Temperaturun yüksəlməsi ilə birlikdə havadakı rütubətin artması, xüsusilə astma və KOAH xəstələrində nəfəs darlığı, öskürək və xırıltı kimi şikayətlərin güclənməsinə səbəb olur. Yüksək rütubət yalnız gündüz saatlarında deyil, gecə yuxusu zamanı da nəfəs almağı çətinləşdirərək yuxu keyfiyyətini aşağı salır. Mütəxəssislər yeni başlayan və ya getdikcə şiddətlənən nəfəs darlığının yalnız isti hava ilə əlaqələndirilməməsi barədə xəbərdarlıq edirlər.
Yay aylarında bürkülü istiyə yüksək rütubət də əlavə olunduqda nəfəs almaq bir çox insan üçün çətinləşir. Xüsusilə astma, KOAH və digər xroniki tənəffüs yolu xəstəlikləri olan şəxslərdə öskürək, xırıltı, döş qəfəsində sıxılma və nəfəs darlığı kimi şikayətlər daha qabarıq şəkildə özünü göstərir.
ASTMA VƏ KOAH XƏSTƏLƏRİ DAHA DİQQƏTLİ OLMALIDIR
İsti və rütubətli hava astma və KOAH xəstələrində nəfəs darlığı, öskürək, xırıltı və döş qəfəsində sıxılma kimi əlamətləri artırır. Buna görə xəstələrin gündəlik şikayətlərindəki dəyişiklikləri diqqətlə izləmələri vacibdir.
Sinə xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Sinem İliaz yüksək rütubətin yalnız açıq havada deyil, qapalı məkanlarda da tənəffüs sağlamlığına mənfi təsir göstərə biləcəyini bildirir. Uzun müddət rütubətli qalan evlərdə kif və ev tozu gənələrinin çoxalması, xüsusilə allergiyaya meyilli insanlarda və astma xəstələrində şikayətləri tətikləyir.
İSTİ VƏ RÜTUBƏTLİ OTAQLAR YUXU KEYFİYYƏTİNİ AŞAĞI SALIR
Temperatur və rütubətin eyni vaxtda yüksəlməsi gecə yuxusuna da mənfi təsir göstərir.
Yuxu zamanı bədən temperaturunun aşağı düşməsi yuxuya getmək və keyfiyyətli yuxunu davam etdirmək üçün vacibdir. Lakin isti və rütubətli otaqlarda bədənin istiliyini itirməsi çətinləşir.
Güclü tərləmə, bürkü və rahat nəfəs ala bilməmə səbəbindən insan gecə ərzində dəfələrlə oyanır. Kifayət qədər yatmasına baxmayaraq, səhər özünü yorğun və dincəlməmiş hiss edir.
Burun tutulması, astma, KOAH və ya yuxu apnesi olan insanlarda gecə yaranan tənəffüs problemləri yuxu keyfiyyətinə daha ciddi təsir göstərir. Buna görə yataq otağının sərin saxlanılması, mütəmadi havalandırılması və həddindən artıq rütubətdən qorunması tövsiyə olunur.
NƏFƏS DARLIĞINI YALNIZ İSTİ HAVAYA BAĞLAMAYIN
Mütəxəssislər nəfəs darlığının müxtəlif sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyinə diqqət çəkirlər. Xüsusilə yeni başlayan və ya getdikcə şiddətlənən nəfəs darlığını yalnız isti və rütubətli hava ilə əlaqələndirmək olmaz.
Nəfəs darlığı gündəlik fəaliyyətlərə mane olursa, istirahət zamanı da davam edirsə və ya sinə ağrısı, dodaqlarda və dəridə göyərmə, güclü xırıltı kimi əlamətlərlə müşayiət olunursa, mütləq tibb müəssisəsinə müraciət edilməlidir.
Xroniki tənəffüs yolu xəstəliyi olan şəxslərə də mövcud şikayətlərində nəzərəçarpacaq artım müşahidə etdikdə həkimləri ilə əlaqə saxlamaları tövsiyə olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
