Gundelik.az Mədəniyyət və cəmiyyət Rəqəmsal dövrün yeni təhlükəsi: Beyin çürüməsi
Mədəniyyət və cəmiyyət Xəbərlər

Rəqəmsal dövrün yeni təhlükəsi: Beyin çürüməsi

Sosial mediada uzun saatlar keçirmək beynə tədricən təsir edərək diqqət çatışmazlığı, yaddaş zəifləməsi və zehni yorğunluğa səbəb olur. Mütəxəssislər bu prosesi artıq “beyin çürüməsi” (brain rot) adlandırırlar.

ABŞ-ın Boston Uşaq Xəstəxanasının tədqiqatçıları bu vəziyyəti “Problemli İnteraktiv Media İstifadəsi” kimi xarakterizə edir. Araşdırmalara görə, rəqəmsal mediadan həddindən artıq istifadə xüsusilə gənclərdə diqqətin zəifləməsinə, yaddaş problemlərinə və akademik göstəricilərin aşağı düşməsinə səbəb olur.

Sağlamlıq Elmləri Universitetinin neyropsixoloqu Merve Tuğçe Doğru bildirir ki, beyin də əzələ kimidir və güclü qalması üçün daim məşqə ehtiyac duyur. Onun sözlərinə görə, insan beynini davamlı olaraq eyni, az düşünmə tələb edən məzmunla məşğul edərsə, beyin kifayət qədər “məşq” etmir və zamanla idrak funksiyalarında zəifləmə baş verir.

Rəqəmsal asılılıq beynə necə təsir edir?

2024-cü ildə Oksford Universitetində aparılan araşdırmalar göstərib ki, beynin fasiləsiz rəqəmsal stimullara məruz qalması diqqət dağınıqlığına, zehni yorğunluğa və idrak qabiliyyətinin zəifləməsinə səbəb olur. Bundan əlavə, sosial mediadan həddindən artıq istifadə tənhalıq və depressiya riskini də artırır.

MIT-də aparılan başqa bir araşdırma isə davamlı ekran istifadəsinin beyin fəaliyyətini ləngitdiyini və empatiya hissini zəiflədə biləcəyini ortaya qoyub.

Davamlı ekran sürüşdürməyin təsirləri

Merve Tuğçe Doğru bildirir ki, sosial şəbəkələrdə fasiləsiz “scroll” etmək beynin məlumatı kodlaşdırmaq və yadda saxlamaq qabiliyyətini zəiflədir. Bunun nəticəsində planlaşdırma, təşkilatçılıq, problem həlli, qərarvermə və işçi yaddaş kimi icraedici funksiyalarda geriləmə müşahidə olunur.

“Doomscrolling” nədir?

“Doomscrolling” – sosial mediada davamlı olaraq mənfi xəbərləri izləmək və oxumaq vərdişidir. Mütəxəssislərin fikrincə, bu davranış beynin mükafat sisteminə mənfi təsir göstərir. İnsanlar mənfi məlumatları daha çox xatırlamağa meyilli olduqları üçün bu hal narahatlıq, stress və psixoloji gərginliyi artırır.

Beyni qorumaq üçün nə etmək lazımdır?

Mütəxəssislər aşağıdakı tövsiyələri verirlər:

Ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırın.

Həftədə ən azı bir gün rəqəmsal detoks edin.

Fiziki aktivliyi artırın.

Kitab oxumaq, tapmaca həll etmək və yeni bacarıqlar öyrənməklə beyni aktiv saxlayın.

Uşaqlarda və yeniyetmələrdə media savadlılığını inkişaf etdirin.

Valideynlər ekran vaxtına nəzarət etməli və uşaqlarda özünənəzarət vərdişlərini formalaşdırmalıdırlar.

Araşdırmalar göstərir ki, texnologiyadan balanslı istifadə həm idrak qabiliyyətini qorumağa, həm də psixoloji rifahı yaxşılaşdırmağa kömək edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version