İyul 15, 2026
Baku
Ədəbiyyat

“Sədaqət və Cəsarət Kredosu” əsərinə baxış: sədaqətin, vətənpərvərliyin və liderlik ruhunun salnaməsi

Epiloq
Sədaqət yalnız bir insana deyil, ideyaya,
dövlətə və milli mənafeyə bağlılıqdır;
məhz bu bağlılıq əsl siyasətçinin
mənəvi simasını müəyyən edir.
Hər bir insanın ömür yolu onun keçdiyi zamanın, mənsub olduğu cəmiyyətin və sadiq qaldığı dəyərlərin güzgüsüdür. Tarix isə yalnız böyük hadisələrin deyil, həmin hadisələri yaradan və ya onların axarında öz mənəvi mövqeyini qoruyub saxlayan şəxsiyyətlərin taleyi ilə yazılır. İnsan həyatı zamanın sınaqlarından keçdikcə onun həqiqi siması, əqidəsinin möhkəmliyi, sədaqətinin dərinliyi və cəsarətinin ölçüsü üzə çıxır. Məhz buna görə də şəxsiyyət anlayışı yalnız tutduğu vəzifə ilə deyil, yaşatdığı ideyalar, qoruduğu prinsiplər və cəmiyyətə qazandırdığı mənəvi dəyərlərlə müəyyən olunur. Dövlətçilik tarixində elə insanlar vardır ki, onların fəaliyyəti təkcə yaşadıqları dövrün deyil, gələcək nəsillərin də mənəvi yaddaşına çevrilir. Belə ziyalılar haqqında yazılan əsərlər isə sadəcə bioqrafik məlumat toplusu deyil, həm də bir dövrün ruhunu, ictimai düşüncəsini və milli ideallarını əks etdirən qiymətli mənbələrdir. Onlar oxucunu yalnız hadisələrlə tanış etmir, həm də insanın Vətənə, dövlətə, xalqa və öz əqidəsinə sədaqətinin mahiyyəti üzərində düşünməyə sövq edir.
Sədaqət və Cəsarət Kredosu əsəri də məhz bu baxımdan xüsusi diqqətə layiqdir. Əsər oxucuya bir insanın həyat yolunu təqdim etməklə yanaşı, sədaqət, vətənpərvərlik, məsuliyyət, liderlik və milli dəyərlərə bağlılıq kimi anlayışların həyatın müxtəlif mərhələlərində necə təzahür etdiyini nümayiş etdirir. Burada fərdi talelə nəzər salmaqla yanaşı, müstəqillik dövrü Azərbaycanın ictimai-siyasi mənzərəsi, dövlətçilik ideyalarının formalaşması və gənclərin bu prosesdə rolu da geniş şəkildə işıqlandırılır.
Mənim fikrimcə, hər bir əsərin əsl dəyəri onun oxucuda yaratdığı düşüncə ilə ölçülür. Əgər kitab insanı keçmişi anlamağa, bu günü düzgün qiymətləndirməyə və gələcək qarşısında məsuliyyət hiss etməyə sövq edirsə, deməli, o, öz missiyasını uğurla yerinə yetirmişdir. Sədaqət və Cəsarət Kredosu  da məhz belə əsərlər sırasındadır. Bu kitabı oxuyarkən bir daha əmin oldum ki, cəmiyyətin inkişafında fərdlərin mənəvi keyfiyyətləri, əqidəyə sədaqəti və xalqa xidmət amalı həlledici rol oynayır.
Təqdim etdiyim bu məqalədə əsərin ideya-məzmun xüsusiyyətlərini, müəllif Səməd Vəkilovun yazar kimi ustalığını, eləcə də kitabın baş qəhrəmanı Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun fəaliyyətini təhlil etməyə, əsərin Azərbaycan dövlətçilik düşüncəsi və müasir yanaşma baxımından əhəmiyyətini qiymətləndirməyə çalışmışam. Məqsədim yalnız kitab haqqında fikir bildirmək deyil, həm də onun oxucuda formalaşdırdığı mənəvi mesajları və cəmiyyət üçün ifadə etdiyi dəyərləri ön plana çıxarmaqdır.
Azərbaycanın müstəqillik tarixi yalnız dövlət sənədlərində və siyasi hadisələrdə deyil, həm də həmin dövrün canlı iştirakçılarının həyat yolunu əks etdirən əsərlərdə yaşayır. Məhz Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində inkişaf yoluna qədəm qoymuş, milli dövlətçilik ideologiyası cəmiyyətin əsas dayağına çevrilmişdir. Bu baxımdan Sədaqət və Cəsarət Kredosu kitabı təkcə bir şəxsin bioqrafiyası deyil, bütöv bir dövrün siyasi, ictimai və mənəvi panoramasını təqdim edən dəyərli əsərdir. Kitabın müəllifi Səməd Vəkilov oxucuya yalnız faktları təqdim etmir, eyni zamanda həmin faktların arxasında dayanan xarakteri, əqidəni, vətəndaş mövqeyini və insan keyfiyyətlərini də ustalıqla nümayiş etdirir.

Əsərin baş qəhrəmanı Sadiq Qurbanov müasir Azərbaycanın siyasi və ictimai həyatında fəal iştirak edən, dövlətçilik prinsiplərinə sədaqəti, gənclik illərindən formalaşmış liderlik keyfiyyətləri və milli maraqlara bağlılığı ilə seçilən şəxsiyyətdir. Onun fəaliyyətinin ideya əsasını Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyası, milli həmrəylik ideyası və Vətənə sədaqət prinsipləri təşkil edir. Kitab onun uşaqlıq illərindən başlayaraq ailə tərbiyəsini, tələbəlik dövrünü, ictimai fəaliyyətini, elmi yaradıcılığını, parlament fəaliyyətini və şəxsi keyfiyyətlərini sistemli şəkildə işıqlandırır.
Əsərin ən mühüm cəhətlərindən biri müəllifin Sadiq Qurbanovun kimliyini yalnız siyasi fəaliyyət prizmasından deyil, onun mənəvi keyfiyyətləri fonunda da dolğun şəkildə açmasıdır. Kitab boyu aydın görünür ki, Sadiq Qurbanov üçün siyasət məqsəd deyil, xalqa və dövlətə xidmət vasitəsidir. Onun həyat yolunda sədaqət anlayışı şəxsi münasibətlərlə məhdudlaşmır; bu sədaqət dövlətçilik ideallarına, milli maraqlara, qanunun aliliyinə və Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa bağlılıq kimi təzahür edir. Müəllif qəhrəmanın fəaliyyətində prinsipiallığı, məsuliyyət hissini, siyasi iradəsini və çətin məqamlarda belə mövqeyindən geri çəkilməməsini ön plana çıxarır. Eyni zamanda, Sadiq Qurbanovun elmə, təhsilə və gənclərin inkişafına verdiyi önəm onun siyasi simasını yalnız dövlət xadimi kimi deyil, həm də ziyalı kimi tamamlayır. O, ictimai-siyasi proseslərdə fəallığı ilə yanaşı, insanlarla münasibətlərində sadəliyi, səmimiyyəti, ünsiyyət mədəniyyəti və yüksək mənəvi dəyərlərə bağlılığı ilə seçilir.
Məhz bu xüsusiyyətlər onun obrazını vəzifə sahibi olan bir siyasətçi çərçivəsindən çıxararaq, əqidəsinə sadiq, dövlətçilik ənənələrini yaşadan və gələcək nəsillər üçün örnək ola biləcək bir şəxsiyyət səviyyəsinə yüksəldir.
Əsərin əsas üstünlüklərindən biri hadisələrin xronoloji ardıcıllıqla təqdim edilməsidir. Oxucu Sadiq Qurbanovun həyat yolunu izlədikcə, onun formalaşmasına təsir edən ailə mühiti, müəllimləri, dostları və yaşadığı ictimai- siyasi proseslər barədə dolğun təsəvvür əldə edir. Müəllif göstərir ki, lider ruhlu insanlar təsadüf nəticəsində deyil, illərlə formalaşan zəhmət, əqidə və düzgün tərbiyənin nəticəsində yetişirlər. Azərbaycan tarixində Heydər Əliyev məktəbi də məhz bu prinsiplər üzərində qurulmuş, dövlətə xidmət anlayışını yüksək mənəvi dəyər səviyyəsinə yüksəltmişdir.

Kitabda xüsusi diqqət çəkən məqamlardan biri Sadiq Qurbanovun gənclik illərindəki ictimai fəallığının geniş təsviridir. Azərbaycan dövlət müstəqilliyini
yenicə bərpa etdiyi mürəkkəb dövrdə onun gənclər təşkilatlarında fəaliyyəti, Yeni Azərbaycan Partiyasının quruculuq prosesində iştirakı və milli dövlətçilik ideyalarına sədaqəti yüksək qiymətləndirilir. Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xalqın tələbi və milli xilasa olan ehtiyac nəticəsində yaranmış siyasi məktəbdir. Müəllif bu fəaliyyəti sadəcə siyasi karyeranın başlanğıcı kimi deyil, gənc bir vətəndaşın Vətən qarşısında məsuliyyət hissinin ifadəsi kimi təqdim edir.
Mənim də Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil aldığım 1991–1996-cı illər Azərbaycanın ictimai-siyasi həyatında mürəkkəb və həlledici
bir dövrə təsadüf edirdi. Həmin illərdə formalaşan siyasi baxışlarımın əsasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sarsılmaz inam
dayanırdı. Tamamilə siyasiləşmiş universitet mühitində, xüsusilə auditoriyalarda və tələbələr arasında aparılan müzakirələrdə ölkənin mövcud böhrandan çıxış yolunun məhz Heydər Əliyevin siyasi iradəsi və zəngin dövlətçilik təcrübəsi ilə bağlı olduğunu qətiyyətlə müdafiə edirdim. Məhz həmin illərdə formalaşan bu siyasi baxış və əqidə sonrakı elmi fəaliyyətimin də əsas istiqamətini müəyyənləşdirdi və məni Heydər Əliyevin dövlətçilik irsinin sistemli tədqiqatçısı – Əliyevşünas kimi formalaşdırdı. Bu baxımdan,  Sədaqət və Cəsarət Kredosu əsərində əks olunan dövlətçilik, sədaqət və siyasi əqidəyə bağlılıq ideyaları mənimşəxsi dünyagörüşüm və həyat mövqeyimlə də səsləşir.
Əsərdə Ümummilli Lider Heydər Əliyevin siyasi məktəbinə xüsusi yer ayrılmışdır. Müəllif göstərir ki, Sadiq Qurbanovun siyasi baxışlarının
formalaşmasında Heydər Əliyevin dövlətçilik konsepsiyası mühüm rol oynamışdır.
Bu bağlılıq şəxsi maraqlardan deyil, dövlətə, xalqa və milli maraqlara xidmətprinsiplərindən qaynaqlanır. Kitab boyunca bu ideya müxtəlif faktlar, xatirələr və tarixi hadisələrlə əsaslandırılır. Müəllif bir daha göstərir ki, dövlətə sədaqət və xalqa xidmət Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfəsidir. Sadiq Qurbanovun fəaliyyəti yalnız siyasətlə məhdudlaşdırılmır. Əsərdə onun elm adamı, pedaqoq və ziyalı kimi fəaliyyəti də geniş şəkildə işıqlandırılır.
Elmi araşdırmalar aparması, universitetdə pedaqoji fəaliyyət göstərməsi və gənclərin yetişdirilməsinə verdiyi töhfələr müəllif tərəfindən xüsusi vurğulanır. Bu yanaşma göstərir ki, əsl dövlət adamı yalnız siyasi tribunada deyil, elm və təhsil sahəsində də cəmiyyətə xidmət etməlidir. Heydər Əliyevin Təhsil millətin gələcəyidir ideyasına uyğun olaraq, müəllif qəhrəmanın elmi fəaliyyətini də dövlətə xidmətin mühüm istiqaməti kimi təqdim edir.
Kitabın maraqlı cəhətlərindən biri də müxtəlif sənədlərin, qəzet materiallarının, fotoşəkillərin, müsahibələrin və arxiv materiallarının istifadə edilməsidir. Bu sənədlər əsərin dəyərini artırmaqla yanaşı, oxucuda hadisələrin həqiqiliyinə inam yaradır. Xüsusilə 1990-cı illərin mürəkkəb siyasi hadisələri ilə bağlı təqdim edilən sənədlər həmin dövrün ictimai mühitini daha aydın təsəvvür etməyə imkan verir. Bu hadisələrin fonunda Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi missiya daha aydın görünür.

Əsərin dili sadə, axıcı və səmimidir. Səməd Vəkilov mürəkkəb siyasi hadisələri belə oxucu üçün anlaşıqlı formada təqdim etməyi bacarır. Müəllif faktlarla yanaşı, qəhrəmanın mənəvi keyfiyyətlərini də təsvir etdiyindən oxucu yalnız hadisələri deyil, həmin hadisələrin yaratdığı mənəvi atmosferi də hiss edir.
Bu mənəvi atmosferin əsasını isə Heydər Əliyev ideyalarına sədaqət, dövlətçilik düşüncəsi və milli birlik fəlsəfəsi təşkil edir.

t.ü.f.d., dos. Leyla Hüseynova
AMEA A.A.Bakıxanov adına Tarix və
Etnologiya İnstitutunun “Əliyevşünaslıq”
şöbəsinin aparıcı elmi işçisi

Gundelik.az