Sənət insanın daxili dünyasının aynasıdır. Bəzən bir rəsm əsəri sözlərin ifadə edə bilmədiyi hissləri, düşüncələri və həyat fəlsəfəsini özündə yaşadır. Bu günkü müsahibimiz rəssamlığı yalnız peşə deyil, həyat missiyası hesab edən, yaradıcılığı ilə müxtəlif beynəlxalq layihələrdə iştirak edən, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla həyata keçirdiyi sosial təşəbbüslərlə diqqət çəkən tanınmış rəssam, Rəssamlar İttifaqının və YUNESKO Beynəlxalq Rəssamlar Assosiasiyasının üzvü Mehriban Alışovadır. O, sənətə baxışını, uğur yolunu və həyatın ona öyrətdiyi dəyərləri Gundelik.az xəbər portalının oxucuları ilə bölüşdü.
Mehriban xanım, sizcə, rəssamlıq insanın peşəsidir, yoxsa daxili taleyi?
– Mənim fikrimcə, rəssamlıq insanın daxili taleyidir. İnsan sonradan sadəcə rəsm çəkməyi öyrənə bilər, lakin əsl rəssam kimi doğulmalıdır. Bu, Allahın bəxş etdiyi bir istedaddır. Əlbəttə, öyrənmək, çalışmaq və daim inkişaf etmək vacibdir. Ancaq həqiqi sənətkar olmaq üçün həmin qabiliyyət insanın daxilində doğuşdan mövcud olmalıdır. Mən rəssamlığı peşədən daha çox taleyin bir hissəsi, insanın həyat missiyası hesab edirəm.
Xaricdə aldığınız təhsil sənət dünyagörüşünüzü necə dəyişdi?
– Xaricdə aldığım təhsil yaradıcılığıma və dünyaya baxışıma çox böyük təsir göstərdi. Dünyanı daha geniş rakursdan görməyə başladım, sənət haqqında düşüncələrim daha da zənginləşdi. Pandemiya dövrünə təsadüf etdiyi üçün təhsilimi distant formada almışam. Buna baxmayaraq, müəllimlərlə davamlı ünsiyyətdə olmuş, onların təcrübəsindən bəhrələnmişəm.
Dünya səviyyəli rəssamların yaradıcılıq yanaşmalarını öyrənmək mənə sənətə daha peşəkar və qlobal baxış formalaşdırmağa kömək etdi. Bu proses yalnız yaradıcılığıma deyil, həm də düşüncə tərzimə yeni üfüqlər qazandırdı.
Uğurlu layihələriniz arasında sizi ruhən ən çox dəyişən hansı olub?
– Yaradıcılıq yolumda məni ən çox ruhlandıran və sənətə daha da bağlayan layihələrdən biri “Bahar” adlı beynəlxalq sərgi olub. Həmin sərgidə dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri nümayiş etdirilirdi və mənim də iki əsərim sərgilənmişdi.
Sərgidə təqdim olunan “Qızılgül” adlı əsərim xüsusi maraq doğurdu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qızları Leyla Əliyeva və Arzu Əliyeva həmin əsəri bəyənərək satın aldılar. Bu hadisə mənim üçün yalnız uğur deyil, həm də böyük mənəvi stimul oldu.
Həmin vaxta qədər əsərlərimi satmağa tərəddüdlə yanaşırdım. Lakin sonradan anladım ki, sənət əsəri insanlarla görüşməli, onların həyatına daxil olmalı və evlərinə gözəllik gətirməlidir. Bu gün əsərlərimin müxtəlif insanların evlərini bəzədiyini və onlara sevinc bəxş etdiyini eşitmək mənə xüsusi məmnunluq verir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla həyata keçirdiyiniz layihələr sizə həyat haqqında nə öyrətdi?
– Deyə bilərəm ki, həmin uşaqlarla ünsiyyət mənim həyata baxışımı kökündən dəyişdi. Onların sayəsində daha çox kamilləşdim, insanlığın və həyatın mahiyyətini daha dərindən dərk etməyə başladım. Vaxtilə əhəmiyyət verdiyim bir çox xırda məsələlər bu gün mənim üçün öz dəyərini itirib.
Bu uşaqlar mənə şükür etməyi öyrətdi. Onlara baxdıqca insan sahib olduğu hər bir nemətin qədrini daha yaxşı anlayır. Onlar son dərəcə həssas, saf düşüncəli və səmimi insanlardır. Dünyaya baxışlarında xüsusi bir təmizlik və dürüstlük var.
Onlarla birlikdə olarkən daxili rahatlıq tapıram, həyatın gözəlliklərini daha dərindən hiss edirəm. Mənə elə gəlir ki, həmin uşaqların yanında insan mənəvi baxımdan zənginləşir, həyata və Yaradanın bəxş etdiyi nemətlərə daha böyük minnətdarlıq hissi ilə yanaşır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə verə biləcəyi ən böyük mesaj nədir?
– Bir sözlə ifadə etsəm, bu mesaj “şükür”dür.
Onlar bizə sahib olduqlarımızın dəyərini bilməyi, həyata minnətdarlıqla yanaşmağı və hər günün qədrini duymağı öyrədirlər. İnsan çox vaxt gündəlik qayğıların içində həyatın əsl dəyərlərini unudur. Həmin uşaqlar isə öz saf varlıqları ilə bizə yaşamağın mənasını yenidən xatırladırlar.
Mehriban Alışovanın fikirlərində sənətə olan sevgi ilə yanaşı, insanlığa, mərhəmətə və mənəvi dəyərlərə bağlılıq da aydın hiss olunur. Onun yaradıcılıq yolu göstərir ki, həqiqi sənət yalnız gözəllik yaratmaq deyil, həm də insan ruhuna işıq saçmaq, ümid vermək və cəmiyyətə fayda gətirmək missiyası daşıyır. Rənglər vasitəsilə danışan bu sənətkarın həyat fəlsəfəsi də elə əsərləri kimi səmimi, işıqlı və mənalıdır. Sonda söylədiyi fikir isə, onun daxili dünyasının işığı idi: “Rəssamlıq mənim taleyimdir”.


Gundelik.az
