İyul 8, 2026
Baku
Aktual Ədəbiyyat Müsahibə Xəbərlər

Rafiq Yusifoğlu – “İndi elə “şairlər”, “yazıçılar” peyda olub ki, Moşu onların yanında toya getməlidir”

 Son zamanların aktual mövzulardan  biri də Azərbaycan Uşaq Ədəbiyyatı qarşısında duran məsələlər və bununla bağlı  hazırkı problemlərdir. Gundelik.az saytı olaraq sabahın qurucuları olan uşaqların bu günkü mütailəsi, oxu vərdişi və ədəbiyyat keyfiyyəti cəmiyyətin ən ümdə məsələlərindən olduğunu hesab edirik. Bu məqsədlə çağdaş Uşaq Ədəbiyyatının görkəmli siması “Göyərçin” jurnalının baş redaktoru, görkəmli şair-pedaqoq, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlun bu haqda fikirlərini bilmək istədiki. Müsahibəni sizə təqdim edirik:

Rafiq Müəllim,  müasir  uşaq ədəbiyyatı haqqında nə deyə bilərsiniz? Bir ustad kimi, bugünkü hal sizi qane edirmi?

-Həm edir, həm etmir. İşin içində olan adam kimi bilirəm ki, indi də maraqlı uşaq ədəbiyyatı nümunələri var. Günün, zəmanənin tələbinə uyğun əsərlər yaranır da, nəşr də olunur. Lakin bu yazılanlar oxucuya çatırmı? Qabaqlar, konkret desək, bəyənmədiyimiz sovet dövründə ideoloyi tələblərə uyğun əsərlər yazılır, kitablar böyük tirajla nəşr olunur, müəlliflərə yüksək qonorar da verilirdi… Yaradıcılıq axtarışları üçün stimul var idi. Bəs indi necədi? “Yetimə can-can deyən çox olar, çörək verən az”…

Az-çox bu sahədə təmənnasız fəaliyyət göstərən, yazıb-yaradan, gücü ən yaxşı halda öz puluna az tirajla kitab çap etdirməyə çatan adamların əməyini dəyərləndirməyimiz bir yana, hələ utanıb-qızarmadan onları tənqid atəşinə də tuturuq, aşağılayırıq… Olanın, yarananın qədri bilinməyən yerdə hansı inkişafdan söhbət gedə bilər?  Öz uşaqlarına bir nüsxə “Göyərçin” jurnalı almayanlar,  abunə yazdırmayanlar nə haqq ilə uşaq yazıçılarını fəaliyyətsizlikdə ittiham edirlər?

-İstərdik ki, Rafiq Yusifoğlu ilə birgə  uşaq ədəbiyyatı problemlərinə nəzər salaq.

-Uşaq ədəbiyyatı birbaşa tərbiyə məsələsi ilə əlaqəlidir. Bütün uğursuzluqlarımızın kökündə uşaq ədəbiyyatına biganə münasibət dayanır. İndi məsələdən xəbərdar olan da, olmayan da bircə söz deyir: uşaq ədbiyyatı yoxdur. Mötəbər məclislərin birində həmin sözü təkrarlayanlara sual verdim ki, həmin prizmadan yanaşsaq, ümumiyyətlə bizdə ədəbiyyat varmı? Təbii ki, sualım sükutla qarşılandı. Ədəbiyyatın da, incəsənətin də, musiqinin də meyarı müasir zəmanədir.  “Uşaq ədəbiyyatı yoxdur” deyənlərin məntiqi ilə eyni inamla demək olar ki, indi bizdə ədəbiyyat da yoxdur, elm də yoxdur, incəsənət də, musiqi də… Lakin bu belədirmi?

Bayğı cızmaqaraları tərifləyən, bayağı musiqiləri bəyənən gəncliyin zövqünün korlanması birbaşa tərbiyə işimizin düzgün qurulmaması ilə əlaqəlidir. Həşriyyatlar öz yazıçılarımızın əsərlərinə biganədirlər, ancaq xarici yazıçıları nəşr eləyirlər. Digər tərfdən televiziyalarımızın üzdəniraq fəaliyyəti mühitində yeni nəslin milli dəyərlərimizə, soykökümüzə məhəbbət ruhunda tərbiyəsindən söhbət gedə bilərmi? Hərdən bir, kiminsə yadına düşəndə, 3 ildən, beş ildən bir uşaq ədəbiyyatına həsr olunan verilişlərdə belə bu ədəbiyyatın təbliğindən söhbət  getmir əslində. Olanı təbliğ eləmək heç kəsin maraq dairəsində deyil. Burada əsas məqsəd “yoxdur” sözünün nümayişkəranə şəkildə izharından gedir. Bu məqamda istər istəməz elin əsrlərin sınağından çıxan bir kəlamı yada düşür: “Yanan da mən, yaman da mən”…

-Rafiq müəllim, hazırki “Moşu”lara nə deyərdiniz? Şairdə nə olmalıdır?

-Moşu mənim dostumdur. Xalq artisti Valeh Kərimovu deyirəm. Həmişə gileylənir ki, Moşu həm mənim uğurum, həm də düşmənimdir. O rola çəkiləndən sonra məni heç bir rejissor ciddi rola çəkmək istəmir…

Sizin soruşduğunuz mənada “Moşu”lara nə deyim ki? İndi elə “şairlər”, “yazıçılar” peyda olub ki, Moşu onların yanında toya getməlidir. Şairdə nə olmalıdır sualının isə bircə cavabı var. İstedad. Müşfiqin anlamında isə abır-həya… “Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdi” misralarını nəzərdə tuturam. Bu mövzuda mənim “Möhtəşəm yumurta” adlı bir təmsilim var. Misraların sətiraltı qatında həmin məsələyə münasibət öz əksini tapıb.

Nə olub bu toyuğa,

Elə hey qaqqıldayır?!

Sanki leysan qabağı

İldırm şaqqıldayır…

 

Səsi tutub dörd yanı,

Dimdiyini yummur ta!

Nədi, nədi dünyaya

“Gətirib” bir yumurta…

 

Gözaydınlığı verdi

Yığılıb qonum-qonşu…

Hamı təbrik elədi

Özündən razı quşu…

 

Belə bir təklif verdi

Beçə çıxıb ortaya:

–Təqdimat mərasimi

Keçirək yumurtaya!

 

Dostun şah əsərinə

Durub baxmayaq gendən! –

Bütün toyuq-cücəni

Çağıraq qonşu hindən.

 

Özgə yumurtasında

Sanmayın ki, gözüm var.

İclasda danışacam,

Mənim xeyli sözüm var.

 

Xoruz keçdi qabağa

Özünü darta-darta:

–Siz harda görmüsünüz

Belə gözəl yumurta?

Sevinir toyuq-cücə,

Fərə-beçə fəxr edir.

Deyirlər ku, bu toyuq

Hinimizin fəxridir…

 

Növbə ilə danışır,

Cavan, qoca toyuqlar:

–Harda belə yumurta,

Harda belə toyuq var?

Təriflər yağdırırdı

Məclisi süzə-süzə:

Toyuğun sevgilisi

Kül üfürürdü gözə…

Dünyagörmüş Qızıl qaz

Elə bil ki, üşəndi. –

Doğrudanmı yumurta

Bu qədər möhtəşəmdi?

Şaqqıdadıb dişini,

Əsnəyəndə Qu quşu,

Hamı narahat oldu –

Kim çağırlb bu quşu?

Dindi iclasın sədri:

–Yoldaşlar, belə olmaz.

Bir azca sakit olun,

Söz istəyir Qızıl qaz.

Tərif deyən toyuqlar,

Üşəndilər, qorxdular.

Onun əyri boynuna,

Əyri-əyri baxdılar…

–Gedəndə ləngər vurur,

Elə bil sərxoşdu bu…

–Boynu necə uzundu,

Nə əcayib quşdu bu?!

Flaminqo dözmədi,

Od götürdü, alışdı.

Hamını yuyub sərdi,

Odlu-odlu danışdı:

–Boynum əyri olsa da,

Düz danışmaq peşəmdi.

Bu adi yumurtanın

Harası möhtəşəmdi?!

Biri bir az böyükdü,

Biri bir az xırdadı, –

Elə bir fərq görmürəm,

Yumurta yumurtadı…

Bu bir az ağdı, ancaq

Siz də ağ eləməyin!

Yumurtanı şişirdib,

Qarlı dağ eləməyin…

Həqiqət bir üzlüdü,

Baxmır yada, doğmaya.

Ya qismət hələ bundan

Cücə çıxa, çıxmaya?!

…Yaman qalmaqal düşdü,

Xoruzlandı xoruzlar.

Bir toyuğun yanında

Gör nə qədər xoruz var?

Hamısı banlayırdı

Özünü yırta-yırta…

Ayaqların altında

Qalıb sındı yumurta…

Mat-məəttəl qalmışdı

Qonaqların çoxusu. –

Bürümüşdü hər yanı

Lax yumurta qoxusu…

AYNUR TURAN 

Gundelik.az saytının təsisçi-baş redaktoru 

Gundelik.az