Cümə axşamı Rusiya və İran arasında bu ilin yanvarında iki ölkə prezidentləri tərəfindən Moskvada imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi rəsmi olaraq qüvvəyə minib.
Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN-in açıqlamasında bildirilir ki, bu hadisə Rusiya-İran dövlətlərarası münasibətlərində hərtərəfli strateji tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini göstərən mühüm mərhələdir. Saziş uzunmüddətli ikitərəfli əməkdaşlığın bütün prioritet sahələri üzrə əsas istiqamətləri müəyyən edir.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, sənəd “çoxqütblü dünya nizamının formalaşması kontekstində beynəlxalq arenada əməkdaşlığın gücləndirilməsini, aparıcı çoxtərəfli birliklər çərçivəsində sıx əlaqələndirməni, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün birgə səyləri, həmçinin ümumi çağırış və təhdidlərə qarşı mübarizəni” nəzərdə tutur.
Bəyanatda həmçinin vurğulanır ki, saziş Rusiya və İranın ali siyasi rəhbərliyinin dostluq və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirmək üzrə strateji seçimlərini əks etdirir və hər iki ölkənin xalqlarının fundamental maraqlarına cavab verir.
Gundelik.az

