ŞÜTÜYƏR YAZ QATARI
Martın öz gözəlliyi,
Aprelin öz yeri var.
Mayda şahlıq taxtına
Əyləşər gözəl bahar…
Şütüyər yaz qatarı,
Buludlar köks ötürər.
Qupquru yamacları
Muradına yetirər…
Qış uzunu yatanlar
Hey can atar günəşə!
Deşib qarı, boylanar
Novruzgülü, bənövşə!
Qönçələr gülə dönər,
Tumurcuqlar çiçəyə!
Böcəklər can söyləyər
Əsən isti küləyə!
Baharın gəlişinə
Sevinməsək, ar olar!
Çəməndə bəxtəvərdi
Kəpənəklər, arılar!
Çiçək açar badamlar,
Çiçək açar alçalar.
Şütüyər yaz qatarı,
Ildırımlar əl çalar!
Gün qızdırar torpağı,
Çəkilər şaxta, sazaq…
Dağların sinəsində
Şəlalə dönər saza!
Güllərin qoxusundan
Ətirlənər yamaclar.
Yenə verər səs-səsə
Torağaylar, turaclar…
Yaz şehi çiçəklərin
Gözlərində bərq vurar.
Qızılgüllər açılar,
Bülbüllər cəh-cəh vurar…
Çiçəklər çəmənlikdə
Dönər şama-çırağa.
Ilk baharın əlində
Lalə dönər bayrağa!
Yamyaşıl dünyamıza
Baxmaqla doymaz gözlər!
Dağlar yolumu gözlər,
Düzlər yolumu gözlər…
Şütüyər yaz qatarı
Ötər bağçadan, bağdan.
Keçər selli dərədən,
Aşar şimşəkli dağdan…
Qoca dünya gəncləşər,
Hamı rahat yaşayar!
Şütüyər yaz qatarı
Hey gül-çiçək daşıyar…
QOY GƏLSIN
BAHAR
Dağa yağıb qar,
Düzə yağıb qar.
Qoy gəlsin bahar,
Ərisin buzlar.
Dağda da çiçək,
Düzdə də çiçək.
Dərsin sevincək
Oğlanlar, qızlar.
Dağda da yonca,
Düzdə də yonca.
Gəlib doyunca
Yesin quzular.
Dağda da yellər,
Düzdə də yellər.
Qoy gəlsin bahar,
Sevinsin ellər, –
Gülsün arzular!…
BAHARIN GƏLIŞI
Düzlərdə qar əridi,
Qış dağlara çəkildi.
Yerdən novruzgülülər
Baş qaldırdı, dikəldi.
Mürgülü bənövşələr
Yuxusundan oyandı.
Budaqlarda yarpaqlar
Yaşıl işıq tək yandı.
Sevinərək ”Yaz gəlib!” –
Deyirdi ağacdələn.
Meşənin qapısını
Döyürdü ağacdələn!
-Aç, aç qapılarını,
Sevimli bahar gəlir!
Gözün aydın, ay meşə,
Budaqlara bar gəlir!
Təzə qonaqlar gəlir,
Sevimli bahar gəlir…
BAHARIN XALÇASI
Ötdü turac, açdı çiçək, gəldi yaz,
Dur çəməni seyr eləyək, ay Niyaz!
Lalə, bənövşə səpilib hər yana,
Düzlərə bax, azca qalır çöl yana!
Xalça hörürmü görəsən ilk bahar?
Hər ilmədə min çiçəyin rəngi var.
Lalələrin hər biri şeh dolçası,
Gör nə qəşəngdir baharın xalçası!
BU DA BAHAR
Hələ qar əriməyib,
Quzum tapsın ot harda?
Kövşənlərdə ot azdı,
Yağış yağa, ot arta!
– Bu da bahar, quzunu
Apar çöldə otar da!
YAĞIŞ YAĞANDA
Dağların üzərindən
Bir top bulud ötürdü.
Birdən gurladı şimşək,
Düzənlərə, dağlara
Bahar sevinc gətirdi.
Yağış yağdı inci tək.
Çiçəklərin əlində
Elə bil ki, çətirdi
Göbələk…
BAHARDA
Şimşəklər buludu
Qamçılar,
Buluddan ayrılar
Damcılar.
Buludlar torpağa
Pay atar,
Torpaqdan çiçəklər
Boy atar…
YAĞIŞDAN SONRA
Ilk bahar yağışıyla
Çimib çöl, çimib çəmən.
Ətrafı seyr edirəm
Öz kiçik pəncərəmdən.
Yağış kəsir, buludlar
Tərk edir göy üzünü.
Çiçəklər, yasəmənlər
Günə verir özünü.
BUDAQLARIN AĞ IŞIĞI
Yaz gələndə çiçəkləri
Qısqanıram çiçəklərə.
Budaqların ağ işığı
Dolur sevən ürəklərə.
Məşşatəyə dönür bahar,
Bağçanı, bağı bəzəyir.
Çiçəklənən hər bir ağac
Bir ağ yelkənə bənzəyir.
Bu yazın odlu nəfəsi
Içimdən gəlib keçəcək.
Ağ don geyinən ağaclar
Elə bil gəlin köçəcək…
DİLİ AÇILIR
Ürək yamanca sevinir
Ilk baharın gəlməsinə.
Vurulmuşam təbiətin
Hər sözünə, kəlməsinə.
Bahar körpə tumurcuğun,
Yarpağın dilini bilir.
Sinəsində inci yatan
Torpağın dilini bilir.
Danışır dərələr, dağlar,
Danışır düzlər, yamaclar.
Torpağın sözü deyilmi
Otlar, çiçəklər, ağaclar?
Günəş güldükcə bağların
Çiçəyi, gülü açılır.
Nəvaziş görəndə daşın,
Torpağın dili açılır…
BAHAR
Sən gəlirsən, nəfəsinlə
Yatanları oyadırsan.
Böyüyürsən yarpaq-yarpaq,
Çiçək-çiçək boy atırsan.
Ağacların budaqları
Olub puçur-puçur, bahar.
Dirəklərin də könlündən
Yarpaqlamaq keçir, bahar!
ÖPƏ-ÖPƏ
Yaz yağışı budaqların
Çoxunu yuyur,
Qarlı qışdan miras qalan
Qoxunu yuyur.
Tumurcuğun qulağında
Sırğaya dönür,
Budaqların ürəyindən
Qorxunu yuyur.
Oyan deyir, – qış uzunu
Yatdığın yetər.
Ağacların gözündəki
Yuxunu yuyur.
Yağış yağır,
gülümsəyib
Boy atır Günəş.
Təbiəti öpə-öpə
Oyadır Günəş
YAZ QARI
Gözəlləşib badamlar,
Gözəlləşib alçalar.
Baxıram sevinc ilə,
Budaqlara yağıb qar.
Səma necə aydındı,
Göydə bulud görünmür.
Günəş öz işindədi,
Bəs niyə qar ərimir?
Ağ don geyən budaqlar
Bir-birindən göyçəkdi.
Onların əynindəki
Qar deyil ha, çiçəkdi.
BAHARIN MƏKTUBU
Bahar məktub yazıbdır,
Xətti necə qəşəngdi.
Bu məktubun hər sözü,
Hər kəlməsi çiçəkdi.
O, quru budaqların
Üstündən yarpaq asıb.
Bizə öz məktubunu
Yaşıl qələmlə yazıb.
BU BAHAR
Bu bahar o bahara
Bənzəməz bir gilə də.
O, ayrı bir don biçib
Çiçəyə də, gülə də.
Bu yaz dərdiklərimi
Dərməmişdim keçən yaz.
Bu yaz gördüklərimi
Görməmişdim keçən yaz.
”Bahar elə bahardı” –
Kim deyirsə, düz deyil.
Nə bu yarpaq o yarpaq,
Nə bu göz o göz deyil.
İLK BAHAR KİMİ
Yaz gələndə yamaclar,
Çəmənlər gülür üzə.
Zəminin ortasında
Lalələr dönür közə.
Çiçəklər budaqlara
Səpələnir qar kimi.
Məhəbbət də gələndə
Gəlir ilk bahar kimi.
İnsan bəxtəvər olur
Xəyallara dalanda.
Arzular qönçələyir
Qəlbə sevgi dolanda.
YAŞIL IŞIQ
Ağaclara baharın
İlıq nəfəsi dəycək,
Budaqlarda yarpaqlar
Yandı yaşıl işıq tək.
Tez ol, tez ol, əzizim,
Bizi səsləyir bahar.
Açılıb meşələrin
Qoynuna gedən yollar.
YAŞIL ALOV
Yaz gəlir, tumurcuqlar
Budaqları bəzəyir.
Onlar kibrit çöpünün
Kükürdünə bənzəyir.
Bu çöllər alışanda
Çox gözəl görünəcək.
Quru meşə yamyaşıl
Alova bürünəcək
BEŞ-ON GÜNƏ
Hər tərəf qupqurudu,
Baxıram çölə, düzə.
Beş-on günəcən bahar
Qonaq gələcək bizə.
Quru otun dibindən
Yamyaşıl ot bitəcək.
Yaşıl otun qoynunda
Quru otlar itəcək.
Sanki nəsə deyəcək
Ilk bahar ürəklənib.
Yarpaqlar ağacların
Qulağımı şəklənib?
Küləklərin dilində
Bir mehriban pıçıltı.
Budaqların üstündə
Həsrət puçur-puçurdu.
Indicə günəş nənə
Hər yana nur saçacaq.
Bahar ota, ağaca
Ürəyini açacaq.
Paxıllıqdan çovğunun
Ürəyi partlayacaq.
Sevincdən ağacların
Çiçəyi çırtlayacaq…
YAZ DUMANI
Dağlara gəldi duman,
Elə bil tüldü duman.
Tüstü kimi tutsa da,
Dərəni, dağı duman,
Tüstü kimi gözümü
Göynətmir axı duman.
Əl ilə tutmaq olmaz
Çuxası boz dumanı.
Nənəm deyir: – Bərəkət
Gətirər yaz dumanı.
YAZIN BAYRAĞI
Yeri-göyü zəbt eləyib,
Qışın bəyaz qoşunu.
Qar altında novruzgülü
Itiribdir huşunu.
Mürgüləyən bənövşənin
Xəbəri yox xəbərdən.
Axıb gedən çayları da
Şaxta salıb təpərdən.
Nə qara, nə də çovğuna
Təslim olmur adamlar.
Hərəsinin ürəyində
Ilk baharın odu var…
Onlar ocaq qalayanda
Qışı tutar sancılar.
Tüstü yazın bayrağı tək
Bacalara sancılar…
YAŞIL QILINC
Xəbərin var, buğdanın
Içində ot gizlənib?
Üstünə su səpmişəm,
Göyərəcək,
gözlə bir!
İçi buğdayla dolu
İri nəlbəkiyə bax! –
Hər buğdanın içindən
Yaşıl bir qılınc kimi
Sıyrılıb ot çıxacaq…
|
ОтветитьПереслать
|

