Gundelik.az Mədəniyyət və cəmiyyət Qlütensiz qidalanma hər kəs üçün lazımdır?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qlütensiz qidalanma hər kəs üçün lazımdır?

Son illərdə qlütensiz qidalanma sağlam həyat tərzinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Marketlərdə “qlütensiz” etiketi ilə satılan məhsulların sayı sürətlə artır, sosial mediada isə bu qidalanma formasının arıqlamağa, həzmi yaxşılaşdırmağa və enerjini artırmağa kömək etdiyi tez-tez iddia olunur. Bəs doğrudanmı qlütensiz qidalanma hər kəs üçün faydalıdır?

Mütəxəssislərin fikrincə, qlütensiz pəhriz yalnız müəyyən sağlamlıq problemləri olan insanlar üçün zəruridir. Qlüten buğda, arpa və çovdar kimi taxıllarda olan zülaldır. Sağlam insanlarda onun qəbulunu məhdudlaşdırmağa ehtiyac yoxdur.

Ən başlıca olaraq, qlütensiz qidalanma Çölyak xəstəliyi olan şəxslər üçün yeganə effektiv müalicə üsuludur. Bu xəstəlik zamanı immun sistemi nazik bağırsağa hücum edir və qlütenin tamamilə rasiondan çıxarılması bağırsağın zədələnməsinin qarşısını alır.

Bundan başqa, bəzi insanlarda çölyak xəstəliyi olmasa da, qlütenə qarşı həssaslıq müşahidə edilir. Bu zaman şişkinlik, həzm pozğunluğu, halsızlıq və yorğunluq kimi əlamətlər ortaya çıxır. Belə hallarda diaqnoz xüsusi müayinələr və qlütenli-qlütensiz qidalanma dövrlərinin müqayisəsi ilə qoyulur.

Mütəxəssislər vurğulayırlar ki, qlütensiz qidalanma düşündüyü qədər sadə deyil. Çünki gündəlik istifadə olunan bir çox məhsulun tərkibində qlüten mövcuddur və düzgün pəhriz üçün həkim və dietoloqun məsləhəti vacibdir.

Araşdırmalar göstərir ki, sağlam insanlarda qlütensiz qidalanmanın əlavə faydası elmi cəhətdən sübut olunmayıb. Əksinə, səbəbsiz yerə qlüteni rasiondan çıxarmaq lif qəbulunun azalmasına, bəzi vitamin və mineralların çatışmazlığına, həmçinin emal olunmuş qidaların daha çox istehlakına səbəb olur. Bu isə piylənmə və ürək-damar xəstəlikləri riskini artırır.

Mütəxəssislər sağlam insanlar üçün qlütensiz deyil, balanslı və müxtəlif qidalanmanın daha doğru seçim olduğunu bildirirlər. Yalnız çölyak xəstələri və qlüten həssaslığı diaqnozu qoyulmuş şəxslərin qlütensiz pəhrizə əməl etməsi tövsiyə edilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version