Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal maliyyə bazarlarının son göstəriciləri
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal maliyyə bazarlarının son göstəriciləri

Qlobal maliyyə bazarları ABŞ-də inflyasiya ilə mübarizə siyasəti və texnologiya nəhəngi Nvidia-nın maliyyə hesabatları fonunda qarışıq istiqamətdə hərəkət edir. İndi isə investorların bütün diqqəti bu gün açıqlanacaq ABŞ artım və şəxsi istehlak xərcləri göstəricilərinə yönəlib.

Gundelik.az xəbər verir ki, ABŞ-də inflyasiya ilə mübarizənin nəticələri, eləcə də Federal Ehtiyat Sisteminin (FED) siyasəti bazarların əsas gündəm mövzularından biridir. Fed-in əsas göstərici kimi qəbul etdiyi şəxsi istehlak xərcləri qiymət indeksindən alınacaq siqnallar faiz endirimlərinə dair qeyri-müəyyənlikləri azalda bilər. Analitiklər bildirirlər ki, 2-ci rüb üçün artım göstəricisinin ötən ilin eyni dövrünə nisbətdə 3,1% artacağı gözlənilir.

Bununla yanaşı, ABŞ hökumətinin Fed-i tənqid etməsi də investorların diqqətindən yayınmayıb. ABŞ maliyyə naziri Skott Bessent Fed rəhbərliyi üçün 11 namizədin mövcud olduğunu açıqlayıb. Namizədlərin bayramdan sonra müsahibə mərhələsinə başlayacağı, yekun siyahının isə sabiq prezident Donald Trampa təqdim ediləcəyi bildirilib.

Pul bazarı qiymətləndirmələrinə görə, sentyabr ayında FED-in faizləri 25 baza bəndi endirmə ehtimalı 87% təşkil edir. Lakin ilin sonuna qədər faizlərin ümumilikdə yalnız 50 baza bəndi azalacağı proqnozlaşdırılır.

Nvidia-nın gəlirləri gözləntiləri üstələyib

ABŞ-nin çip istehsalçısı Nvidia son rübdə illik müqayisədə 56% artımla 46,7 milyard dollar gəlir əldə edib. Şirkətin gəlirləri əvvəlki rüblə müqayisədə də 6% artıb. Nvidia cari rüb üçün gəlir proqnozunu 54 milyard dollara yüksəltsə də, məlumat mərkəzlərindən əldə edilən gəlir gözləntilərin altında qalıb. Bu isə investorların risk iştahını zəiflətdi və şirkətin səhmləri hesabatın açıqlanmasından sonra 3,2% ucuzlaşdı.

ABŞ və Avropa bazarları

ABŞ-nin 10 illik istiqraz faizi 4,24%-dən 4,23%-ə qədər geriləyib. Qızılın unsiyası 3390 dollardan satılır. Dollar indeksi 98,1 səviyyəsində sabit qalıb, Brent markalı neftin bir barelinin qiyməti isə 66,8 dollara düşüb. Dünən Nyu-York birjasında S&P 500 0,24%, Nasdaq 0,21%, Dow Jones isə 0,32% dəyər qazanıb.

Avropada isə diqqət bu gün açıqlanacaq Avropa Mərkəzi Bankının (AMB) iyul iclasının protokollarına yönəlib. Protokollarda faiz endirimi ilə bağlı mesajların bazarlara ciddi təsir göstərəcəyi gözlənilir. Dünən Fransa bazarında satış təzyiqi müşahidə olunsa da, Avropa indeksləri günü müsbət bağlayıb.

Asiya və Türkiyə bazarları

Asiyada Nvidia-nın hesabatı fonunda qarışıq tendensiya davam edir. Yaponiyanın Nikkei 225 indeksi 0,7%, Cənubi Koreyanın Kospi indeksi 0,6% artıb. Çinin Şanxay Kompozit indeksi 0,2%, Honq Konqun Hang Senq indeksi isə 1,1% geriləyib. Cənubi Koreya Mərkəzi Bankı isə siyasət faizini 2,50% səviyyəsində sabit saxlayıb.

İstanbul birjasında BIST 100 indeksi dünən 1,48% azalaraq 11 359,01 bəndlə bağlanıb. Analitiklərin qiymətləndirməsinə görə, indeksdə 11 300 və 11 200 bənd dəstək, 11 400 və 11 500 bənd isə müqavimət səviyyələri kimi izlənir.

Gundelik.az 

Exit mobile version