Müasir cəmiyyətin davamlı inkişafı bilavasitə təhsilin keyfiyyəti, pedaqoji düşüncənin səviyyəsi və müəllim amilinin düzgün dəyərləndirilməsi ilə bağlıdır. Qloballaşan dünyada sürətlə dəyişən sosial, texnoloji və mədəni proseslər təhsil sisteminin qarşısında yeni vəzifələr müəyyənləşdirir, pedaqogikanı isə yalnız bilik ötürən sahə deyil, şəxsiyyət formalaşdıran fundamental elmi istiqamət kimi ön plana çıxarır. Bu baxımdan pedaqoji yanaşmaların elmi əsaslarla təhlili, mövcud problemlərin obyektiv dəyərləndirilməsi və gələcəyə yönəlik strateji baxışların formalaşdırılması xüsusi aktuallıq kəsb edir.
Gundelik.az üçün pedaqogika üzrə fəlsəfə doktoru Oktay Səmədovla apardığımız müsahibədə müasir pedaqogikanın əsas missiyası, təhsilin cəmiyyətin inkişafındakı rolu, təlim və tərbiyənin vəhdəti, müəllim nüfuzu, eləcə də rəqəmsallaşma və fərdiləşmə fonunda pedaqoji fəaliyyətin üzləşdiyi çağırışlar elmi-nəzəri və praktik aspektlərdən şərh olunur. Müsahibə təhsil sahəsində aparılan müzakirələrə sanballı elmi mövqe və dərin pedaqoji baxış təqdim etməklə yanaşı, müəllimlik peşəsinin ictimai məsuliyyətini və strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Müsahibəni təqdim edirik:
– Sizin üçün pedaqogikanın əsas missiyası nədən ibarətdir?
Pedaqogikanın cəmiyyətin inkişafında rolu əvəzsizdir. Gələcək nəslin formalaşması, ölkənin insan kapitalının savadlı, bilikli və peşəkar kadrlarla zənginləşdirilməsi birbaşa təhsilin üzərinə düşən strateji missiyadır. Müasir pedaqogikanın əsas məqsədi yalnız bilik ötürmək deyil, özünü hərtərəfli reallaşdıra bilən, reallığı düzgün dərk edən, tənqidi düşüncə tərzinə malik və sürətlə dəyişən cəmiyyətə uyğunlaşmağı bacaran şəxsiyyətin formalaşdırılmasıdır.
Bu missiya təhsilin humanistləşdirilməsini, hər bir uşağın və gəncin unikal potensialının üzə çıxarılmasını, davamlı və fasiləsiz özünüinkişafa hazır olan savadlı, bilikli və əxlaqlı fərdlərin yetişdirilməsini nəzərdə tutur. Tədris prosesində yalnız elmi biliklərin ötürülməsi ilə kifayətlənmək artıq yetərli deyil. Əməkdaşlıq pedaqogikasına keçid, təhsilalanların fərdi xüsusiyyətlərinin, maraq və ehtiyaclarının nəzərə alınması, onların cəmiyyətə hərtərəfli inteqrasiyasının təmin edilməsi müasir təhsilin əsas prinsiplərindəndir.
Eyni zamanda, təlim-tərbiyə prosesində ümumbəşəri və milli dəyərlərin aşılanması, gənclərdə fəal vətəndaşlıq mövqeyinin və sağlam düşüncə tərzinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı, sağlam və uğurlu şəxsiyyətlərin yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların fəaliyyətinin stimullaşdırılması, eləcə də təhsilalanların müstəqil informasiya axtarışı və əldə etdikləri biliklərdən praktik istifadə bacarıqlarının formalaşdırılması müasir pedaqogikanın əsas missiyasını şərtləndirən amillərdəndir.
Bir sözlə, müasir pedaqogika biliklərə yiyələnən fərdin öz həyat yolunu şüurlu şəkildə müəyyən etmək qabiliyyətini inkişaf etdirməklə dəyərləri qoruyan və onu gələcəyə hazırlayan fundamental bir vasitədir.
– Müasir pedaqogikanın qarşısında duran əsas vəzifələr hansılardır?
Bu gün pedaqogikanın qarşısında duran vəzifələr dövrün çağırışları ilə sıx bağlıdır və müasir cəmiyyətin maraq və tələbləri nəzərə alınmadan müəyyən edilə bilməz. Ümumilikdə bu vəzifələr bir neçə əsas istiqaməti əhatə edir.
Birinci, yüksək keyfiyyətli təhsilin təmin edilməsidir. Pedaqogika uşaqların gələcək uğurlarının və bütövlükdə cəmiyyətin inkişafının təməli olan təhsilin səmərəliliyinə xidmət etməlidir. İkinci, şəxsiyyətin inkişafıdır. Hər bir fərdin ehtiyacları və xüsusiyyətləri nəzərə alınaraq onun intellektual və mənəvi inkişafına dəstək göstərilməlidir.
Üçüncü vəzifə sosiallaşmadır. Gənclərin cəmiyyətin fəal üzvlərinə çevrilməsi, sosial bacarıqlarının formalaşdırılması və ictimai həyata adaptasiyası pedaqogikanın əsas məqsədlərindəndir. Dördüncü istiqamət peşə hazırlığıdır. Təhsil sistemi gənclərin gələcək peşəkar fəaliyyətləri üçün zəruri bilik və bacarıqlarla təmin olunmasına şərait yaratmalıdır.
Bundan əlavə, pedaqoji tədqiqatların aparılması və innovasiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Təlim-tərbiyə və şəxsiyyətin inkişafı proseslərinin elmi əsaslarla öyrənilməsi yeni metod və texnologiyaların səmərəli tətbiqinə imkan yaradır və təhsilin davamlı inkişafını təmin edir.
Müasir pedaqogikanın əsas prinsipləri sırasında təhsilalanın fəallığı, təlimin sistemliliyi və müəllim-şagird əməkdaşlığı xüsusi yer tutur. Təhsilalanların prosesin passiv iştirakçısı deyil, fəal subyekti kimi çıxış etməsi, dərslərin qarşılıqlı əlaqəli şəkildə planlaşdırılması və etibarlı əməkdaşlıq mühitinin yaradılması səmərəli təlimin əsas şərtləridir.
– Bu vəzifələrin icrasında hansı çətinliklərlə üzləşirik? Bu vəziyyət pedaqogikada böhran əlamətləri yaradırmı?
Zaman dəyişir və bu dəyişikliklər cəmiyyətin bütün sahələrində olduğu kimi, təhsildə və pedaqogikada da yeni yanaşmaların tətbiqini zəruri edir. Bu proses təbii olaraq müəyyən çətinliklərlə müşayiət olunur.
Əsas problemlərdən biri təhsilin rəqəmsallaşdırılması ilə bağlıdır. Rəqəmsal texnologiyalar tədrisin keyfiyyətini və şagirdlərin fəallığını artırsa da, maliyyə və infrastruktur çatışmazlığı səbəbindən bu imkanlar bütün məktəblər üçün əlçatan deyil. Xüsusilə ucqar bölgələrdə yerləşən təhsil müəssisələrinin internetə çıxışı və texniki təchizatı ciddi problemlər yaradır. Digər tərəfdən, müəllimlərin bir qisminin müasir texnologiyalarla işləmək bacarıqlarının məhdud olması da bu prosesə maneə törədir.
Digər mühüm problem təlimin fərdiləşdirilməsidir. Şagirdlərin potensialını üzə çıxarmaq üçün fərdi yanaşma vacibdir, lakin çoxsaylı siniflərdə bu yanaşmanın tətbiqi müəllimlər üçün zaman və resurs baxımından çətinlik yaradır. Fərdiləşmə yalnız şagirdin bilik səviyyəsinin deyil, həm də tədris prosesinin özünün fərqli yollarla təşkilini tələb edir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olduqca vacibdir.
Təlim-tərbiyə prosesinin sosial-emosional aspektləri də aktual problemlər sırasındadır. Bəzi şagirdlərin məktəb mühitinə uyğunlaşa bilməməsi zehni və emosional gərginlik yaradır. Bu hallarda müəllimlərin və məktəb psixoloqlarının üzərinə böyük məsuliyyət düşür. Təəssüf ki, son dövrlərdə bu sahədə müşahidə olunan nöqsanlar cəmiyyətdə ciddi narahatlıq doğurur.
Ən mühüm problemlərdən biri isə “təlim-tərbiyə” anlayışında tarazlığın pozulmasıdır. Unutmaq olmaz ki, pedaqogika təlim və tərbiyənin vəhdətidir. Bu iki komponentdən birinin zəifləməsi cəmiyyətin gələcəyi üçün ciddi təhlükə yaradır. Məktəb yalnız bilik verməməli, eyni zamanda mənəvi və əxlaqi dəyərləri formalaşdırmalıdır.
– Sizin üçün “yaxşı müəllim” anlayışı nə deməkdir?
“Yaxşı müəllim” şagirdlərin hörmət etdiyi, həmkarlarının peşəkar və yaradıcı mütəxəssis kimi qəbul etdiyi, valideynlərin isə övladlarını etibar edə bildiyi nüfuzlu şəxsiyyətdir. O, tədris etdiyi fənni mükəmməl bilməli, elmi və metodik yenilikləri izləməli, şagirdlərində fənnə maraq oyatmağı və diqqəti idarə etməyi bacarmalıdır.
Yaxşı müəllim yalnız bilik ötürən deyil, şagirdin daxili potensialını kəşf etməsinə kömək edən bələdçidir. O, obyektiv və ədalətli olmalı, şagirdlərinə sevgi və hörmətlə yanaşmalı, davranışı və nitqi ilə nümunə göstərməlidir. Bu müəllim təkcə şagirdlər üçün deyil, həm də valideynlər üçün etibarlı örnəkdir.
– Müasir dövrdə müəllim hansı keyfiyyətlərlə səciyyələnməlidir?Hazırladı: AYNUR TURAN
Müasir müəllim nüfuzlu, bilikli, mənəvi dəyərlərə sadiq və yeniliyə açıq olmalıdır. Müəllimin nüfuzunun qorunması və yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülməlidir. “Müəllim-şagird” əməkdaşlığı ilə yanaşı, “müəllim-valideyn” həmkarlığı da gücləndirilməlidir.
Müəllim daim öz üzərində çalışmalı, müasir gənclərin maraq və ehtiyaclarını anlamalı, səbirli, nikbin və xeyirxah olmalıdır. Onun əsas məqsədi yalnız bilik vermək deyil, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasına, cəmiyyət üçün faydalı fərd olmasına töhfə verməkdir.
Gənc nəslə elmi biliklərlə yanaşı, insanlara sevgi, vətənə bağlılıq, yüksək əxlaq və nizam-intizam aşılayan müəllim təkcə bilik mənbəyi deyil, həm də inkişaf və tərəqqinin simvoludur. Bu simvola layiqli münasibət isə sağlam və gələcəyə inamla baxan cəmiyyətin əsas göstəricisidir.
Hazırladı: AYNUR TURAN
Gundelik.az

