Gundelik.az Dünya Rusiya-Ukrayna müharibəsinə Kremlin Pekindən asılılığını artırr – ŞƏRH
Dünya Siyasət Xəbərlər

Rusiya-Ukrayna müharibəsinə Kremlin Pekindən asılılığını artırr – ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasında çıxışı zamanı bir sıra məqamlara toxunub. Birincisi, Zelenski bildirib ki, Ukrayna ordusu 150-dən 3000 kilometrədək məsafədə yerləşən hədəfləri öz istehsalı olan uzaqmənzilli silahlarla vura bilir. Bununla Ukrayna Prezident demək istəyib ki, ölkəsi ABŞ-nin uzaq mənzilli raketlərini almaq istəsə də, ancaq bu olmasa belə Rusiyanın strateji mərkəzlərinə zərbə endirə biləcək raketlərə malikdir.

Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

O qeyd edib ki, Zelenski eyni zamanda onu da vurğulayıb ki, ABŞ-dən alınan uzaqmənzilli silahlar Rusiya ərazisindəki obyektlərə qarşı istifadə edilməyib: “Bu, Vaşinqtonun tələblərindən biridir. Buna baxmayaraq, Zelenski Ukraynanın yaxın gələcəkdə “Tomaqavk” raketlərinə sahib olmaq istəyini səsləndirib. Halbuki, ABŞ Prezidenti Donald Tramp raketlərin Ukraynaya verilməsini ləngidir. Digər tərəfdən, Ukraynaya verilməsi planlaşdırılan 50 “Tomaqavk” raketinin müharibədə dönüş yaradacağını söyləmək də çətindir”.

Politoloq bildirib ki, Zelenski Ukraynanın iştirakı olmadan Rusiya və ABŞ liderləri arasında görüşün əleyhinə olduğunu gizlətməyib: “Həqiqətən işğala məruz qalan Ukraynadırsa, müharibənin hansı şərtlər altında dayandırılması mövzusunun müzakirəsində bu ölkənin liderinin iştirakı vacibdir. Məsələn, Ağ Ev sahibi Zelenskinin Rusiyanın Ukraynanın işğal etdiyi ərazilərlə barışmasını istəyir. Zelenski atəşkəsə razıdır, Kreml sahibi Vladimir Putinin isə atəşkəsə razılaşmanın qarşılığında Kiyevdən işğal edə bilmədiyi əraziləri tələb edir. Kiyev bu alçaldıcı tələbə yerinə yetirməyəcək. Elə bunun nəticəsidir ki, ABŞ və Rusiya prezidentlərinin Macarıstanın paytaxtı Budapeştdə planlaşdırılan görüşü təxirə salındı. Putinin tələbinin məntiqsiz olduğunu Tramp da qəbul edib. Zelenskinin mövqeyi qətidir: “Ukrayna Rusiyaya ərazi güzəştlərinə getməyə hazır deyil”.

Politoloq vurğulayıb ki, Ukrayna Prezidenti Avropa Şurasındakı çıxışında Çin və bu ölkənin lideri Si Cinpinin siyasətinə də toxunub: “Zelenski deyib ki, Si Cinpin Rusiyaya silah satmayacağı barədə ona məlumat verib. Zelenski bu vədin yerinə yetirilmədiyini bu şəkildə qiymətləndirib: “Çin Rusiyaya kömək edir. Çin Ukraynaya yardım etmir. Çin nə bizim qələbəmizdə, nə də Rusiyanın məğlubiyyətində maraqlıdır”. Bu həqiqətdir. Çinin xarici işlər naziri Van Yi Brüsseldəki görüşlərinin birində Çinin Rusiyanın məğlubiyyətində maraqlı olmadığını belə izah edib: “Rusiya məğlub olarsa, ABŞ bütün diqqətini Çinə yönəldəcək və bizə təzyiq artacaq”. Əslində Rusiya-Ukrayna müharibəsi bir başqa səbəbə görə də Pekinin maraqlarına cavab verir. Bu müharibə Rusiyanı taqətdən salır və Kremlin Pekindən asılılığı artmaqda davam edir”.

Gundelik.az 

Exit mobile version