Gundelik.az Mədəniyyət və cəmiyyət Qlobal istiləşmə arılara necə təsir edir?
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qlobal istiləşmə arılara necə təsir edir?

Fəsillərin yerinin dəyişməsi, temperaturun qəfil dəyişməsi və hava şəraitinin qeyri-sabit olması arıların həyat dövrünü ciddi şəkildə pozur. Yalançı bahara aldanaraq pətəkdən vaxtından əvvəl çıxan arılar qida tapmaqda çətinlik çəkir və xəstəliklərə qarşı daha həssas olurlar. Bu vəziyyət təkcə arıları deyil, ekosistemdəki təbii tarazlığı da təhlükə altına salır.

Arılar təbiətin əvəzolunmaz canlılarıdır. Onlar çiçəkdən-çiçəyə uçaraq bal hazırlamaq üçün nektar və tozcuq (polen) toplayır, eyni zamanda bitkilərin çoxalmasını təmin edən tozlanma prosesində mühüm rol oynayırlar. Lakin qlobal istiləşmə bu təbii dövranı pozur. Fəsillərin vaxtı dəyişir, temperatur yüksəlir, yağıntılar qeyri-müntəzəm xarakter alır. Nəticədə bəzi bitkilər vaxtından əvvəl çiçək açıb solur, bəziləri isə gec çiçəkləyir. Arılar isə bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir, bəzən kifayət qədər qida tapa bilmir, bəzən də yaşayış yerlərini tərk etməyə məcbur qalırlar.

Bəs arılar olmasa, təbiətdə nə baş verər? Bal istehsalı və ekosistem bundan necə təsirlənər? Qlobal istiləşmə arıların davranışına və həyat dövrünə necə təsir göstərir? Bu sualları Düzcə Universitetinin Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzinin direktoru, professor Meral Kekeçoğlu cavablandırıb.

Arıların davranışları dəyişir

Professor Meral Kekeçoğlu bildirib ki, aparılan elmi tədqiqatlar qlobal istiləşmənin arıların davranışına təsir etdiyini göstərir:

“Araşdırmalarımız zamanı fizioloji və ya genetik dəyişiklik müşahidə etməsək də, davranış baxımından ciddi təsirlərin olduğunu gördük. Qlobal istiləşmənin təsirlərini ultrabənövşəyi (UV) şüalar vasitəsilə araşdırdıq və müəyyən etdik ki, arılar ultrabənövşəyi şüaların intensiv olduğu ərazilərdən uzaqlaşmağa çalışırlar.”

Onun sözlərinə görə, bu o deməkdir ki, qlobal istiləşmə davam etdikcə arılar yaşadıqları ərazini tərk edərək iqlim baxımından daha əlverişli yerlərə köçəcəklər. İlk baxışdan bu ciddi problem kimi görünməsə də, əslində biomüxtəlifliyin azalmasına səbəb olur. Müxtəlif arı cinsləri və ekotipləri istiliyə, soyuğa və xəstəliklərə fərqli davamlılıq nümayiş etdirirlər. Biomüxtəlifliyin qorunması gələcəkdə iqlim dəyişikliklərinə qarşı dayanıqlığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

Yalançı bahar arıların enerjisini tükəndirir

Qlobal istiləşmə nəticəsində qış aylarında havanın qəfil isinməsi təbiətdə “yalançı bahar” təsiri yaradır. Bitkilər vaxtından əvvəl tumurcuqlayır, ağaclar çiçək açır, arılar isə baharın gəldiyini düşünərək pətəkdən çıxırlar.

Professor Kekeçoğlu izah edir ki, normal şəraitdə arılar qışda isinmək üçün “qış topası” adlanan xüsusi birlik yaradırlar. Havanın temperaturu 15–16 dərəcəyə çatdıqda isə baharın gəldiyini zənn edib uçmağa başlayırlar. Lakin çöldə nektar mənbəyi olmadığından geri qayıdırlar və bu zaman ehtiyat enerjilərini boş yerə sərf etmiş olurlar.

Zərərvericilər və xəstəliklər artır

Qlobal istiləşmə yalnız arılara deyil, onlara zərər verən həşərat və parazitlərə də təsir edir. Arıçıların ən böyük problemlərindən biri olan Varroa destructor gənəsi ilə yanaşı, isti iqlimə daha davamlı olan Nosema ceranae paraziti də sürətlə yayılır.

Bu parazit arıların bağırsaqlarını zədələyir, immun sistemini zəiflədir, onların ömrünü qısaldır və bal istehsalını azaldır.

Arılarla bitkilər arasındakı həssas tarazlıq pozulur

Qlobal istiləşmə arılarla bitkilər arasında formalaşmış təbii əlaqəni də zəiflədir. Arılar bitkiləri onların qoxusu, rəngi və formasına görə tanıyırlar. Lakin ətraf mühit dəyişdikcə bu prosesi düzgün həyata keçirə bilmirlər. Nəticədə tozlanma zəifləyir, meyvə və tərəvəz istehsalı mənfi təsirlənir.

Kütləvi arı ölümləri artır

İqlim dəyişiklikləri, qida çatışmazlığı və xəstəliklər arı koloniyalarının zəifləməsinə, hətta tamamilə məhv olmasına səbəb olur. Xüsusilə yaz aylarında polen çatışmazlığı balaca arıların inkişafını ləngidir. Arıların immun sistemi zəifləyir, sürfələr normal inkişaf etmir və nəticədə bütün koloniya tədricən məhv olur.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmənin arılara təsirinin qarşısı alınmasa, bu, gələcəkdə həm biomüxtəliflik, həm kənd təsərrüfatı, həm də ərzaq təhlükəsizliyi üçün ciddi problemlər yaradır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version