Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal bazarlarda qarışıqlıq davam edir
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal bazarlarda qarışıqlıq davam edir

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin inflyasiya ilə mübarizə və monetar yumşalma prosesinə dair ehtiyatlı açıqlamalarından sonra qlobal maliyyə bazarlarında qeyri-müəyyənlik hökm sürməkdədir.

Gundelik.az-ın məlumatına görə, Pauell Rod-Aylend ştatının Providens şəhərində çıxışı zamanı gömrük tariflərinin inflyasiyaya təsirlərinin əsasən qısamüddətli olacağını, lakin daha yüksək və davamlı inflyasiya risklərinin diqqətlə izlənəcəyini və idarə olunacağını bildirib. O, mövcud siyasət mövqeyinin hələ də “orta dərəcədə məhdudlaşdırıcı” olduğunu və iqtisadi inkişaflara çevik cavab vermək üçün əlverişli şərait yaratdığını vurğulayıb.

Fed rəhbəri inflyasiya ilə mübarizədə balanslı yanaşmanın vacibliyini qeyd edib: “Əgər çox aqressiv şəkildə yumşalsaq, inflyasiya ilə bağlı problem yarana bilər. Əksinə, məhdudlaşdırıcı siyasət uzun müddət davam edərsə, əmək bazarı zəifləyə bilər”.

Analitiklər bildirirlər ki, Pauellin açıqlamaları monetar yumşalmanın daha uzun müddətə ertələnəcəyi gözləntilərini gücləndirib. Onların sözlərinə görə, qarşıdakı dövrdə məşğulluq göstəriciləri və inflyasiya dinamikası Fed-in qərarlarına həlledici təsir göstərəcək.

FED rəhbərliyindən gələn siqnallar fonunda sentyabr ayında 25 baza bəndlik faiz endiriminə artıq “dəqiq” gözləniş kimi baxılır. Bu ilin sonuna qədər daha iki faiz azaldılması proqnozları da güclü olaraq qalmaqdadır.

ABŞ bazarları və qlobal aktivlər

Dünən Nyu-York birjasında S&P 500 indeksi 0,55%, Nasdaq 0,95%, Dow Jones isə 0,19% ucuzlaşıb. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi isə 4,12%-ə enib. Dollar indeksi 97,3 bənd səviyyəsində möhkəmlənib.

Qızıl qiymətləri rekord həddə çataraq unsiyası 3 791 dollardan yuxarı qalxıb. Brent markalı neft isə 0,3% ucuzlaşaraq 67,1 dollara düşüb.

Avropa bazarları

Avropada fond birjaları qarışıq dinamika nümayiş etdirib. Almaniya və Fransa indeksləri bahalaşsa da, Böyük Britaniyanın FTSE 100 indeksi cüzi geriləyib. Avrozona istehsal sektoru üzrə PMI göstəricisi isə 49,5-ə enərək son üç ayın minimumunu göstərib.

Geosiyasi gərginlik də investorların diqqət mərkəzindədir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini Rusiya təyyarələrinin vurulmasına çağırıb. Aİ Komissiyasının sədri Ursula fon der Lyayen isə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlandığını və LNG idxalına qadağanın gündəmdə olduğunu açıqlayıb.

Asiya bazarları

Asiya fond bazarlarında, Cənubi Koreya istisna olmaqla, artım müşahidə olunub. Çinli texnologiya nəhəngi Alibaba yeni süni intellekt modeli “Qwen3”ün açıq mənbəli versiyasını təqdim etdikdən sonra şirkətin Honq-Konq birjasındakı səhmləri 6,6% bahalaşıb.

Bununla yanaşı, “Super Tayfun Raqasa” bölgədə ciddi fəsadlar törədib. Tayvanda 14 nəfərin həyatına son qoyan təbii fəlakət səbəbindən Honq-Konqda məktəblər bağlanıb, 600-dən çox aviareys ləğv edilib.

Türkiyə bazarı

Borsa İstanbulda satışların davam etməsi ilə BIST 100 indeksi 1,19% ucuzlaşaraq 11 331 bənddə bağlanıb. USD/TRY məzənnəsi isə 41,43 səviyyəsində ticarət olunur. Analitiklər indeks üçün 11 200–11 300 bənd aralığını dəstək, 11 400–11 500 bənd aralığını isə müqavimət səviyyələri kimi göstərirlər.

Gundelik.az 

Exit mobile version