı seçən Sabirdən həqiqəti əxz edərək “həqiqəti deyən adam güclü olur” söyləyən, 29 yaşında gedər-gəlməzə göndərilən Müşfiqdən nakamlığı öyrənən Cabir Novruz Azərbaycan poeziyasında özünəməxsus cığır açaraq ədəbilik qazanıb. Yarım əsrlik yaradıcılıq yolu keçmiş Cabir Novruzun şeirləri hər zaman cabirsevərlərin ürəyini oxşayacaq. Ancaq bütün bunlar təəssüf ki, onsuz baş verəcək. Onun yoxluğu ilə barışmayan oxucu şeirləri oxuyanda qəlblərində bir daha Cabir Novruz nuru, sönməz işığı, yanacaq. Bir daha əmin olacaqlar ki, Cabir Novruz şeri bəşəridir, həmişəyaşardır.
İnsanın əsl ömür yaşı onun həyatı dərk etdiyi, xoşbəxtlik sorağına düşdüyü zamandan başlayır. Onun da bir qismini müəyyən həyat şəraiti, cəmiyyət mövqeyi əldə etmək üçün çəkilən ağır zəhmətlərə, mübarizələrə sərf olunur, güzəran qayğılarına qurban gedir…. Bu gözəl dünyada nisbətən rahat ömür sürmək vaxtı isə hərənin qismətinə bir cür düşür. Yaşa dolduqca və nəslinin “yarpaq tökümü” başladıqda insanın əsl mənalı ömrünün haradan başlayıb, harada bitdiyini gördükdə, bu dövrün necə qısa olduğuna və taleyin kəmfürsətliyinə dərindən təəccüb və təəsüf edirsən. Unudulmaz şair Cabir Novruzun taleyinə olan acı təəssüflər kimi… Onun ard-arda itirdiyi doğmaları söz olub, sətirlərə düzüldü.
Məni tənha qoyub gedən əzizim.
Sənsiz yaşamaqda məna görmürəm.
Elə bil tutulub tamam sağ gözüm,
Bir gözlə necədir, dünya, görmürəm.
Böyük ləyaqət və istedad sahibi Cabir Novruzu çarəsiz xəstəlik taqətdən salıb həyat köhlənindən endirdisə də, sənət köhlənindən endirə bilımədi. Cabir Novruzu heç vaxt unutmayan və unuda bilməyən insanlar var və daim olacaqdır. Özü dünyadan köçsə də C.Novruzun poeziyası canlı bir ehtirasla bizi bütövlüyə çağırır, bütöv Azərbaycan qayəsini tərənnüm edir. Bu əbədiyaşar poeziyanın cövhərində Azərbaycana, onu özünə vətən sayan bütün insanlara tükənməz bir sevgi var. İnanıram ki, bu sevgi hər bahar, hər ürəkdə Cabir Novruz çiçəyi bitəcək. Biz onun gözüylə baxacağıq dünyaya. Onun gözləriylə görəcəyik insanları, insanlığı, torpağı və ən əsası Azərbaycanımızı. Onun sözləri ilə bir daha, bir daha sevəcəyik Azərbaycanımızı.
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var …
Sevin odum, ocağım, evim Azərbaycanı…
AYNUR TURAN
Gundelik.az
