İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Rəqəmsal vərdişlər ailə bağlarına təsir edir

Texnologiyadan şüurlu istifadə həyatımızı asanlaşdırır. Lakin onun nəzarətsiz və həddindən artıq istifadəsi həm psixi sağlamlığa, həm də ailədaxili münasibətlərə mənfi təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, bu problemin qarşısını almaq üçün ailə üzvləri arasında açıq ünsiyyət və birlikdə keyfiyyətli vaxt keçirmək böyük əhəmiyyət daşıyır.

Texnologiyanın sürətlə inkişaf etdiyi və rəqəmsallaşmanın həyatın bütün sahələrinə nüfuz etdiyi müasir dövrdə yaşayırıq. Kompüter, mobil telefon, planşet və digər rəqəmsal vasitələr gündəlik işlərimizi asanlaşdırsa da, onların həddindən artıq və şüursuz istifadəsi narahatlıq pozuntuları, depressiya, diqqət çatışmazlığı, yuxu problemləri və tükənmişlik sindromu kimi psixi və davranış pozuntularına səbəb olur.

Bəs bu cihazlardan həddindən artıq istifadə insanlara və ailədaxili münasibətlərə necə təsir edir? Valideyn-övlad və həyat yoldaşları arasındakı ünsiyyət texnologiyanın kölgəsində qalırmı? Rəqəmsal asılılığın qarşısını almaq üçün nələr edilməlidir? Valideynlər övladlarına bu sahədə necə nümunə olmalıdır?

Mövzu ilə bağlı danışan mütəxəssisin sözlərinə görə, rəqəmsal texnologiyaların həddindən artıq istifadəsi uşaqlar, yeniyetmələr və böyüklər də daxil olmaqla bütün yaş qruplarında emosional, idrak, davranış və sosial problemlərlə əlaqələndirilir. Bu problemlər arasında depressiya, narahatlıq pozuntuları, diqqət çatışmazlığı, yuxu pozuntuları və tükənmişlik sindromu xüsusi yer tutur.

Beyindəki mükafatlandırma sisteminə təsir göstərən rəqəmsal platformalar zamanla internet asılılığı, onlayn oyun asılılığı, sosial media asılılığı, ağıllı telefon asılılığı, televiziya asılılığı və digər davranış asılılıqlarının yaranmasına zəmin yaradır. Xüsusilə stress, tənhalıq və dəyərsizlik hissi yaşayan yeniyetmələr və gənclər daha yüksək risk qrupuna daxildir. İstifadə müddəti artdıqca emosiyalara nəzarət zəifləyir, insanlarda tənhalıq hissi və sosial təcrid güclənir.

Mütəxəssis bildirir ki, araşdırmalar internetdə keçirilən vaxtın artmasının insanların real həyatdan uzaqlaşmasına və sosial təcrid riskinin yüksəlməsinə səbəb olduğunu göstərir. Bu vəziyyət bəzi ölkələrdə artıq ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirilir.

Həmçinin “FOMO” – yəni yenilikləri və baş verənləri qaçırmaq qorxusu yaşayan insanlar sosial şəbəkələrdən ayrılmaqda çətinlik çəkir, telefonlarını davamlı yoxlama ehtiyacı hiss edir və zaman keçdikcə real münasibətlər qurmaqda çətinlik yaşayırlar. Onlar sevgi, diqqət və qayğını virtual mühitdə axtarmağa başlayır, üz-üzə ünsiyyətdən isə getdikcə uzaqlaşırlar.

Mütəxəssisin sözlərinə görə, uzun müddət ekran qarşısında vaxt keçirmək ailə münasibətlərinə də mənfi təsir edir. Bu vəziyyət həyat yoldaşları arasında emosional laqeydlik hissini gücləndirir, birlikdə vaxt keçirməyi, söhbət etməyi və qarşılıqlı empatiyanı azaldır. Nəticədə münasibətlərdən məmnunluq aşağı düşür, emosional məsafə artır.

Ailədə valideynlərin daim telefon və digər rəqəmsal cihazlarla məşğul olması uşaqlarda emosional laqeydlik hissi yaradır. Uşaqlar valideynlərindən həm diqqət, həm də müsbət davranış nümunəsi görmədikdə ailədaxili münasibətlər zəifləyir və bu hal zamanla daha ciddi psixoloji problemlərə səbəb olur.

Son illərdə ailə terapevtlərinə müraciət edən cütlüklər arasında “rəqəmsal laqeydlik” və “texnoloji tənhalıq” halları da artmaqdadır. İnsanların virtual ünsiyyətə real münasibətlərdən daha çox üstünlük verməsi tərəflərdə dəyərsiz və tənha olduqları hissini yaradır.

Mütəxəssis rəqəmsal asılılığın qarşısını almaq üçün bir sıra tövsiyələr verir:

Valideynlər övladlarına nümunə olmalıdır. Uşaqlar valideynlərin davranışlarını təqlid etdikləri üçün böyüklər rəqəmsal cihazlardan düzgün istifadə etməlidirlər.

Ailədaxili qaydalar müəyyənləşdirilməlidir. Yemək zamanı, yatmazdan əvvəl və ailə ilə birlikdə keçirilən vaxtlarda telefon və digər cihazlardan istifadə məhdudlaşdırılmalıdır.

Açıq ünsiyyətə üstünlük verilməlidir. Birgə fəaliyyətlər və ailə söhbətləri rəqəmsal cihazlardan asılılığı azaltmağa kömək edir.

Maarifləndirmə vacibdir. Valideynlər rəqəmsal asılılığın əlamətlərini tanımalı və ehtiyac yarandıqda mütəxəssis dəstəyinə müraciət etməlidirlər.

Sonda mütəxəssis vurğulayır ki, müasir dövrdə rəqəmsal savadlılıq zəruri bacarıq olsa da, əsas məsələ texnologiyadan nə qədər istifadə etmək deyil, ondan hansı məqsədlə və necə istifadə etməkdir. Rəqəmsal asılılıqla mübarizədə məqsəd texnologiyanı tamamilə həyatımızdan çıxarmaq deyil, ondan düzgün, balanslı və şüurlu şəkildə istifadə etməyi öyrənməkdir. Valideynlərin uşaqlarının həyatında həm fiziki, həm də emosional olaraq iştirak etməsi onların sağlam inkişafı üçün həlledici əhəmiyyət daşıyır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az