Gundelik.az Elm və təhsil Repetitorsuz yüksək bal toplamaq mümkündürmü? – Təhsil eksperti Anar Kazımovdan AÇIQLAMA
Elm və təhsil Xəbərlər

Repetitorsuz yüksək bal toplamaq mümkündürmü? – Təhsil eksperti Anar Kazımovdan AÇIQLAMA

Ali məktəbə qəbul üçün hazırlıq prosesi bir çox şagird və valideyn üçün eyni sualla başlayır: yüksək bal toplamaq üçün mütləq repetitor yanına getmək lazımdırmı? Bəzi şagirdlər əlavə hazırlıq olmadan da yüksək nəticə göstərərkən, digərləri aylarla repetitor dəstəyi ilə çalışsa belə istədiyi balı toplaya bilmir. Bu isə uğurun əsas meyarının repetitor, yoxsa şagirdin öz hazırlıq sistemi olması ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Mövzu ilə bağlı təhsil eksperti Anar Kazımov Gundelik.az-a bildirib ki, repetitor hazırlığı yüksək nəticəyə zəmanət verən əsas amil deyil.

Onun sözlərinə görə, şagirdin məqsədi, sistemli çalışması, vaxtını düzgün idarə etməsi və mövzuları nə dərəcədə mənimsəməsi nəticəyə birbaşa təsir edən əsas faktorlardandır.

Ekspert qeyd edib ki, repetitorsuz yüksək bal toplamaq tamamilə mümkündür, lakin bunun üçün şagirdin fərdi çalışma intizamı və düzgün hazırlıq strategiyası olmalıdır.

“Repetitor sadəcə hazırlıq prosesində şagirdə istiqamət verən vasitələrdən biridir. Əsas məsələ şagirdin öz üzərində necə işləməsidir. Əgər şagird dərsləri vaxtında mənimsəyir, başa düşmədiyi mövzular üzərində əlavə işləyir, mütəmadi testlər həll edir və səhvlərini analiz edirsə, repetitorsuz da yüksək nəticə göstərə bilər.

Əksinə, repetitor yanına getmək avtomatik olaraq yüksək bal demək deyil. Şagird dərsdə iştirak edir, lakin evdə təkrar etmir, testlər üzərində işləmirsə və buraxdığı səhvlərin səbəbini araşdırmırsa, əlavə hazırlığın effektivliyi də aşağı düşür. Burada əsas məsələ hazırlığın forması deyil, onun nə qədər sistemli və məqsədyönlü aparılmasıdır”, – deyə Anar Kazımov vurğulayıb.

Təhsil eksperti deyir ki, repetitor ehtiyacı hər şagird üçün eyni deyil. Bəzi şagirdlər məktəbdə keçirilən dərslər və müstəqil hazırlıqla proqramı mənimsəyə bildiyi halda, digərlərinin müəyyən fənlər üzrə əlavə izaha ehtiyacı yarana bilər.

“Şagird öz zəif və güclü tərəflərini düzgün müəyyənləşdirməlidir. Məsələn, hansısa fənn üzrə mövzuları yaxşı mənimsəyirsə və test nəticələri bunu göstərirsə, həmin fənn üçün mütləq əlavə repetitor dəstəyinə ehtiyac olmaya bilər. Əksinə, müəyyən mövzuları dəfələrlə oxumasına baxmayaraq başa düşməkdə çətinlik çəkirsə, müəllim və ya repetitor dəstəyi faydalı ola bilər.

Valideynlər də bu məsələdə yalnız ətrafdakı şagirdlərin hazırlıq formasına əsaslanmamalıdır. Bir şagirdin repetitor yanına getməsi digər şagirdin də mütləq repetitorla hazırlaşmalı olduğu anlamına gəlmir. Hər şagirdin öyrənmə sürəti, potensialı və ehtiyacları fərqlidir”, – deyə o əlavə edib.

Anar Kazımovun sözlərinə görə, yüksək nəticə əldə etmək istəyən şagird üçün ən vacib məsələlərdən biri real və davamlı hazırlıq planının qurulmasıdır. Onun fikrincə, son aylarda intensiv şəkildə çalışmaq əvəzinə, hazırlıq prosesini əvvəlcədən planlaşdırmaq, mövzuları mərhələli şəkildə mənimsəmək və mütəmadi sınaq imtahanlarında iştirak etmək daha effektiv yanaşmadır.

Ekspert həmçinin valideynlərin şagird üzərində həddindən artıq təzyiq yaratmasının düzgün olmadığını qeyd edib. Onun sözlərinə görə, yüksək bal məqsədilə yaradılan psixoloji təzyiq bəzən şagirdin motivasiyasına mənfi təsir göstərə bilər.

Beləliklə, yüksək bal toplamaq üçün əsas şərt repetitorun olub-olmaması deyil, hazırlıq prosesinin düzgün qurulmasıdır. Repetitor bəzi şagirdlər üçün vacib dəstək vasitəsi ola bilər, lakin nəticəni müəyyən edən əsas amillər arasında sistemli çalışma, mövzuların mənimsənilməsi, mütəmadi test həlli, səhvlərin analizi və imtahana düzgün psixoloji hazırlıq xüsusi yer tutur.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version